​İranla razılaşma - bölgədə yeni siyasi-iqtisadi şəraitə doğru - ŞƏRH

​İranla razılaşma - bölgədə yeni siyasi-iqtisadi şəraitə doğru - ŞƏRH Bu razılaşma həm ABŞ, həm Avropa, həm də İranın maraqlarını təmin edə bilər
Analitika
3 Aprel , 2015 10:49
​İranla razılaşma - bölgədə yeni siyasi-iqtisadi şəraitə doğru - ŞƏRH

Bakı. 3 aprel. REPORT.AZ/ İranın nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətləri ilə bu ölkə arasında razılıq əldə olunub.

Razılaşmaya görə, İran 10 il müddətinə atom-nüvə sahəsində fəaliyyətini məhdudlaşdıracaq. Bunun qarşılığında BMT İrana qarşı sanksiyaların tədbiqini dayandıracaq.

Yaxın və Orta Şərqdə baş verənlər fonunda bu hadisənin bölgə, eləcə də dünyanın iqtisadi-siyasi durumu üçün müəyyən uğur saymaq olar. Çünki Əfqanıstan, İraq, Suriya və Yəmənin ardınca daha bir Orta Şərq ölkəsində savaşın başlanması bölgə və Avropa dövlətlərinə əlverişli deyildi. Anlaşma həm də İranla gələcəkdə baş verə biləcək birbaşa silahlı münaqişədən yayınmaq deməkdir.

Razılaşma tərəfləri qane edən səmərəni verərsə, bu zaman yaxın gələcəkdə bölgədə siyasi və iqtisadi müttəfiqlərin dəyişməsi baş verə bilər. Ona görə də perspektivdə Yaxın və Orta Şərqdə yeni oyun qaydalarının və şəraitinin yaranacağı ehtimalı xeyli artır.

Bu razılaşma həm ABŞ, həm Avropa, həm də İranın maraqlarını təmin edə bilər.

Maraqları təmin edəcək amilləri aşağıdakı kimi sıralamaq olar:

- ABŞ bölgədə yeni müttəfiq qazana, yaxud köhnə müttəfiqi ilə münasibəti bərpa edə bilər;

- Avropa neft-qaz ehtiyacını təmin etmək üçün yeni bir mənbə əldə edəcək;

- İran yaranmış vəziyyətdən istifadə edərək, iqtisadiyyatını inkişaf etdirə bilər.

Razılaşma dünya bazarında neftin bahalaşacağı ehtimalını da azaldır. Səudiyyə Ərəbistanı Yəməndəki olaylara birbaşa cəlb edildiyindən dünya bazarında onu əvəzləyəcək neft dövləti İran ola bilər.

Bir məsələyə də diqqət çəkmək istərdik.

Hələ 2002-ci ildə Avropa İttifaqı İranla iqtisadi əməkdaşlığın bərpa edilməsi üçün danışıqlara başlamaq istəyəndə, ABŞ və İsrail birlik dövlətlərini qınadılar. Onlar bildirdilər ki, Aİ-nin İranla bu yöndə danışıqlara başlaması "İslam Respublikasında insan haqlarının pozulmasına mənfi" və "Tehranın atom-nüvə proqramının inkişafına müsbət təsir göstərəcək". Aİ isə qınaqlar qarşılığında bu məsələləri davamlı surətdə danışıqlar prosesində İrana xatırladacağını bəyan etdi.

Odur ki, hadisələrin inkişafı və əldə olunan nəticə Aİ-yə haqq qazandırmaq imkanı verir.

Bundan başqa danışıqlar prosesinə uzun müddət ABŞ dövlət katibi səviyyəsində birbaşa  qoşulmurdu. Son iki ildə Ağ evin xarici siyasət idarəsi başçısının danışıqlar prosesinə fəal şəkildə qoşulması da razılaşmanın sürətlənməsinə müsbət təsir göstərib.

Odur ki, danışıqlarda razılığın əldə edilməsi Avropa İttifaqının daha tədbirli olmasını, ABŞ-ın bu tip məsələlərdə proseslərə daha güclü təsir etmək imkanının olduğunu təsdiqlədi.

Bəs, İrana təzyiq imkanları qalıbmı? Demək olar ki, bu həmişə var və olacaq. Konkret olaraq, ABŞ və İsrail tərəfindən bu təzyiqlər qalmaqdadır. ABŞ bildirib ki, razılaşmanın müddəaları yerinə yetilməyənədək İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. İsrail isə atom-nüvə məsələsində razılığın əldə edilməsini özü üçün təhdid sayır. Bu yolla o, İranla razılaşamaya nəzarət edə və Aİ-yə təsir göstərə bilər.

Razılaşmanın əldə olunması ilə Yaxın Şərqdə gedən silahlı münaqişələrin Azərbaycan sərhədlərinə yaxınlaşmasının qarşısının alınmasını da bütün mənalarda qaneedici və müsbət hadisə saymaq olar.

Beləliklə, İranın atom-nüvə proqramı ilə bağlı razılaşma ümidverici hadisədir. Onun siyasi cəhətdən müsbət nəticələri isə yaxın bir neçə ayda görünə bilər. 

Son xəbərlər

Orphus sistemi