Yuxarı

İşğalçı ordunun və zəbt edilmiş ərazilərdə məcburi yerləşdirilən erməni əhalisinin vəziyyətini ən yaxşı elə Ermənistan mətbuatı əks etdirir - MƏQALƏ

Paşinyanın rabitə sistemlərindən, kəşfiyyat və müşahidə vasitələrindən danışması da gülünc görünür

Bakı. 12 sentyabr. REPORT.AZ/ Tarixi hadisələrdən zaman çox ötdükcə, real baş verənlər yaddaşlardan silindikcə, həmin hadisələr əfsanələrə çevrilir və müxtəlif uydurmalarla əhatə olunur. Bu tendensiya aprel döyüşlərindən keçən müddətdə erməni tərəfinin verdiyi açıqlamalarda da daha qabarıq əks olunub.

2016-cı ilin aprelində məğlub duruma düşən Ermənistanda siyasi liderlərdən tutmuş, ən sadə və siyasətə heç bir aidiyyəti olmayan, hərbdən belə başı çıxmayan müxtəlif peşə sahibləri “qələbə” dolu “qəhrəmanlıq” açıqlamaları səsləndirirlər. Bəzən bu çıxışlar o qədər absurd, ağılasığmaz və qeyri-real olur ki, buna cavab verməmək mümkün deyil. Nikol Paşinyan adlı “saxta müxalifətçi lider” Dağlıq Qarabağa səfərdən qayıtdıqdan sonra erməni kriminal hərbi-siyasi rejiminin uğursuzluqlarını ört basdır edən fikirlərlə mətbuatda çıxış etməsi, onun hakimiyyətdən “molodes” qazanmasına səbəb oldu. Erməni hərbçilər aprel döyüşləri zamanı işğalçı ordunun və separatçı dəstələrin “qəhrəmanlığından, alternativ rabitə vasitəlirindən istifadə edərək qələbələr əldə etmələrindən” Paşinyana o qədər nağıllar danışdılar ki, cuşa gələn deputat söhbətin nədən getməsindən anlayışı olmadan erməni ordusunun şöhrətini göylərə qaldırmağa uğursuz cəhd etdi.

N.Paşinyanın işğal altında olan ərazilərdə və qoşunların təmas xəttində gördüyü “nəhəng işlərdən”, alternativ silahlardan, rabitə sistemlərindən, kəşfiyyat və müşahidə vasitələrindən danışması da gülünc görünür. Hərbdə alternativ ifadəsi səslənəndə ilk ağıla gələn göyərçin, baraban, tonqal, dəyənək, yaba balta və s. isyifadəsi düşür. Bunlardan da min illər əvvəl istifadə edilib. Şahidi olduq ki, aprel döyüşlərində erməni ordusunun düçar olduğu uğursuzluq, məğlubiyyət, verdiyi itkilər erməni ordusunun necə “müasir” olmasını əyani nümayiş etdirdi.

Digər cinayətkar və quldur dəstəsinin başçısı Levon Mnasakanyanın erməni ordusunun “ən müasir dəhşətli silahlara malik olması”, ön xəttin ən yeni texnologiyaların istifadəsi ilə gecəgörmə cihazları və müşahidə kameraları ilə təchiz edilərək möhkəmləndirilməsi fikirləri onların əlçatmaz xülyalarından başqa bir şey deyildir. Artıq erməni xalqı çox gözəl anlayır ki, hərbi-siyasi rejim Ermənistan ordusu üçün hər ötən gün yeni silahların alınmasından və texnologiyaların tətbiqindən dəm vurmaqla yalnız özlərini aldatmaqla məşğuldur. Bu açıqlamalardan bir neçə gün sonra Ermənistanın kütləvi informasiya vasitələrində ön xətdə erməni əsgərlərin xidmətindən və cəbhəboyu zonada məcburi məskunlaşdırılan insanların həyatından bəhs edən fotoreportajlar real vəziyyətin nədən ibarət olduğunu növbəti dəfə əks etdirdi. Həmin yazılara və fotolara heç bir şərh vermədən diqqətinizə təqdim edirik.

İsa İsmayılov

Hərbi jurnalist

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi