Hərbi Qənimətlər Parkı, Qalib Sərkərdənin çıxışı və “dəmir yumruq” - ŞƏRH

Hərbi Qənimətlər Parkı, Qalib Sərkərdənin çıxışı və “dəmir yumruq” - ŞƏRH Azərbaycan əldə etdiyi uğurlarla öyünə bilər
Analitika
206
13 Aprel , 2021 14:05
Hərbi Qənimətlər Parkı, Qalib Sərkərdənin çıxışı və “dəmir yumruq” - ŞƏRH
İlham Əliyev

Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək müstəsna hüququdur. Onun işğalçı Ermənistanı Qarabağ və ətraf rayonlardan çıxarması da qanunidir. Ölkə vətəndaşlarının bu qələbəni qeyd etməsi və ondan danışması, bu uğuru təbliğ etməsi məntiqidir. Ermənilərin sponsorları ilə birgə fəaliyyəti nəticəsində Azərbaycan torpaqları işğal olunub, minlərlə azərbaycanlı öz yurdundan, ev-eşiyindən qaçqın, köçkün vəziyyətinə düşüb. Onların sosial statusu artıq dəyişir. Bu, Cənubi Qafqazda da yeni geopolitik vəziyyət yaradıb. Yaranmış şərait beynəlxalq təhlükəsizlik sisteminə də təsir etməyə başlayıb.

İkinci Qarabağ müharibəsindən sonra ermənilərin əsas sponsorlarından biri sayılan Fransanın Azərbaycana münasibətində müsbət amillər hiss olunmağa başladı. ABŞ prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı ilə bağlı göndərdiyi təbrik məktubunda yazmışdı: “Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq”.

Azərbaycan əldə etdiyi uğurlarla öyünə bilər. Prezident İlham Əliyev bu istiqamətdə keçirilən bütün tədbirlərdəki çıxışlarında əldə edilən zəfərdən danışır. Dövlət başçısı Vətən müharibəsindən əvvəlki çıxışlarında Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyini bütün tədbirlərdə, o cümlədən beynəlxalq yığıncaqlarda əminliklə bəyan edirdi. Noyabrın 10-dan sonra bunların söz və vəd olmadığı təsdiqləndi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə düşmən ordusunu darmadağın edib, hərbi texnikasını, silah-sursatını qənmət kimi götürüb.

Aprelin 12-də Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında təltif olunan hərbi qulluqçularla görüşdə Vətən müharibəsində qazanılan qələbənin əsasında dayanan amillərdən danışıb. Həmin görüşdə dövlət başçısı Azərbaycanın ictimai-siyasi, hərbi və iqisadi həyatı üçün vacib olan məsələlərə də toxunub. Əvvəlcə onu qeyd etmək lazımdır ki, görüş yerinin Yeni bulvar ərazisində seçilməsi heç də təsadüfi deyildi. Bunun rəmzi mənası var. Yeni bulvar Azərbaycanın qüdrətini, iqtisadi gücünü, yenilik və müasirliyini, dövlətin öz vətəndaşlarına olan qayğı və diqqətini təcəssüm etdirir. Həmin ərazidə Hərbi Qənimətlər Parkının yerləşməsi Azərbaycanın Vətən müharibəsində qələbəsini, ölkəmizin gücünü nümayiş etdirir.

Azərbaycanın döyüşlərdə qələbə qazanmasının əsasında ilk növbədə inkişaf, güc, Vətən sevgisi və yeniliklər dayanır. Dövlət başçısı yürütdüyü məqsədyönlü siyasətlə bütün bu amilləri qələbənin təmin olunması üçün birləşdirib. Qələbənin təmin olunmasının əsas səbəblərindən biri heç şübhəsiz iqtisadi məsələdir. Azərbaycan malik olduğu hərbi texnika və silah-sursatı müxtəlif ölkələrdən öz maliyyə vəsaiti hesabına əldə edib. Prezident təltif olunan hərbi qulluqçularla görüşdə deyib: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək eyni zamanda güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

Rəsmi Bakının apardığı daxili və xarici siyasət nəticəsində beynəlxalq təşkilatların, o cümlədən BMT, İƏT və başqa beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qərar və qətnamələri, tərəfdaş və dost ölkələrin səyləri, ölkəmizin əleyhinə atılmasına cəhd göstərilən addımların qarşısını alır. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində Ermənistan bütün enerji, nəqliyyat və digər layihələrdən təcrid olunub, iqtisadi cəhətdən çökdürülüb, dalanda qalan ölkəyə çevrilib.

Prezident İlham Əliyev verdiyi vədə əməl edən etibarlı siyasətçi və atasının layiqli davamçısı olduğunu bir daha təsdiqləyib. 2003-cü il prezident seçkisindəki qələbəsindən sonra İlham Əliyev ölkə vətəndaşlarına verdiyi vədlərə əməl edib, onları həyata keçirib. Dövlət başçısının nümayiş etdirdiyi prinsipiallıq, qətiyyət, düşünülmüş siyasət nəticəsində regionda güclü Azərbaycan dövləti qurulur, milli maraqlar müdafiə və təmin edilir. Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını vəd edən Prezident İlham Əliyev sözünü yerinə yetirdi, xalqın etimadını tam doğrultdu, işğal altında olan torpaqları azad etdi. Ona görə də İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində xalq qarşısında verdiyi vədlərə əməl edib. O, 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində bildirmişdi: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında ölkədəki vəziyyəti belə xarakterizə etmişdi: “Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”. Dövlət başçısının vurğuladığı məsələlər bu gün də aktualdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanda xalqla hakimiyyət arasında birlik daha da möhkəmlənib.

Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşdə uğurların əsasında dayanan amillərdən biri olan iqtisadi müstəqillikdən danışıb: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi”. Dövlət başçısı Azərbaycanın güclü hərbi texnika, silah-sursatı müstəqil iqtisadiyyat nəticəsində əldə etdiyini vurğulayıb: “Əgər o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi. Mən nə qədər təzyiqlə üzləşdim - yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”.

Azərbaycanın apardığı və uğur əldə etdiyi döyüş yeni müharibə nümunəsi kimi dünyada böyük əks-səda doğurub. ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər. Almaniyanın tanınmış “Frankfurt Allgemeine Zeitung” (FAZ) qəzetinin aprelin 7-dəki sayında bu barədə məqalə dərc edilib. Məqalədə Azərbaycan Ordusunun malik olduğu Türkiyə istehsalı olan pilotsuz uçuş aparatdan bəhs edilib. Qəzetin yazdığına görə, bu qurğu Almaniya ordusunda şoka səbəb olub: “Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı (PUA) qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdır”. Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkə hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib. Müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün bəzi təkliflər irəli sürüb. “PUA hücumlarının təhdidi səbəbi ilə təcili olaraq hava hücumundan müdafiə sisteminin dəyişdirilməsinə ehtiyac var. Silahlı qüvvələr bu vəziyyətdə müqavimət göstərəcək vəziyyətdə deyil. Almaniya ordusunun PUA hücumu qarşısında hardasa müdafiəsiz olduğu qəbul edilən bir sürpriz oldu”, - məqalədə vurğulanıb. Yazıda bildirilib ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib: “Erməni hərbçiləri bu hücumlar qarşısında müdafiəsiz olduqları üçün məyus vəziyyətə düşdülər. Bununla bağlı xəbərlər Almaniya ordusunda şoka səbəb olub”. Məqaləyə əsasən, Almaniyadakı ABŞ-ın “Patriot” hava hücumundan müdafiə kompleksində bununla bağlı modernləşməyə ehtiyac var: “Bunun üçün 600 milyon avro məbləğində maliyyə vəsaiti lazımdır. Almaniya hava hücumundan müdafiə sisteminin modernləşməsi üçün 13 milyard avrodan artıq maliyyə vəsaiti lazımdır”.

Bu baxımdan İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Azərbaycan dünyada heç vaxt nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı və XXl əsrin müharibəsini apardığını sübut etdi. Prezident İlham Əliyev atasının vəsiyyətinə əməl edən layiqli oğul olduğunu da təsdiqlədi. İstər SSRİ, istərsə də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, milli maraqlarımızın müdafiəsi, ermənilərin planlarının qarşısının alınmasında mühüm rolu olub. Dövlət başçısı görüşdə atasının xidmətlərini xatırladaraq bildirib: “Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı. Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır. O vaxt Azərbaycana qarşı çirkin informasiya kampaniyası aparılırdı. Bütün bunları yaşlı nəsil yaxşı xatırlayır”.

Heç şübhəsiz, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan xalq, müsəlman Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəy formalaşdırılmasına nail olmaq idi. Ancaq işğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi.

Vətən müharibəsində Azərbaycan “dəmir yumruğ”unun gücünü işğalçılara, onun havadarlarına, ümumilikdə bütün dünyaya göstərdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 12-də Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə deyib: “Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Bu, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana, onun sponsorlarına açıq xəbərdarlıqdır: əgər bir də Azərbaycana qarşı ərazi iddiasına düşsəniz, “dəmir yumruq”la birdəfəlik məhv ediləcəksiniz. Ona görə də düşmən bundan nəticə çıxarmalıdır.

Beləliklə, 44 günlük müharibədə tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu qələbə ilə müsəlman ölkələri ilə bağlı dünyada formalaşmış stereotipi (məğlubiyyətlər, tənəzzül, vətəndaş qarşıdurmaları, müasir standartların olmaması və s.) darmadağın etdi. Odur ki, İkinci Qarabağ müharibəsində qələbədən danışmaqla işğalçının, sponsorlarının, havadarlarının iç üzü, xəbisliyi, baş tutmayan hiyləsi ifşa olunur. Ona görə də bu barədə yazmaq, danışmaq vacibdir. Azərbaycan Prezidentinin qələbə ilə bağlı açıqlamaları bu baxımdan da əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi