İraqın şimalında referendum - bölgə dövlətlərinin parçalanması üçün “baş məşq” - ŞƏRH

İraqın şimalında referendum - bölgə dövlətlərinin parçalanması üçün “baş məşq” - ŞƏRH Yaxud, növbə hansı dövlətindir?
Analitika
20 Sentyabr , 2017 14:51
İraqın şimalında referendum - bölgə dövlətlərinin parçalanması üçün “baş məşq” - ŞƏRH

Bakı. 20 sentyabr. REPORT.AZ/ Yaxın Şərqdə vəziyyət daha bir neçə on il düzəlməyə bilər. Hətta vəziyyət indikindən də betər olar. Buna səbəb İraqın şimalına rəhbərlik edən Bərzani ailəsinin iddiasıdır. Terrorçu İŞİD qruplaşması öz iddiasını həyata keçriməkdə israr etdiyi kimi, İraqın bu ərazisindəki muxtar hökumət də “müstəqillik referendumu” keçirməkdə iddialı görünür.

Yerli hökumətin başçısı Məsud Bərzani bu tədbiri sentyabrın 25-də keçirməyi planlaşdırıb. Vəziyyətin mürəkkəb olduğunu daha “referendumqabağı” vəziyyətdən də müşahidə etmək olar.

Ötən gün Məsud Bərzani Britaniyanın müdafiə naziri Maykl Fellonla Ərbil şəhərinin Səlahəddin qəsəbəsində görüşüb. Həmin görüşdə “referendum” məsələsi müzakirə edilib. İngilis qonaq Bərzanidən bu tədbiri təxirə salmasını, Bağdadla danışıqlara başlamasını istəyib. Yerli hökumətin başçısı isə ona cavabında bildirib: “Dialoq da müstəqilliyə qovuşmaq üçün bir vasitədir. Bağdadın buna təminat verəcəyinə inanmıram. Ona görə də beynəlxalq təminat verilmədən sadəcə Bağdad ilə danışıqlara gedilməsi üçün referendum təxirə salınmayacaq. İraqla unitarlıqdan tutmuş federalizmədək bütün yolları birlikdə keçdik və sınaqdan keçirdik. Hamısından məyus olduq. Biz iki qonşu olaraq daha yaxşı əlaqələrin qurulmasının tərəfdarıyıq”.

İngilis qonaq “referendum”un təxirə salınması, Bağdadla beynəlxalq vasitəçilərin iştirakı ilə açıq şəkildə danışıqlara başlamasının tərəfdarı olduqlarını vurğulayıb. Maykl Fellon deyib ki, Britaniya İraqın şimalındakı yerli hökumətə hərbi yardımı davam etdirəcək.

Türkiyə, İran, İraq, Səudiyyə Ərəbistanı, Misir Məsud Bərzani hökumətinin tədbrinə qarşı çıxış edir, bunun ziyanından başqa faydasının olmayacağını onlara bildirirlər. ABŞ, Britaniya, Fransa üzdə də olsa “referendum”a qarşı çıxan dövlətlər sırasındadır.

Türkiyə qəti mövqe ortaya qoyaraq bildirib ki, bütün lazımi addımları atacaqlar. İran isə Bərzani hökumətinin bu addımını “təhlükəli və təxribatçı” adlandırıb. Həm Türkiyə, həm də İran İraqın şimalı ilə həmsərhəd əraziyə hərbi qüvvə yerləşdirib. İran “Haşdi Şabi” güclərini də ehtimal edilən əməliyyat üçün hazırlayır. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib ki, İraqın şimalı referendum nəticəsində mərkəzdən ayrılarsa, o zaman İran İraqın şimalı ilə sərhədi bağlayacaq: “İraq hakimiyyəti ilə sərhəd haqqında razılaşmamız var. İki ölkə arasındakı sərhəd xidməti də bu anlaşmaya əsasən fəaliyyət göstərir. İraqın şimalındakı hökumətin mərkəzdən ayrılması həmin bölgədəki bütün sərhəd-keçid məntəqələrinin bağlanması deməkdir”.

İraqda isə ölkənin şimalındakı hökumətin atacağı addıma qarşı bütün hüquqi addımlar atılıb.

Türkiyə və Səudiyyə Ərəbistanı Bağdadla Ərbil arasında vasitəçilik etməyə hazır olduqlarını da bildiriblər.

BMT-nin baş katibi Antonio Quterriş bildirib ki, “referendum” diqqəti İŞİD-ə qarşı mübarizə və İraqın bərpasından yayındıracaq.

Bərzani hökuməti bütün bu təkliflər qarşılığında silahlı müqavimətə hazırlıq görür.

Türkmənlərin dədə-baba yurdları olan Kərkükdə də bəhs etdiyimiz “tədbir"i keçirməyə hazırlaşırlar. İraqın keçmiş baş naziri Nuri əl-Malikinin dövründə ölkə Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş Babakir Zəbarini bu türkmən bölgəsindəki silahlıların başçısı təyin edib.

İraq parlamentinin qərarı ilə Kərkük əyalətinin valisi Nəcməddin Kərim vəzifəsindən azad edilib. O, İraqın şimalındakı yerli hökumətin rəmzinin Kərkükdə dövlətin inzibati binasının üzərindən asılmasında rol oynayıb və ərəbləri, yerli türkmənləri referendumdan sonra Kərkükdən qovmaqla hədələyib. N.Kərim Kərkükdə də “referendum"un keçirilməsinin təşkilatçılarındandır. Bundan başqa, N.Kərim terrorçu PKK qruplaşmasının üzvü olan 200 silahlını Kərkükdə hərbi bazada yerləşdirməkdə də ittiham olunur.

Heç şübhəsiz, Kərküklə bağlı məsələdə əsas söz sahibi türkmənlərdir. Kərkük əyalət məclisinin üzvü Əli Mehdi Sadik məsələyə münasibət bildirərəkən deyib: “Biz İraq türkmənləri olaraq vətənin bölünməsində iştirak etməyəcəyik. Mərkəzi hökumətin, ABŞ-ın və kürdlərin 2003-cü ildən bəri etdikləri xətalar məmləkəti bu vəziyyətə sürükləyib. Başda Kərkük və türkmən bölgələri olmaqla İraq böyük problem yaşayır. Savaş səsləri gəlir”.

“Ötən gün iki türkmən millət vəkili - Muna Qəhvəçi və Türkmən İnkişaf Partiyasının sədri Məhəmməd Sadəddin Elxanlı referendumu dəstəkləyən açıqlamalar veriblər” sualını isə Əli Mehdi Sadik belə cavablandırıb: “Onlar kürd partiyalarının qurduğu təşkilatlardır, türkmənləri təmsil edə biməzlər. Onların türkmənlər arasında etibarı sıfırdır”.

Yeri gəlmişkən, yerli müxbirlərə müsahibəsində isə Əli Mehdi Sadik İraqda müxtəlif silahlı qruplaşmaların olduğunu, türkmənlərin indiyədək belə bir qüvvəsinin olmamasından və hazırda belə bir birliyin yaranmasından danışıb: “Özünümüdafiə qüvvəsi yaratmaqda gecikdik. Bunu 2003-cü ildən sonra qurmalıydıq. Şükürlər olsun ki, gec də olsa qurmuşuq. Bu qüvvə birlik və bərabərlik içində bütün türkmənlərin təhlükəsizliyini qoruyacaq. Hər bir kəsimin qüvvəsi olduğundan türkmənlərin də olmalı idi. Şükürlər olsun ki, var”.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ məsələ ilə bağlı "Report"a açıqlamasında bunları deyib: "Ümumiyyətlə, İraqda cərəyan edən bütün hadisələr Türkiyənin beynəlxaq təhlükəsizliyini təhlükə altına qoyur. Ona görə də referendum məsələsinə çox həssas yanaşırıq. Sentyabrın 22-də Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclası keçiriləcək, qərarlar qəbul olunacaq. Türkiyə hər cür addıma qarşı alternativlər hazırlayacaq, çünki ölkənin sabitliyini qoruya bilmərik. Bizim mövqeyimiz qətidir, referendum qərarının ləğvini gözləyirik. Türkiyə nəticədən asılı olaraq kəskin addımlar atacaq". 

Türkiyənin İraqın şimalındakı yerli hökumətə qarşı sanksiya tətbiq edəcəyi gözlənilir. Türkiyə KİV-inin yazdığına əsasən, həmin sanksiyalar aşağıdakılar ola bilər: Türkiyənin Ərbildəki Baş Konsulluğu qapadılacaq, Derecik, Gülyazı, Üzümlü sərhəd qapıları İraqın şimalındakıların üzünə bağlanacaq, şimaldakı nefti Ceyhan limanından Avropaya daşıyan boru xəttinin fəaliyyətinə məhdudiyyət qoyulacaq, Ərbildən Türkiyənin Şırnak bölgəsinə çəkilən təbii qaz kəmərinin inşası ləğv ediləcək, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün kürd silahlılarına hərbi təlimlər və yardımlar dayandırılacaq.

İraqın şimalında satılan məhsulların yarısından çoxu Türkiyə istehsalıdır. Bundan başqa, Türkiyə bu bölgəyə qoyulan 5 xarici sərmayəçidən biridir. Odur ki, Türkiyə İraqın şimalına investisiya qoyuluşuna və bu bölgə ilə ticarət əlaqələrinə yenidən baxa bilər.

Türkiyə bölgədəki türkmənlərin həyatına müdaxilə ediləcəyi təqdirdə, hərbi əməliyyat da keçirə bilər.

Bölgədəki siyasi qüvvələrə yardım edənlər də yox deyil.

İraqın şimalındakı hökumətin sözügedən addımını isə İsrail açıq-aşkar şəkildə dəstəkləyir. Onlar bölgədəki hökumətə yardım edəcəklərini gizlətmirlər.

İndiki şəraitdə Rusiyanın dövlət neft şirkəti “Rosneft” İraqın şimalındakı hökumətlə birlikdə təbii qaz kəməri tikintisinə başlayacaqlarını və həmin kəməri 2019-cu ildə istismara verəcəklərini bildirib. Bu müqavilənin dəyəri bir milyard dollardır.

İraqın şimalındakı siyasi qüvvələrin referenduma münasibəti birmənalı deyil. Əvvəla, bölgədə parlament seçkiləri sonuncu dəfə 2009-cu ildə keçirilib. Mövcud parlamentin legitimliyi sual altındadır. Ona görə də bölgədəki siyasi qüvvələr Bərzani hakimiyyətini sərt tənqid edirlər. “Gorran” hərəkatı iki ildir yerli parlamenti boykot edib və onun işində iştirak etmir. Onlar Bərzanilər ailəsinin hakimiyyətdən getməsini istəyirlər. Bu hərəkat “referendum"un keçirilməsinə qarşı çıxış edir. “Gorran”la yanaşı, yerli İslam Partiyası da “referendum”a qarşıdır.

Vətənpərvərlər İttifaqı da hakim Demokratik Partiyanın bu ideyasını elə ciddi dəstəkləmir. Onun lideri İraqın keçmiş prezidenti Cəlal Talabani olub.

Bölgədə “referendumqabağı” mənzərə belədir. Yerli hökumət mövqeyindən geri çəkilmək niyyətində olana oxşamır. Terrorçu İŞİD-ə qarşı mübarizə az qala yaddan çıxıb. Bölgə yeni bir münaqişə üçün hamilədir. Onun gələn həftə “dünyaya gələcəyi” gözlənilir. İraqın şimalındakı “referendum” aksiyasını həm də bölgə dövlətlərinin ehtimal edilən parçalanması üçün “baş məşq” də adlandırmaq olar. Bu aksiya baş tutarsa, beynəlxalq aləm İraqın bir dövlət olaraq siyasi xəritəsinin dəyişməsinə göz yumarsa, o zaman belə bir sual yaranacaq: “Növbədə parçalanacaq hansı dövlətdir”.

Son xəbərlər

Orphus sistemi