İƏT PA-nın Bakı Konfransı: Azərbaycan həqiqətləri təbliğ edildi, Ermənistan informasiya cəbhəsində zərərsizləşdirildi - ŞƏRH

İƏT PA-nın Bakı Konfransı: Azərbaycan həqiqətləri təbliğ edildi, Ermənistan informasiya cəbhəsində zərərsizləşdirildi - ŞƏRH Postkonflikt dövründə Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri də ölkə reallıqlarının beynəlxalq miqyasda və müxtəlif təşkilatlar çərçivəsində təbliği, Ermənistanın informasiya cəbhəsində zərərsizləşdirilməsidir. Artıq Vətən müharibəsindən son
Analitika
17 May , 2022 18:44
İƏT PA-nın Bakı Konfransı: Azərbaycan həqiqətləri təbliğ edildi,  Ermənistan informasiya cəbhəsində zərərsizləşdirildi - ŞƏRH

Postkonflikt dövründə Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri də ölkə reallıqlarının beynəlxalq miqyasda və müxtəlif təşkilatlar çərçivəsində təbliği, Ermənistanın informasiya cəbhəsində zərərsizləşdirilməsidir. Artıq Vətən müharibəsindən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratması heç kimə sirr deyil. Bu reallıqlar isə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində yaranıb. Artıq Azərbaycan dünyanın siyasi arenasında əsas söz sahiblərindən birinə çevrilib. Bakı isə bir sıra beynəlxalq təşkilatların mühüm tədbirlərinə ev sahibliyi etməklə dünya dövlətləri arasında mühüm rol oynadığını bir daha sübut edir.

Ölkə rəhbərliyi Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları regiondakı yeni geosiyasi reallıqlarla tanış etmək, ölkəmizin haqlı, ədalətli yanaşmasını, sülh və sabitlikdə maraqlı olmasını onlara obyektiv şəkildə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycanın mövqeyi hər zaman açıq və ədalətli olub. Eyni zamanda Azərbaycan istər regionda, istərsə də dünyada hər zaman sülhün tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Azərbaycan hökumətinin irəli sürdüyü təkliflər bunun bariz nümunəsidir.

İlham Əliyev
İlham Əliyev

Son bir il yarımda müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər, sözügedən təşkilatların təmsilçiləri ilə keçirilən müntəzəm görüşlər baxımdan son dərəcə əhəmiyyətlidir. Bu kontekstdə müsəlman ölkələrinin iqtisadi əməkdaşlıq platformasına İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Təşkilatın əsas məqsədləri üzv ölkələr arasında davamlı iqtisadi artıma nail olunması, davamlı iqtisadi inkişafının təmini, ticarətin liberallaşdırılması, ticarətin təşviqi, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi və İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Prezident İlham Əliyev 10 aparıcı müsəlman ölkəsini (Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan) birləşdirən, İslam Əməkdaşlıq Təşkilatı və BMT-də müşahidəçi statusa malik İiqtisadi Əməkdaşlıq Təşkilatı ilə iqtisadi-siyasi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının yürütdüyü siyasət, atdığı konkret addımlar, reallaşdırdığı qlobal layihələr respublikamızı müsəlman dünyasının iqtisadi konsolidasiya mərkəzlərindən birinə çevirib.

Sirr deyil ki, artıq Azərbaycan iqtisadi baxımdan dünyanın güclü ölkələri sırasındadır. Bu iqtisadi gücə isə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə nail olunub. Ölkə iqtisadiyyatının hansı gücə sahib olduğu isə həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm müharibə vaxtı, həm də müharibədən sonrakı dövrdə daha açıq şəkildə göründü. Belə ki, Azərbaycan müharibə zamanı döyüş meydanında öz hərbi gücünü bütün dünyaya göstərdi. Eyni zamanda heç bir iqtisadi asılılığının olmadığını nümayiş etdirdi. Təsadüfi deyil ki, hətta müharibənin davam etdiyi bir dövrdə Azərbaycan dövləti azad edilən torpaqlarda infrastrukturun bərpasına başlamışdı. İşğaldan azad edilən ərazilərdə abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinin sürəti Azərbaycan iqtisadiyyatının necə güclü olduğunu bir daha göstərməkdədir.

1992-ci il noyabrın 28-də İƏT-ə üzv qəbul olunan Azərbaycan təşkilat daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə respublikamız 10 müxtəlif sazişi, o cümlədən “İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş”i və “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş”i imzalayıb.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan müsəlman dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Respublikamızın həyata keçirdiyi tədbirlər təkcə İƏT ölkələri regionunda deyil, daha qlobal coğrafiyada iqtisadi tərəqqi, sabitlik və təhlükəsizliyin təminatına xidmət edir.

Rəsmi Bakı müsəlman dünyasının mənəvi birliyinin iqtisadi və siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini önə çəkir. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi, Prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışı sabitliyə, təhlükəsizliyə və dünya müsəlmanlarının bir araya gəlib qanlı qarşıdurmalara son qoyması kimi yüksək amallara xidmət edir.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin, xüsusilə Əfqanıstan, Pakistan və Türkiyənin İkinci Qarabağ Müharibəsinin ilk günlərindən Azərbaycanın haqlı mövqeyini müdafiə etmələri, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar vermələri, eləcə də postkonflikt dövründə qlobal informasiya savaşında ölkəmizə dəstəyi rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilir.

Rəsmi Bakı yaxından əməkdaşlıq etdiyi, müsəlman ölkələrini birləşdirən bu və digər təşkilatların dəstəyi ilə Ermənistanın işğalçılıq siyasətinin səbəb olduğu ağır nəticələrin, vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması, rəsmi İrəvanın ifşası istiqamətində çoxşaxəli iş aparır. Uzun illər işğal altında saxlanılmış ərazilərimizdə İslam mədəniyyətinə xas tarixi, mədəni, dini abidələrin dağıdılması və yaxud “erməniləşdirilməsi” ilə bağlı faktların İƏT-ə üzv ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılması bunun əyani göstəricisidir.

İƏT Parlament Assambleyası çərçivəsində sıx əməkdaşlığın təmini, qurumun Üçüncü Ümumi Konfransının mayın 17-də Bakıda keçirilməsi, eləcə də sədrliyin Pakistandan Azərbaycana keçməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, tarixi toplantı - Bakı Konfransı çərçivəsində Ermənistanın müharibə cinayətlərinə, xüsusən də mülki vətəndaşlar üçün ciddi təhlükə mənbəyi olan mina probleminə xüsusi diqqət çəkilib.

İƏT üzvü olan ölkələrin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxından iştirakının təmini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi