​İran - Azərbaycan: Sanksiyaların qaldırılması yeni iqtisadi şərait yaradır - ŞƏRH - AUDİO

​İran - Azərbaycan: Sanksiyaların qaldırılması yeni iqtisadi şərait yaradır - ŞƏRH - AUDİO Sanksiyaların aradan qaldırılması İslam Respublikasının Azərbaycanla daha sıx əməkdaşlıq etməsi üçün zərurət yaranıb
Analitika
19 Yanvar , 2016 16:22
​İran - Azərbaycan: Sanksiyaların qaldırılması yeni iqtisadi şərait yaradır - ŞƏRH - AUDİO

Bakı. 19 yanvar. REPORT.AZ/ İrana qarşı sanksiyaların götürülməsinin İslam Respublikasının qonşu dövlətlərlə iqtisadi əlaqələrinə yardım edəcəyi və əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyi ehtimalı çoxdur. Heç şübhəsiz, İran üçün ən etibarlı tərəfdaş Türkiyə və Azərbaycan sayıla bilər.

Azərbaycanın qonşuları Rusiya və İranla münasibətlərinin qaydasında olması Tehran üçün yeni imkanlar açır. Əslində beynəlxalq sanksiyalar dövründə də Azərbaycan İranla əməkdaşlığına görə az təzyiqlərə məruz qalmayıb. Odur ki, beynəlxalq aləmdə İslam Respublikası ilə yeni münasibətlər kontekstində Tehranın rəsmi Bakı ilə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirəcəyi ehtimalı az deyil.

Azərbaycan İran üçün hansı sahələrdə önəmli ola bilər?

Azərbaycandan bir sıra nəqliyyat və energetika xətləri keçdiyindən tranzit baxımdan ölkənin İslam Respublikası üçün əhəmiyyəti böyükdür.

Bununla bağlı bəzi proqram və layihələrdən qısa da olsa bəhs etmək istərdik.

Azərbaycan TRASEKA proqramının əsas fiqurlarındandır. Bu proqramın daimi katibliyi Bakıda yerləşir. 2001-ci il fevralın 21-də TRASEKA-nın daimi katibliyinin ofisinin açılışı mərasimindəki çıxışında ümummilli lider Heydər Əliyev bunları demişdi: "Avropa İttifaqının çoxşaxəli, çoxtərəfli fəaliyyəti vardır. Birinci növbədə, Avropa İttifaqı ona daxil olan ölkələrin daha da sıx əlaqə qurması və inkişaf etməsi problemləri ilə məşğuldur. Eyni zamanda, Avropa İttifaqı onun tərkibində olan ölkələrdən kənara çıxaraq, dünyanın başqa hissələrinə də öz marağını göstərir. Bu baxımdan təxminən 1992-1993-cü illərdə yaranmış TRASEKA proqramının böyük əhəmiyyəti vardır... İndi artıq sizdə də, bizdə də - hamıda qəti bir fikir var ki, TRASEKA proqramı, böyük İpək Yolunun bərpa edilməsi bu gün üçün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaqdır".

Bu baxımdan İran da adıçəkilən proqrama fəal şəkildə qoşula bilər.

Ötən ilin dekabrında Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, bu xətt üzrə Azərbaycan dəmir yolları İran dəmir yolları şəbəkəsi ilə əlaqələndiriləcək, Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə Azərbaycan ilə İran dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi "Azərbaycan Dəmir Yolları" QSC-yə həvalə edilib. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti isə dəmiryolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin edəcəklər.

Dəhliz üzrə əsas daşımalar Rusiya ərazisində Buslovskaya – Sankt-Peterburq – Moskva – Ryazan – Koçetovka – Rtişevo – Saratov – Volqoqrad – Həştərxan istiqamətində dəmiryolu ilə buradan isə İrana qədər 3 əsas marşrut üzrə həyata keçirilir. Onlardan bir də Qərb marşrutudur - Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, oradan isə tikintisi davam etdirilən Astara – Rəşt – Qəzvin yeni dəmiryolu vasitəsilə İran dəmir yollarına birləşir.

Azərbaycanın tranzit ölkəsi kimi əhəmiyyəti ilə bağlı Dünya Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Larisa Leşçenko "Report"a bildirib ki, hazırki durumda İranın Rusiya və Şimali Avropa ilə ticarət əlaqələrinin genişlənəcəyi gözlənilir: "Azərbaycanın şimal-cənub dəhlizinin yenidənqurulması hələ tam başa çatmayıb. Məsələn, Bakıdan İran sərhədinə doğru gedən yolun bir qismi yenidən qurulsa da, şossenin xeyli hissəsinin vəziyyəti qənaətbəxş deyil. Qeyd etmək lazımdır ki, İranın şimal regionları ölkənin daha çox sənayeləşmiş hissələridir və bu baxımdan onların Rusiya və Şimali Avropa ilə ticarət əlaqələrinin genişlənəcəyi gözlənilir. Azərbaycan isə bu istəqamətdə ən qısa tranzit marşrutudur. Bu marşrutun tam miqyasda istifadə edilməsi üçün infrastruktur problemləri aradan qaldırılmalıdır. Bu məqsədlə hətta zəruri olarsa, kreditlər də götürmək olar. Təbii ki, nəzərə almaq lazımdır ki, zəruri işlərin yekunlaşdırılması vaxt tələb edir". L.Leşçenko vurğulayıb ki, ticarət daha asan və ucuz marşrutlar axtarır və əgər Azərbaycan bu şəraiti yaradarsa, o zaman tranzit axınlarının bir hisssəsini əldə etmiş olacaq.

İran Azərbaycan vasitəsilə neft və təbii qazını Avropa bazarlarına çıxarmaq imkanları əldə edir.

Yeri gəlmişkən, 2014-cü ilin avqustunda SOCAR-ın mütəxəssislərindən ibarət qrupunun İrana səfəri çərçivəsində bu ölkənin Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPCO) ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, neft-qaz sənayesində əməkdaşlığın genişləndirilməsi məqsədilə vaxtaşırı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması zəruri hesab edilib.

Ötən ilin payızında isə İranın KEPCO şirkətinin geologiya, geofizika, geodeziya, qazma və hasilat üzrə aparıcı mütəxəssisləri Azərbaycana səfər ediblər. Səfər zamanı iki ölkə uzun fasilədən sonra neft-qaz yataqlarının axtarışı və işlənməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Sanksiyalardan sonra İranın karbohidrogen daşıyıcıları yataqlarına Azərbaycanın iş adamlarının sərmayə qoyması üçün də şərait yaranacağı və əksinə əməkdaşlıq gözlənilir.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ABŞ və Avropa İttifaqının İrana qarşı tətbiq etdikləri sanksiyaların aradan qaldırılmasını iki ölkə arasındakı əlaqələrə təsirini şərh edərkən deyib ki, sanksiyalar ləğv ediləndən sonra əlaqələri daha sürətlə inkişaf etdirə bilərlər: "Hesab edirəm ki, nüvə razılaşmasının gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsirlərini görə biləcəyik".

Azərbaycan tranzit ölkə kimi İran istehsalı olan kənd təsərrüfatı mallarının Rusiyaya ixrac olunmasında da aparıcı mövqeyə malikdir.

Sanskiyalar İranın Azərbaycandakı banklarının fəaliyyətinə müəyyən çətinlik yaratmışdı. Yasaqlar götürüldükdən sonra İranın Azərbaycanla maliyyə sahəsində fəaliyyətinə də yeni imkanların açılacağı gözlənilir.

Beləliklə, sanksiyaların aradan qaldırılması İslam Respublikasının Azərbaycanla daha sıx əməkdaşlıq etməsi üçün zərurət yaradıb, bu əməkdaşlıq nəticəsində isə Azərbaycanın tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq. Ehtimal edək ki, rəsmi Tehran qonşularla münasibətdə əvvəlki yanlışlıqları təkrarlamayacaq və yaranmış şəraitdən iki dövlətin maraqlarınını təmin olunmasında istifadə edəcək. Belə bir vəziyyətdə isə Azərbaycanla İran arasında yeni iqtisadi əməkdaşlığın başlanacağı da istisna olunmur. Bunun üçün isə qarşı tərəfin eyforiyaya qapılmayacağı əsas şərt sayıla bilər.

Son xəbərlər

Orphus sistemi