Yuxarı

​Həsən Ruhaninin səfəri - Avropalıların marağı və "hicablı" heykəlləri - ŞƏRH - AUDİO

Bütün bunlar İrana sərmayə qoyulandan və tərəflər bu istiqamətdə əməkdaşlığı genişləndirəndən sonra daha aşkar görünməyə başlayacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ İran Yaxın Şərqin təbii sərvətlərlə ən zəngin ölkəsidir. Nefti, təbii qazı, kürüsü ilə yanaşı, ölkənin Savalan, Qaradağ, İsfahan kimi turizm zonaları də var. Odur ki, İrana qarşı sanksiyaların götürülməsi qarışıq və sabitliyinə az etimad edilən Yaxın Şərqdə yeni bazarın açılması ehtimalını artırıb.

1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Avropanın qapılarını ilk dəfə islahatçı xətt tərəfdarı sayılan prezident Məhəmməd Xatəmi açıb.

Ölkənin indiki prezidenti Həsən Ruhaninin İtaliya və Fransaya səfəri bir sıra məziyyətlərinə görə onun qitəyə ziyarətini xatırladır. Çünki Ruhani də Xatəmi kimi islahatçı 

qanadın təmsilçisi sayılır. Ancaq indiki prezident yeni keyfiyyət halına keçmək istəyən İranı təmsil etdiyindən, vəziyyət avropalıların İslam Respublikası təmsilçilərinə yanaşmasında fərqlidir.

Həsən Ruhani 4 gün Avropada olub və səfəri bu gün başa çatıb.

İtaliya və Fransa ziyarətində İran prezidentini ölkəsinin rəsmi nümayəndələri ilə yanaşı, çoxsaylı iş adamları da müşayiət edib. Bu, səfərin mahiyyətinin göstəricilərindəndir. Başqa sözlə, rəsmi Tehran Avropada özünü təbliğ edir, həm də şirnikləndirici vədlər verir, 37 il ərzində itirdiyi etimadı qazanmağa səy göstərir.

İran prezidenti Həsən Ruhani İtaliyaya səfəri zamanı təqribən 17 milyard dollar həcmində müqaviləyə imza atıb. Fransada da "Airbus" şirkəti ilə İran arasında 100-dən çox təyyarənin alınmasına dair 22 milyard avroluq saziş və bir sıra mühüm sənədlər imzalanıb.

H.Ruhani də Avropaya əliboş getməyib. Neftin ucuzlaşdığı bir zamanda Tehran Avropa ölkələrinə neftin bir barelinin qiymətində 6,55 ABŞ dolları məbləğində endirim etməyə hazır olduğunu bildirib. Məlumata görə, Səudiyyə Ərəbistanı hazırda Avropa ölkələrinə nefti 4,85 dollar endirimlə satır. Bundan başqa, İran iki ildən sonra Avropaya təbii qaz ötürəcəyini də vəd edir.

Ancaq bütün bunların həyata keçməsi üçün başqa sahələrlə yanaşı, İslam Respublikasının neft-qaz sənayesinin də xarici sərmayələrə böyük ehtiyacı var. Bir müddət öncə ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, İranın 500 milyard dollarlıq xarici sərmayəyə ehtiyacı var. Həsən Ruhani isə bir müddət öncə ölkə iqtisadiyyatına investisiya qoymaq üçün 50-60 milyard dolar kapitallarının olduğunu bəyan etmişdi. Başqa sözlə, 37 illik qapalı olması nəticəsində çoxsaylı problemlərlə üzləşən İran iqtisadiyyatı xarici sərmayə gözləyir. Həsən Ruhaninin səfərinin başlıca məqsədi də avropalı iş adamlarını ölkəsinə dəvət etmək, onlarla iş qurmaqdır.

Romadakı mətbuat konfransında Ruhani ABŞ-a da mesaj yollayıb: "Sanksiyaların qaldırılması İran-ABŞ münasibətlərindəki problemləri həll etmir. Biz ABŞ-la münasibətlərin tamamilə bərpa olunacağına ümid edirik". Onun sözlərinə görə, iki ölkə arasındakı gərginliyin aradan qaldırılması Tehrandan deyil, Vaşinqtondan asılıdır. İran prezidenti sanksiyaların ləğvindən sonra ABŞ-dan mülki təyyarə almalarının, bu ölkəyə xalça, püstə və başqa yerli məhsullar satmalarının mümkün olacağını söyləyib.

O, ABŞ şirkətləri ilə ortaq məhsul istehsal etməyə və amerikalıların sərmayələrini qəbul etməyə hazır olduqlarını vurğulayıb.

İslam Respublikası hökumət başçısının səfəri ölkəsi üçün iqtisadi əhəmiyyətiylə yanaşı, sosial, siyasi və mədəni yöndən az maraq kəsb etməyib.

Avropalılar da özlərini İrandan ötrü susamış kimi aparırlar. Məhəmməd Xatəmini Fransa çox təmtəraqla qarşılamışdı. Ancaq səfər zamanı onun şərəfinə verilməsi nəzərdə tutulan nahar süfrəsində olacaq çaxıra görə yemək təxirə salınmışdı. Onda rəsmi Tehranın inadına baxmayaraq, fransızlar protokolda nəzərdə tutulduğunu bildirərək iranlı qonaqların istəklərini təmin etməmişdilər.

Həsən Ruhaninin səfəri zamanı isə avropalılar İran tərəfinin könüllərini xoş etməyə çalışırlar.

İtaliyada tarixi muzeydə heykəllərin üzərinin örtülməsi məsələsi daha çox hay-küy yaradıb. Həsən Ruhani məsələyə aydınlıq gətirərək bildirib ki, İran tərəfi İtaliya muzeylərindəki heykəllərin üzərinin örtülməsini tələb etməyib: "Ancaq bu incə davranışa görə təşəkkür edirik. İtalyanların qonaqsevər olduğunu bilirəm. Qonaqların özlərini rahat hiss etmələri üçün zəhmət çəkən insanlar sağ olsun".

Yanvarın 31-dən etibarən Dünya Banklararası Maliyyə Əlaqələri (SWIFT) sistemi də İranda fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu şəbəkə 3 il öncə İslam Respublikasında fəaliyyətini dayandırmış, İranın 30 bankının sistemdəki işinə blik qoyulmuşdu.

Əvvəllər İrandakı hicabı tənqid edən, bunu insan haqları məsələsi ilə əlaqələndirənlər Avropa heykəllərinə də "hicab" geyindirir.

Həsən Ruhani Fransada İrandakı hakimiyyətə müxalif olan və baş qərargahı Parisdə yerləşən Xalq Mücahidləri Təşkilatı təmsilçilərinin etirazı ilə də qarşılanıb.

Bu arada bir haşiyə çıxmaq istərdik. 2002-ci ildə Avropa İttifaqı İslam Respublikası ilə danışıqlara başlamaq haqda razılıq əldə etmişdi. Onda ABŞ və İsrail avropalıları 

qınayaraq, İranın insan haqlarını pozduğunu və şübhəli nüvə proqramı həyata keçirdiyini bildirmişdi.

Ona görə də İranla əməkdaşlıqda bu iki məsələnin unudulmayacağı istisna edilmir.

Heç şübhəsiz, avropalıların Həsən Ruhaniyə anlayışla yanaşması (İtaliyada heykəllərin örtülməsi, Fransada çaxırsız şərəf naharının verilməsi) daha çox İran bazarına daxil olmaq cəhdidir. Bu, sanksiyalar dövrü ilə bağlı İslam Respublikasından müəyyən mənada üzrxahlıq cəhdidir.

Bütün hallarda "heykəl"lərə hicab geydirməklə olsa da Avropa İranın xoşuna gəlməyə çalışır. Deməli, tərəflər arasında başqa güzəştlərin də olacağı gözləniləndir. Bütün bunlar İrana sərmayə qoyulandan və tərəflər bu istiqamətdə əməkdaşlığı genişləndirəndən sonra daha aşkar görünməyə başlayacaq. Hələlik isə görünən budur - sərmayə qoyuluşu, neft, təbii qaz və bölgədə təhlükəsizliklə bağlı əməkdaşlığın genişləndirilməsi cəhdləri var. Bir də üstüörtülü heykəllər... 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi