ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı - 19 il əvvələ qayıdış - ŞƏRH

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı - 19 il əvvələ qayıdış - ŞƏRH Dağlıq Qarabağ azad edilməyincə şərtlər, təkliflər, üsul dəyişməz olaraq qalacaq
Analitika
11 Mart , 2019 14:20
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı - 19 il əvvələ qayıdış - ŞƏRH

ATƏT-in Minsk qrupunun həmsədrləri də çoxsaylı etiraz və tənqidlərdən sonra fəaliyyət göstərdiklərini nümayiş etdiriblər. Ötən həftənin sonu həmsədrlər Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Madrid prinsipi və Helsinki Yekun Aktı əsasında birgə bəyanat yayıblar: “Həmsədrlər səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayır və cəbhə boyu itkilərin olmamasını müsbət dəyərləndirməyə davam edirlər". Sənəddə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi vurğulanır: “Hər hansı bir prinsipi digərlərindən üstün tutmağa yönələn istənilən cəhd tarazlı çözümü mümkünsüz edəcək”. Bəyanatda Qarabağ ətrafındakı işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır və s. əvvəllər deyilən fikir və prinsiplər yenidən təkrarlanıb. Eyni zamanda sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları vurğulanır. Bundan əlavə, həmsədrlər mandatlarına uyğun olaraq, münaqişənin dinc yolla həlli üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdırıblar.

Azərbaycan Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edərkən deyib ki, rəsmi Bakı danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır: “Minsk qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidəki mövqeyini həmsədrlərin diqqətinə çatdırıb. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”. O, həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktının əsas tutulduğunu vurğulayaraq Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirib: “Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan, bu xüsusda, mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir”. Leyla Abdullayeva bildirib ki, münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar. 

Əslində, bu prinsiplər və Azərbaycanın mövqeyi neçə illərdir Ermənistana və beynəlxalq vasitəçilərin nəzərinə çatdırılır. Ancaq rəsmi Yerevanda bu məsələyə ayıq başla baxa biləcək bir hakimiyyət formalaşmır. İstənilən münaqişənin uzanması həmin bölgədə təhlükəsizliyin təminatına, terrorçuluğa qarşı mübarizəyə, iqtisadi inkişafa, əlaqələrə və əməkdaşlığa təhlükə yaradır. Ermənistanda son bir ildə baş verən hadisələr sübut edir ki, ölkədə vəziyyət ağırlaşmaqdadır. Sponsorlar isə hakimiyyət qarşısında öhdəliklər qoyur. Bu öhdəliklər də Ermənistanın bir dövlət kimi daha da zəifləməsinə, əhalinin köç etməsinə səbəb olur. Hakimiyyət dəyişikliyi isə rəsmi Yerevan üçün Qarabağ münaqişəsinin həllinə yeni imkanlar qazandırıb. Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi halda, Ermənistanın da sponsorlardan asılılığı azalar, nəticədə suveren dövlət ola, habelə regional iqtisadi layihələrə cəlb edilməklə düşdüyü iqtisadi böhrandan xilas edilə bilər. Bu həm də Ermənistana investisiyanın qoyulması üçün əlverişli şərait yaradar. 

Yeri gəlmişkən, Ermənistanın düşdüyü vəziyyətin ağırlığı hələ illər əvvəl ölkənin ilk Prezidenti, Ermənistan Milli Konqresi Partiyasının sədri Levon Ter-Petrosyan tərəfindən etiraf olunmuşdu. O demişdi ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır: “Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq, Azərbaycana qaytarılmalıdır. Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək". Eks-prezident vurğulamışdı ki, 2007-ci ildən etibarən Ermənistan bu planla bağlı danışıqlar aparır: "Danışıqlarda əsas tərəf ATƏT və Rusiyadır. Belə çıxır ki, bizi tənqid edənlər, əslində, öz planlarını tənqid edirlər”. Bu baxımdan, ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təkliflər yeni deyil. Bir neçə il əvvəl Ter-Petrosyan danışıqlar masasındakı konkret proqramla bağlı fikirlərini ifadə edib: “İlk mərhələdə Kəlbəcər və Laçın istisna olmaqla, Azərbaycana 5 rayon qaytarılacaq. İkinci mərhələdə qoşunların təmas xəttində sülhməramlılar yerləşdiriləcək. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusunun tanınması məsələsinə baxılacaq”. O həmin çıxışında bildirib ki, dördüncü mərhələdə Qarabağ və Ermənistanın blokadası aradan qaldırılacaq, Azərbaycan, Qarabağ, Ermənistan və güman ki, Türkiyə arasında münasibətlər yaranacaq, beşinci mərhələdə Qarabağın son statusuna baxılacaq. Altıncı mərhələdə Laçın dəhlizi istisna olmaqla, Azərbaycana qalan iki rayon qaytarılacaq. Ter-Petrosyan 1998-ci ilin fevralında istefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məşhur məqalədə ölkəsinin Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olacağını demişdi. Məhz həmin məqalə onun istefasına səbəb olmuşdu. Ölkəsinin ağır durumundan xəbər verən keçmiş Prezident Yerevanda keçirilən mitinqdə vurğulamışdı: “Ermənistanın daha 20, 30, 40 il status-kvonu qoruyub saxlamağa imkanları varmı? Öz iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə onun resursları kifayət edərmi? Nəhayət, ölkəmiz Azərbaycanla rəqabətə tab gətirə bilərmi?”

Bu arada ABŞ-ın Yerevandakı səfiri Riçard Mills ötən ilin oktyabrında erməni mətbuatına müsahibəsində bildirmişdi: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq. Bura ilk dəfə gəldiyim zaman ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı olmasına təəccübləndim. Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur”.

Nəhayət, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlar Ermənistanın adı ilə işğalda saxlanılır. Deməli, onu himayə edənlər həm də əsas hədəfə çeviriblər. Nəticədə Ermənistan dünyada işğalçı və bölgədə təhlükəsizliyi təhdid edən, regional inkişafın qarşısını alan bir ölkə imicini qazanıb. Bu, əhəmiyyətsiz, mənasız işğaldan isə daha çox Ermənistan əhalisi əziyyət çəkir. Çünki bütün cəhətlərdən sponsorlardan asılı olan Ermənistan həmin torpaqları uzun müddət işğal altında saxlamağa qadir deyil. Belə ehtimal edilir ki, Ermənistandakı indiki hökumətin başçısı Nikol Paşinyanın baş məsləhətçisi və onun təmsil etdiyi siyasi qüvvələrin boz kardinalı Ter-Petrosyandır. Onun əvvəlki çıxışları və ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi sonuncu bəyanata əsasən, belə ehtimal etmək olar ki, rəsmi Yerevan 19 il əvvəlki mövqeyə qayıtmaq niyyətindədir, yaxud onun bu mövqeyə qayıtmasını istəyirlər. Bəyanatdan da göründüyü kimi, yeganə yol Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Çünki üstündən 19 il keçsə də, Dağlıq Qarabağ azad edilməyincə şərtlər, təkliflər, üsul dəyişməz olaraq qalacaq.  

Son xəbərlər

Orphus sistemi