İsrailli ekspert: "Trampın Qüdslə bağlı qərarı ABŞ-ın xarici siyasəti üçün öz qapısına güclü zərbədir" - ŞƏRH

İsrailli ekspert: "Trampın Qüdslə bağlı qərarı ABŞ-ın xarici siyasəti üçün öz qapısına güclü zərbədir" - ŞƏRH "Tramp, həqiqətən də, "Putinin agenti" olsa belə, Amerikaya bundan daha çox ziyan vura bilməzdi"
Analitika
7 Dekabr , 2017 18:13
İsrailli ekspert: Trampın Qüdslə bağlı qərarı ABŞ-ın xarici siyasəti üçün öz qapısına güclü zərbədir - ŞƏRH

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Qüdslə bağlı məlum qərarı qəbul etməklə daxili siyasətdə ortodoks yəhudilərə və xristian sionistlərə bel bağlayıb.

İsrailli publisist və politoloq İsrael Şamir "Report"a bildirib ki, məhz indi belə addım atmağa heç bir zərurət yox idi: "Bunu bir neçə məqamla əlaqələndirərdim. Birincisi, Trampın stressdən özünü itirdiyini deyərdim. O, seçki kampaniyasında verdiyi vədlərin çox azını həyata keçirib. Gah Konqres, gah Senat, hətta adi məhkəmələr onun qarşısını alıb. Tramp "nə isə eləmək lazımdır" hissi ilə addım atıb".

Onun sözlərinə görə, ABŞ prezidentini belə addım atmağa məcbur edən ikinci səbəb Trampın daxili siyasətdə kursu liberal yəhudilərlə, başqa sözlə, Amerikadakı hakim yəhudilərlə dostluq axtarmaqdansa, ortodoks-yəhudilərə və xristian sionistlərə doğru dəyişməsidir.

İ.Şamir vurğulayıb ki, Trampın bu addımı ABŞ xarici siyasəti üçün öz qapısına güclü zərbədir: "Tramp, həqiqətən də, "Putinin agenti" olsa belə, Amerikaya bundan daha çox ziyan vura bilməzdi". 

İsrailli publisist həmçinin hesab edir ki, bu qərarın qəbul edilməsində amerikalı prezidentin kürəkəni Cared Kuşner mühüm rol oynayıb: "Kuşner, ümumiyyətlə, bu administrasiyada mühüm rol oynayır. Camaat Trampa səs verib, amma Kuşneri əldə ediblər. Tramp qızının istədiyi, kürəkəninin tələb etdiyi şeyləri həyata keçirir". 

Avropa İttifaqının Ağ evin bəyanatına reaksiyası məsələsinə toxunan politoloq bildirib ki, bu qərar ABŞ ilə Avropa arasında fikir ayrılığı yaradır: "Avropa İttifaqı Federika Mogerininin dilindən ABŞ ilə razılaşmalarda hədd olduğunu, bu məsələnin elə həmin həddi təşkil etdiyini bildirib".

Onun fikrincə, qərar həmçinin artıq bu hərəkəti kəskin şəkildə qınayan İordaniya kralı II Abdullanın mövqeyinə təsir göstərəcək: "Kral Abdulla ABŞ-ın Suriyadakı bazaları ilə arxa cəbhə arasında yeganə körpünü təmin edirdi".

İ.Şamir qeyd edib ki, İsrailin özündə heç kim belə ani qərar gözləmirdi: "İsrailin özündə, praktiki olaraq, bunu gözləyən insan yox idi. Əksinə, onlar bu işin uzanacağını düşünürdülər".

Son xəbərlər

Orphus sistemi