Hamilələrin üzləşdiyi problemlər: hormonal dəyişiklik, stress - ARAŞDIRMA

Hamilələrin üzləşdiyi problemlər: hormonal dəyişiklik, stress - ARAŞDIRMA “Gəlinim hamiləliyinin 4-cü ayında oğlumdan boşanmaq istədiyini dedi"
Analitika
17 Sentyabr , 2016 10:22
Hamilələrin üzləşdiyi problemlər: hormonal dəyişiklik, stress - ARAŞDIRMA

Bakı. 17 sentyabr. REPORT.AZ/ Hamiləlik qadın həyatının çox mühüm və çətin mərhələsidir. Ona görə də bu dövrdə stress yaşamamaq qeyri-mümkündür. Ən böyük stress mənbəyi isə hormon dəyişikliyidir. “Report”  hamiləlik müddətində qadınların üzləşdiyi bir sıra problemlərin qaynaqlarını araşdırıb.

"Hamiləlikdə orqanizmdə baş verən dəyişikliklər hormonal sistemə birbaşa təsir göstərir"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, hamiləlikdə orqanizmdə baş verən dəyişikliklər hormonal sistemə birbaşa təsir göstərir: “Yəni hansı orqanlardan hormon ifraz olunursa, müxtəlif orqanların dəyişməsi üçün siqnallar göndərilir. Bu, əsasən hamiləliyin ilk günündən, döl ana bətninə düşdükdən və bətnin divarından tutduqdan sonra başlayır. Bu da bütün hormonların ifrazını artırır. Hamilə bətnində canlı varlıq daşıdığından qoruyucu rolunu oynayır. Ona görə də qadınlar bu dövrdə daha həssas olurlar. Bu da təbiətin analara bəxş etdiyi övlad qorumaq refleksi ilə əlaqədardır. Təbii ki, bu həssaslıq da psixologiyaya təsirsiz ötüşmür. Həmiləliyin bəlli dövründən sonra bədənin müəyyən nahiyələrində ödəm (şiş) əmələ gələ bilər. Bu da normal haldır. Lakin bu şişlər başqa xəstəliklərin əlaməti olarsa mütləq həkimin müdaxiləsi lazımdır. Adətən, ödəmi olan hamilələrə su verilmir. Bu, tamamilə yanlış addımdır. Hamilələrə mütləq ehtiyacları olan qədər su verilməlidir".

Onun sözlərinə görə, hamiləlik dövründə qadınların çəkisinin artması düzgün qidalanmama ilə bağlıdır: "Təbii ki, hamiləlik müddətində lazımi enerjidən artıq qida qəbul edilməsi kökəlməyə gətirib çıxaracaq. Adətən, hamilələrə ilk 4 ayda kökəlməməyi məsləhət görürlər. Ancaq 4 aydan sonra 1 - 1,5 kq kökəlmək ehtimalı var. Hamiləlik dövründə ideal çəki artımı 10 kq-dır. Hamilə qadınların yaxınları onlara sevgilərini ifadə etmək üçün daha yağlı və daha çox yemək yemələrini tələb edirlər. Ancaq bu da çox yanlış bir yanaşmadır".

Həkim deyib ki, hamilələrdə psixoloji baxımdan dəyişkənliyin olmasında mövsümlər də rol oynayır: "Yay və qış ayları psixoloji baxımdan daha çox stabil keçir. Lakin payız və yaz fəslində bunun əksi ola bilər. Doğuşdan sonrakı dövrdə də müəyyən gərginliklərin yaşanması mümkündür. Zahı qadınların doğuşdan sonra öz körpəsinə daha yaxşı adaptasiya olması üçün stresdən və məişət problemlərindən uzaq tutulması zəruridir. Çünki bu, həm anaya, həm də körpəsinə mənfi təsir göstərə bilər".

Şöbə müdiri vurğulayıb ki, hər bir qadın hamilə qalmamışdan əvvəl güvəndiyi ginekoloqa müraciət etməli və lazımı məsləhət almalıdır: "Hamiləlik müəyyən məsləhətlərin alınmasından sonra planlaşdırılmalıdır və bu müddətdə qidalanmaya, fiziki aktivliyə önəm verilməlidir. Eyni zamanda, yuxu rejiminin qaydasında olması da vacib məsələlərdəndir. Hamiləlikdən əvvəl normal doğuş haqqında da məlumatlı olmaq lazımdır".

"Hamilələrə daha çox “niyə psixoloqa müraciət edirsən?” sualı verilir"

Psixoloq Könül Əhmədova vurğulayıb ki, hamilələrə daha çox “niyə psixoloqa müraciət edirsən?” sualı verilir: “Çünki ətrafdakılar psixoloqun yalnız əqli cəhətdən qüsuru olan insanlara yardım etdiyini düşünürlər. Təbii ki, bu, belə deyil. Hamilə qadınların xüsusi olaraq psixoloq yardımına ehtiyacı olur. Çünki bu mərhələdə onlar daha çox dəyişikliyə məruz qalırlar. Biz bu zaman onların aqressiyasını aradan qaldırmağa çalışırıq. Görünüşlə bağlı stressə düşən hamilə qadınlar çoxluq təşkil edir. İşləyən və ya evdar hamilələrin psixoloqa müraciət etməsinə fərq qoyulmamalıdır. Bu işdə əsas yük ailənin üzərinə düşür. Çünki işə gedəndə də, evə qayıdanda da ən çox onları görürük. Sindromlu uşaqlar bizə müraciət edən zaman problemin kökünü araşdıranda ananın hamiləliyini düzgün qaydada keçirmədiyini məlum olur. Məsələn, hamilə əsəbləşib gün ərzində yemək yeməyə, ya da bunun əksini edə bilər. Hamilələrin fərdi şəkildə psixoloqa müraciət etmələrini məsləhət görərdim. Hamilələr dölün 4-cü həftəsindən başlayaraq psixoloqa müraciət edə bilərlər. Adətən, Azərbaycanda kişilər hamilə olan həyat yoldaşları ilə birlikdə psixoloqa müraciət etmirlər. Ancaq təbii ki, bu, ikilikdə olsa daha yaxşıdır. Fikrimcə, 23 yaşdan yuxarı ailə qurmaq daha məsləhətlidir. Çox az halda qayınanalar gəlinlərini psixoloq yanına aparırlar. Çünki bu hal ən kritik vaxtda ola bilər”.

“Psixoloq yanına getməkdə məqsədim məni artıq sıxıntı və problemlərdən azad etməsidir"

Ana olmağa hazırlaşan Kəmalə Məmmədova qeyd edib ki, bu, onun ikinci hamiləliyidir: “Psixoloq yanı na getməkdə məqsədim məni artıq sıxıntı və problemlərdən azad etməsidir. Hamilə zamanı ən çox evdə məişətdaxili maddi sıxıntılar olur. Eyni zamanda, qayınana ilə də problem olur. Çünki hamiləlik dövründə hormonal dəyişiklik səbəbindən hər bir insan fərqli ola bilər. Ona görə də bu dövrdə qadınlar daha çox sıxılır və evdəkilər onları başa düşmürlər. Bu da təbii ki, hamilələrə mənfi təsir göstərir. Psixoloq yardımına birinci hamiləliyim zamanı əkiz övladlarımdan birini itirdiyimə görə ehtiyac hiss etdim. Çünki bu hadisədən sonra ikinci hamiləlikdə çox həyəcan və qorxu hissi keçirirdim. Lakin indi hər şey qaydasındadır. Psixoloq insanı rahatlaşdırır, sərbəstləşdirir”.

“Gəlinim hamiləliyinin 4-cü ayında oğlumdan boşanmaq istədiyini dedi"

Qayınana Günela Birinciyeva isə başına gələn qəribə hadisəni bizimlə bölüşüb “Gəlinim hamiləliyinin 4-cü ayında rəsmi nikaha düşən günü evə qayıdan zaman oğlumdan boşanmaq istədiyini dedi. "Mən sənin oğlunla yaşaya bilmirəm və gedib yenidən evlənsin", dedi. Ona görə də gəlinimizi həkim yanına gətirdik”.

"Hamilələri kollektiv şəkildə yığaraq valideyn məktəbi təşkil etmişik"

Hazırda hamiləliyin 4-cü ayında həyat yoldaşından boşanmaq istəyində olan hamiləni müalicə edən Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasının şöbə müdiri Zeynəb Süleymanova bildirib ki, bu, yalnız hormonların disbalansıdır: "Həmin qadının bütün ailə üvzlərini çağırıb söhbət etdik. Nəticədə belə qərara gəldim ki, onda hamiləliklə əlaqədar psixoloji problem yaranır. Onu dərhal psixoloq yanına göndərdim və hazırda müalicəsi davam edir. Artıq hər şey qaydasına düşüb. Gəlinlə söhbət etdim və mənə bunu müalicəsinin olduğunu bilmədiyini dedi".

Onun sözlərinə görə, hamiləlik dövründə müəyyən orqanlar yükləndiyindən müəyyən dəyişikliklər olur: "Əhalidə maarifləndirmə çox zəifdir. Baxmayaraq ki, hamilələrlə fərdi şəkildə söhbətimiz olurdu, ancaq yenə də təcrübələrdən bunun mümkün olmadığını gördük. Məsələn, qayınana gəlini yanıma gətirmişdi və onunla söhbət zamanı ailədaxili problemlərinin olduğunu dedi. Onun həyat yoldaşını qayınanasının yanında çağırdım və gələcək üçün sağlam körpə istəyirsinizsə onda qadınla daha həssas davranmağın lazım olduğunu dedim. Mənim yanımdan çıxandan sonra həmin qayınana onlara bir də bu həkimin yanıma gəlinməyəcəyini söyləyib. Səbəbini soruşduqda isə onların ailə işinə qarışmadığını deyib. Ona görə də hamilələri kollektiv şəkildə yığaraq valideyn məktəbi təşkil etdik. Məktəbə peşəkar mütəxəssislər cəlb edirik. Lazım gəldikdə kosmetoloq da çağırırıq. Hamiləlik zamanı hansı gimnastik hərəkətlərin edilməli olduğunu izah edirik. Məşğələlərdə bir sıra vacib məsələlərə toxunuruq. Bu da gələcəkdə sağlam körpənin dünyaya gəlməsinə zəmin yaratmış olacaq".

Mütəxəssis deyib ki, həftədə bir dəfə təşkil olunan məşğələlərə 10-15 hamilə gəlir: "Ayda bir dəfə isə psixoloji və kosmetolji yardım göstərilir. Hamilələlərin üzləşdiyi problem ən çox ailə və məişətdaxili olur, ya da hormonal dəyişikliklə bağlı çox həssas olurlar. Məsələn, hamilələr adi bir sözə qarşı sərt reaksiya verə bilirlər”.

"Yoqa ilə məşğul olmaq ananın vücudunu doğuma hazırlamaqda kömək edir"

Mütəxəssislərin hamilə qadınlar üçün məsləhət gördüyü fiziki aktivliyin artırılması işi məşğul olan şirkətlərdən biri ana namizədlər üçün müxtəlif xidmətlər təklif edir. Şirkət rəsmisi Leyla Hüseynova qeyd edib ki, həmin xidmətlər sırasına aerobika, yoqa, masaj, rəqs, neonatologiya və psixologiya daxildir.

Şirkətdən bildiriblər ki, hamilələr ən çox yoqa xidmətindən yararlanırlar: "Təxminən 10-a yaxın hamilə məhz yoqa istəyir. Bu xidmətin haqqı 80 manatdır. Həftədə iki dəfə bu xidmətdən yararlanmaq olar. Yoqa ilə məşğul olmaq ananın vücudunu doğuma hazırlamaqda kömək edir. Belə ki, o, özünü uğurlu hamiləliyə hazırlayır. Bətnindəki körpə də ana ilə bərabər bu hərəkətləri edir. Bu da onların hər ikisinin dolğun inkişafına gətirib çıxaran səbəblərdən biridir. Bizim göstərdiyimiz bu xidmətlər orqanizmin bütünlüklə bərpasına, həmçinin nəfəs yollarının genişlənməsinə yönəldilmiş bir prosesdir".

Şirkətdən həmçinin vurğulanıb ki, hamilələr üçün daha çox üstünlük verilən məşğələlərdən biri rəqsdir: "Rəqs emosional ağırlığı götürməyə, rahatlamağa kömək edir, eləcə də bədənin tonusda qalmasına dəstək verir. Xoşagələn musiqi qadının sinir sisteminə xeyirli təsir göstərir, ahəng ritmik hərəkətlər isəqan dövranını yaxşılaşdırır. Aerobika isə hamilələrdə müəyyən fiziki ağırlıqların aradan qaldırılmasına yönəldilib. İyulun 1-dən sonra doğum sonrası bərpa ilə bağlı yeni xidmət növləri olacaq”.

Son xəbərlər

Orphus sistemi