​İranla razılaşma "Yaşasın Amerika!" şüarı ilə nəticələnə bilər - ŞƏRH

​İranla razılaşma "Yaşasın Amerika!" şüarı ilə nəticələnə bilər - ŞƏRH "Altılığ"a daxil olan ölkələr Vyanada olduğu kimi hər zaman bir sırada düzülsə, dünyadakı münaqişələrin həlli də asan olar
Analitika
15 İyul , 2015 17:26
​İranla razılaşma Yaşasın Amerika! şüarı ilə nəticələnə bilər - ŞƏRH

Bakı. 15 iyul. REPORT.AZ/ İranın nüvə problemi ilə bağlı "altılıq"la Tehran arasında yekun razılaşma imzalandı. İcra ediləcəyi halda iyulun 14-ü və imzalanan saziş dünya, eləcə də diplomatiya tarixinə düşə bilər. Bu anlaşma bölgədə və dünyada ciddi yerdəyişmələrin baş verməsinə və dönüşə səbəb olacaq əhəmiyyətə və dəyərə malikdir. Habelə bölgədə yeni siyasi səhnənin yaranması ilə nəticələnə bilər. Bu razılaşmanı qansız-qadasız inqilabın baş verməsinin nəzəri əsasları da saymaq olar.

Öncə 159 səhifəlik razılaşmadan bir neçə məqamı diqqətinizə çatdırmaq istərdik:

- İran atom silahı əldə etmək üçün bütün fəaliyyət və ya cəhdlərdən imtina ilə bağlı üzərinə öhdəlik götürüb;

- İran Ərakdakı nüvə obyektində plutonium istehsal etməyəcəyi və bu obyektin dinc məqsədlər üçün fəaliyyət göstərəcəyinə dair öhdəlik götürüb. Müəssisədəki sentrifuqalarda səhiyyə və sənaye sahələri üçün izotoplar istehsal edəcək;

- BMT Təhlükəsizlik Şurası İslam Respublikasına qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edir, eləcə də bəlli məsələ ilə bağlı İrana qoyulan çoxtərəfli və milli yasaqlar, o cümlədən ticarət, texnologiya, maliyyə və energetika sahələrindəki qadağalar aradan qaldırılır;

- Avropa İttifaqı və SWIFT-in İrana bank əməliyyatları, ödəniş və sığorta sistemi üzrə tətbiq etdiyi sanksiyalar ləğv edilir;

- İran 25 il ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə cavab verən məlumatları təqdim edəcək və nüvə obyektlərində müfəttişlərin monitorinq aparmasına imkan verəcək;

- İran müfəttişləri hərbi obyektlərinə buraxmağa razılıq verib;

- İran nüvə partlayıcı qurğular hazırlamayacağını, eləcə də uran və plutoniumdan metallurgiyada istifadə etməyəcəyini boynuna götürüb;

- Yaxın 15 il ərzində Tehran yeni ağır su reaktoru tikməməyi öhdəsinə götürüb;

- İran yaxın 8 il ərzində U-235 izotopunu məhdud - 3,67%-də zənginləşdirəcəyinə razılıq verib;

- İran uranı 15 il müddətinə də 3,67% zənginləşdirməyəcəyini, habelə Nətənz və Fordodakı nüvə obyektini texnoloji mərkəzə çevirməyi öhdəsinə götürüb;

- İrana qarşı silah embarqosu 5 il ərzində qüvvədə qalacaq. İslam Respublikasına silah tədarükü yalnız BMT Təhlükəsizlik Şurasının nəzarəti altında edilə bilər;

- İrana ballistik raket texnologiyasının idxalı ilə bağlı tətbiq edilən embarqo yaxın 8 il ərzində qüvvədə saxlanılıb;

- Avropa İttifaqı nüvə proqramı üzrə razılaşmanın şərtlərinə əməl edəcəyi halda İran neftinə qoyduğu sanksiyanı ləğv edəcək;

- Razılaşmanın qüvvədə olacağı 15 il ərzində İran tərəfi şərtləri pozarsa, sanksiyalar avtomatik olaraq tətbiq ediləcək;

- Anlaşmanın icrasına "altılıq", Avropa İttifaqı və İran təmsilçilərindən ibarət 8 nəfərlik komissiya nəzarət edəcək və s.

Yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi gözlənilir. Həmin qərar qəbul edildikdən 90 gün sonra razılaşma qüvvəyə minəcək.

Sənəddən gətirilən çox az örnəklərdən göründüyü kimi, İran hakimiyyəti üzərinə çox ciddi öhdəliklər götürüb.

Bu razılaşma İran hakimiyyəti üçün həm də etibar və etimad qazanmaq naminə çox gözəl fürsətdir. Çünki mövcud olduğu 36 ildə İslam Respublikası terrorçuluğu dəstəkləmədiyini, habelə nüvə silahı hazırlamadığını vurğulayır.

İran hakimiyyətinin yaranmış fürsəti dəyərləndirməsi üçün hələ vaxtı var. Nüvə və kütləvi qırğın silahları ilə bağlı məsələ İraqda Səddam Hüseyn, Suriyada isə Bəşşar Əsəd rejimlərinin dağılmasına səbəb olub.

Bu baxımdan ehtimal etmək olar ki, ABŞ-la İran təmşilçiləri arasında ikitərəfli görüşlərdə nüvə proqramından başqa məsələlərə də toxunulub. Nəzərə almaq lazımdır ki, məlum problemin həlli prosesə Ağ ev nümayəndələri qatıldıqdan sonra daha da sürətləndi. Bu isə onu göstərir ki, Vaşinqtonla Tehran arasında başqa razılaşmalar da var.

Bununla bağlı bir neçə ehtimal irəli sürmək olar:

- Tehrandakı hakimiyyət qonşu və bölgə dövlətlərində baş verən çevrilişlərin xarakterini bilməmiş deyil. Hələ İraqda və Suriyada hadisələr baş verməmişdən öncə Tehran rəsmiləri ABŞ-ın İrandakı mövcud hakimiyyəti devirəcəyindən narahat olduqlarını dəfələrlə dilə gətiriblər. Ağ ev nümayəndələri isə Vaşinqtonun belə istəyinin olmadığını bəyan edirdi. Ötən ay ABŞ prezidenti Barak Obama İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyiyə növbəti məktub göndərib. Həmin məktubun İranın nüvə probleminə aid olduğu haqda xəbərlər yayılmışdı. Ancaq bütün bunlar iki tərəf arasında vəziyyətin mülayimləşməsinin göstəricisi kimi də sayıla bilər. Bu baxımdan İranın mövcud hakimiyyətin devrilməyəcəyi haqda ABŞ-dan təminat aldığını da ehtimal etmək mümkündür.

- ABŞ isə İrandan bölgədəki hadisələrin normallaşmasına dəstək verməsini, yaxud terrorçu qüvvələrə yardım etməməyi istəyə bilər. Məsələn, Suriyadakı Bəşar Əsəd hökumətinin dəstəklənməsindən əl çəkməsini, yaxud İŞİD-ə qarşı mübarizədə fəallığı artırmağı, Yəməndəki proseslərə təsir etməyi və s. Tehran qarşısında şərt qoya bilər.

- Rusiya məsələsində də tərəflərin anlaşacağı ehtimalı nəzərdən qaçırılmayacaq məqamlardandır.

- İrana perspektivdə ABŞ-ın bölgə üzrə müttəfiqi rolu da verilə bilər. Nəzərə almaq lazımdır ki, 1953-cü ildən 1979-cu il inqilabınadək İran Vaşinqtonun bölgədəki jandarmı və müttəfiqi olub.

İrandan nüvə proqramından başqa tələb edilən digər məsələ isə heç şübhəsiz insan haqlarının qorunması, ictimai-siyasi islahatlardır. Çünki ABŞ 2010-cu ildə İranın bir qrup dövlət rəsmisinə insan haqlarını pozduğu üçün sanksiya tətbiq edib.

Növbəti məsələlərdən biri İranın başlıca siyasi-ideologiyası olan "Amerikaya ölüm!" şüarıdır. Tehran bundan imtina edəcəkmi?! Yaxud "Yaşasın Amerika!" deyiləcəkmi?!

Yeri gəlmişkən, beynəlxalq ictimaiyyətin vasitəçilərinin küskün halda olan İsrailin də könlünü almağa çalışacağı istisna edilmir. Axı, ABŞ istisna olmaqla, İran "altılıq" dövlətlərindən heç birinə ölüm qarğışı eləmir. Nəinki "İsrailə ölüm!" şüarı irəli sürülür, hətta bu dövləti yer üzündən siləcəklərini hər addımbaşı təkrarlayırlar. 

Dünyanın marağında olan başlıca məsələlərdən biri də neftin ucuzlaşmasıdır. İranın texnoloji imkanları və sanksiyaların ləğvi qiymətlərin belə tezliklə düşməyəcəyini ehtimal etməyə əsas verir. Düzdür, Tehran sanksiyalar ucbatından uzun illərdir az neft hasil və ixrac etdiyini, həmin dövrdə dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün bu istiqamətdə fəaliyyətini gücləndirəcəyini açıqlayıb. Hətta bununla bağlı OPEK-ə müraciət də edib.

Beləliklə, dünyada yeni bir müharibə ocağı açılmadan söndürülür, yaranmış və ya yaradılmış problem öz həllini yaxın zamanda tapa bilər. Odur ki, "altılığ"a daxil olan ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya Vyanada olduğu kimi hər zaman bir sırada düzülsə, dünyadakı münaqişələrin həlli də asan olar.

Son xəbərlər

Orphus sistemi