Yuxarı

Türkiyədə hakim partiyanın zəfəri - müxalifət qalib görünür - ŞƏRH

İstanbul şəhərinə seçkinin dərsləri
Bu bələdiyyə seçkiləri hakim siyasi elitaya, müxalifətə, Türkiyəni sevən və sevməyənlərə bir sıra ismarıclar verdi

Seçkilər azad, şəffaf və ədalətli keçiriləndə demokratiya qalib gəlir. Bunu martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərinə də şamil etmək olar. Bütün ziddiyyətlər küçələrə çıxmadan, vətəndaş qarşıdurması yaradılmadan, polislərlə dinc etirazçılar arasında toqquşma olmadan qanunun aliliyi çərçivəsində öz həllini tapdı. Bunu həm də Türkiyədə demokratik prinsiplərin oturuşduğunun göstəricisi saymaq olar. 

Əlbəttə, bunu İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlərə verilən səslərin və etibarsız bülletenlərin sayılması bir daha təsdiqlədi. Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səs, Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs toplayıb. Onlar arasında səs fərqi 13 min 729 səs olub. 194 min 678 seçki qutusundakı səslər sayılaraq başa çatıb. 57 milyon 93 min 410 seçicidən 48 milyon 340 min 184-ü səsvermədə iştirak edib və 46 milyon 431 min 717 səs etibarlı olub. “Cumhur İttifakı” 51,64 faiz (AKP 44,33 faiz, MHP 7,31 faiz), “Millet İttifakı” 37,57 faiz (CHP 30,12 faiz, İyi Partiya isə 7,45 faiz) səs toplayıb. Xalqların Demokratik Partiyası isə 4,24 faizlə 4-cü olub. Ümumi mənzərəyə nəzər yetirsək, hakim siyasi partiyanın 2014-cü ildə bələdiyyələrə keçirilən seçkilərdə bir qədər səs itirdiyini, əsas müxalifət partiyası CHP-nin isə səslərinin sayını artırdığını görmək olar. Çünki həmin il AKP 45,6 faiz, CHP 27,8 faiz səs qazanmışdı. 2018-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə isə AKP və CHP səslərinin sayını artırmış kimi görünür. Bu siyasi kampaniyada seçicilər səslərinin 42,56 faizini AKP-yə, 22,64 faizini isə CHP-yə vermişdi. 2018-ci ildə keçirilən prezident seçkisinin nəticələrinə görə, AKP səslərinin sayını birmənalı şəkildə artırıb. Onun namizədi Rəcəb Tayyib Ərdoğan səslərin 52,59 faiz, CHP-nin namizədi Mühərrəm İncə isə 30,64 faizini qazanmışdı. 2017-ci ildə konstitusiyaya edilən dəyişiklərlə bağlı keçirilən referendumun nəticəsi də hakim partiyaya verilən səsdə dəyişikliyin olmadığını təsdiqləyir. Dəyişikliklər paketinin təşəbbüsçüsü və müəllifi AKP olduğundan referendumda qoyulan mövzunun lehinə 51,4 faiz, əleyhinə isə 48,6 faiz səs verilmişdi. İstanbul əyaləti üzrə nəticə də AKP-nin xeyrinədir. Əyalətin 39 rayonundan 24-də hakim partiya, 14-də CHP, birində isə MHP qalib gəlib. Ankarada 25 rayon bələdiyyəsindən 19-nu hakim partiya, 3-nü CHP, 3-nü də MHP qazanıb.

Hər halda, son seçkilər və Əkrəm İmamoğlu Türkiyə tarixində xüsusi olaraq qeyd ediləcək. Buna səbəb İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədə verilən səslərlə bağlı şikayət olub. Türkiyə tarixində ilk dəfə şikayəti 1946-cı ildə Cümhurriyyət Xalq Partiyası edib. 2014-cü ilin bələdiyyə seçkilərində AKP 84 şikayət ərizəsi ilə müraciət etmiş, onlardan 7-si qəbul olunmuşdu. CHP-nin isə 44 etirazından 4-ü üzrə yoxlama aparılmışdı. Builki seçkilərdə cəmi 522 şikayət edilib. Onların 13-ü qəbul olunub. Şikayətin qəbul edilmədiyi yerlərdən biri İğdırdır. Bu bölgədə Xalqların Demokrat Partiyasının (HDP) namizədi Yaşar Akkuş 50,1 faiz səslə qalib, MHP-nin və “Cumhur İttifakı”nın namizədi İsa Yaşar Tezel isə 46,68 faiz səslə məğlub elan olunub. Bu əyalət Azərbaycan Respublikası üçün daha əhəmiyyətli sayılır. Ötən illərin təcrübəsi sübut edir ki, Türkiyə, Azərbaycan və İranın sərhəd bölgələrində HDP, yaxud terrorçu PKK-ya yaxın başqa qüvvələr qalib elan olunanda onlar Ermənistanla yaxınlıq etməyə çalışırlar. Elə ötən illərdə Qars şəhərində “İnsanlıq abidəsi” adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan abidənin tikilməsi və sonradan sökülməsi bunu təsdiqləyir. Hadisələr onu da təsdiqləyib ki, PKK yönlülərin Türkiyədə seçkilərdə qalib elan olunmaları terrorçularla Ermənistan arasında əlaqələrin güclənməsinə səbəb olur. Onlar Azərbaycanla Türkiyə arasındakı bölgələrdə yerli hakimiyyəti ələ keçirməyə səy göstərirlər. Bununla perspektivdə Azərbaycanla Türkiyə arasındakı bölgələrə nəzarət etməyə və Ermənistana arzuladıqları çıxışı əldə etməyə çalışırlar. Onların sərhədboyu fəallığı həm də terrorçuların Azərbaycana yaxın ərazidə yerləşməsinə səbəb ola bilər. Bu baxımdan, həmin bölgələrdə hakimiyyətə gələn siyasi qüvvələr Azərbaycan üçün az maraq daşımır.

Beləliklə, bu bələdiyyə seçkiləri hakim siyasi elitaya, müxalifətə, Türkiyəni sevən və sevməyənlərə bir sıra ismarıclar verdi. Hakim partiyanın İstanbul şəhərini uduzması 2023-cü ildə keçiriləcək parlament və prezident seçkiləri üçün ciddi siqnaldır. Bu, o deməkdir ki, ölkənin siyasi cəhətdən ən fəal şəhərinin seçiciləri mövcud hakimiyyətə müxalif mövqedədir. Çünki İstanbul dünyanın gözü sayılan şəhərlərdən bir olmaqla yanaşı, həm də Türkiyənin siyasi səhnəsinin mənzərəsi və təyinedicisidir. Son 5 ildə müxalifətin qazandığı səslər onların daha çox yerindəsayan olması təsirini bağışlayırdı. Ancaq İstanbul, Ankar şəhərlərini CHP-nin qazanması müxalifətin gücləndiyinin göstəricisi sayıla bilər. Bu həm də ölkə siyasətinə yeni və gənc qüvvələrin gəldiyindən xəbər verir. Odur ki, növbəti seçkilərin hakim partiyaya daha çətin olacağını da ehtimal etmək mümkündür.

Nəhayət, Türkiyənin dostları baş verənlərdən sevindi. Çünki bir daha sübut edildi ki, ölkədə diktatura, avtoritar, hərbi rejimlərin yaranması mümkün deyil. O da sübut olundu ki, hakim siyasi qüvvə demokratik prinsiplərə sadiqdir. Düşmənləri onu aşağılamq üçün Türkiyədə demokratiyanın məhv olacağını və bununla da ona hücum etmək üçün əllərinə bəhanə düşəcəyini gözləyirdilər. Bu dəfə də Cümhuriyyətin siyasi elitası onları sevindirmədi. Eyni zamanda seçkilər müsəlman ölkəsində demokratiyanın təntənəsi kimi də yadda qaldı. Türkiyə bütün müsəlmanlar və bir çox göstəricilərinə görə Qərbə yaxşı örnək ola biləcək siyasi prosesi uğurla başa vurdu. Bununla da cəmiyyətdə demokratiya bir az da dərinləşdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi