Hakimiyyətdə hökm sürən xaos erməniləri çaş-baş salıb

Hakimiyyətdə hökm sürən xaos erməniləri çaş-baş salıb Dövlət rəsmilərinin fikirləri hansı məsələdə fərqlidir? Niyə Ermənistan həqiqəti tanımır?
Analitika
10730
5 Noyabr , 2020 17:07
Hakimiyyətdə hökm sürən xaos erməniləri çaş-baş salıb
Nikol Paşinyan

Müharibədə istənilən vasitə keçərlidir deyilir. Amma, yəqin, Qarabağın azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlar erməni tərəfini, deyəsən, çaş-baş salıb, onlar bu ifadəni tamamilə tərsinə anlayıblar. Ermənistan hakimiyyəti çaşqınlıq içindədir. Niyə ciddi dövlət məmurları bir-birini bu qədər təkzib edir? Vəziyyət anbaan gərginləşir, çünki ermənilər “Deyilənlər doğrudur?” sualından sonra “Kimin dediyinə inanaq?” sualını verirlər. Bütün sualları da cavabsız qalır. Bu xaos etibarlı məlumatın olmaması, fərarilik və öz vətəndaşına qarşı zorakılıq kimi geniş miqyaslı problemlərə yol açır. Dövlət rəsmilərinin fikirləri hansı məsələdə fərqlidir? Niyə Ermənistan həqiqəti tanımır?

Ermənistanın Türkiyədən, yəni Türkiyənin bu münaqişənin həllində iştirakından narahatlıq ifadə etməsi heç kimə sirr deyil. Erməni tərəfinin Türkiyə təhlükəsizlik qüvvələrinin döyüşlərdə iştirakı ilə bağlı ittihamları əsassız olaraq qalır. Baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanın son çıxışları bir-birinə zidd olması vətəndaşlarda inamsızlıq yaradıb. Nikol Paşinyan Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, Armen Sarkisyan Moskva ilə Ankara arasında birgə əməkdaşlığın Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə biləcəyini bildirib. Bu, Ermənistan hakimiyyətində vahid mövqeyin olmadığından, N.Paşinyanın vəziyyətə nəzarəti itirdiyindən xəbər verir.

Yerevandakı ermənilər Azərbaycan Ordusunun guya uğursuzluğa düçar olduğunu təkrarlayırlar. Bu, onların informasiya blokadasında olduğunu əks etdirir. Ancaq Dağlıq Qarabağdakı separatçılar fərqli fikirdədirlər. Ermənistan tərəfi Azərbaycanın cəbhədə ciddi uğurlar əldə etdiyini gizlətməyə çalışdığı halda, separatçılar Azərbaycan Ordusunun kifayət qədər irəlilədiyini etiraf edir və Yerevanda bu barədə məlumatların gizlədildiyinə eyham vururlar.

Silah məsələsi Ermənistanı o qədər qarışdırdı ki, özləri də nə bunu anlaya, nə də yaranan vəziyyətdən baş aça biliblər. Hamı Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağını gözlədiyi halda, əksinə, Dağlıq Qarabağdan Ermənistana silah daşınır, artıq onlarla belə fakt aşkarlanıb. Deməli, yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsi gözlənilir.

Ermənistan vətəndaşları Qarabağın Ermənistanın işğal etdiyini, əslində Azərbaycanın tarixi torpaqları olduğunu başa düşərək müharibəyə getmək istəmirlər. Ermənilər döyüşmək üçün könüllü olaraq Qarabağa getməkdən açıq şəkildə imtina edirlər. Erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə verilmir, yəni faktiki olaraq uşaqları və anaları girov götürürlər.

Ermənistan hər gün saxta statistika təqdim edirdi, bunu etmək çətinləşib deyə onu sadəcə yaymamağa qərar verilib. Artıq 3-4 gündür döyüşdə verilən itki sayı açıqlanmır. Bundan əvvəl açıqlanan rəqəmlər də ölkədə böyük narazılığa səbəb olub. Hazırda Paşinyan hakimiyyəti gerçək statistikanı gizlədir, çünki xalqın qəzəbindən qorxur.

Separatçı rejimin başçısının hələ sağ olub-olmadığına gəlincə, ermənilər sadəcə susmağa üstünlük verirlər, çünki doğru məlumat yoxdur. Separatçıların başçısı Araik Arutunyanın sağ olub-olmadığı bilinmir, rejimin keçmiş “müdafiə naziri”nin taleyindən xəbər yoxdur, “müdafiə naziri”nin müavini də məhv edilib. “Yüksək vəzifəli” ermənilər isə Qarabağdan qaçıb. Amma artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər öz yaydıqları feyklərin arasında çaş-baş qalıblar. Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını, hətta artıq dindirildiyini də bəyan edib, bir az sonra isə üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

Paşinyan əsl vəziyyəti anlamır və ya anlamaq istəmir. Bu cür şəraitdə isə xalq Paşinyan və digər dövlət rəsmilərinə inamını tamamilə itirib. Bundan sonra Ermənistan hakimiyyətinin vəziyyəti idarə etmək imkanları anbaan daralır.

Son xəbərlər

Orphus sistemi