Gürcüstanın yeni əmək siyasəti qalmaqala çevrilib

Gürcüstanın yeni əmək siyasəti qalmaqala çevrilib Gürcüstanda əhalinin bir hissəsinin daimi işlə təmin edilməsi üçün daha çevik iş şəraitinə ehtiyac var
Analitika
6 İyul , 2021 17:36
Gürcüstanın yeni əmək siyasəti qalmaqala çevrilib

Bu il Gürcüstan vətəndaşları ilk dəfə mövsümi qazanc üçün Almaniyaya gediblər. Təşəbbüsün işsizliklə mübarizəyə kömək edəcəyi gözlənilirdi, ancaq əmək miqrantlarında dərhal problemlər başlayıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2021-ci ilin birinci rübündə ölkədə işsizlik səviyyəsi 21,9 % təşkil edib (bir ilə 3,7 faiz bəndi həcmində artım olub). Şəhər sakinləri üçün iş tapmaq daha çətindir: şəhər sakinləri arasında işsizlik səviyyəsi kənd yerlərində olan insanlara nisbətdə daha çoxdur – müvafiq olaraq 23,65 % (+5,7 faiz bəndi) və 19,3 %(+0,4 faiz bəndi).

Gürcüstanda yüksək işsizlik problemi yeni deyil, mövsümi işçilərlə bağlı təşəbbüsü isə hələ 3 il əvvəl "Gürcü Arzusu" Partiyasının qurucusu Bidzina İvanişvili təklif edib.

Bu ildən etibarən gürcü miqrantlar müvəqqəti qazanc dalınca Almaniya və İsrailə gedə bilərlər. Analoji müzakirələr Yunanıstan, Fransa, Portuqaliya, İspaniya, Çexiya, Xorvatiya, Kipr, Macarıstan, Belçika və Finlandiya hökumətləri ilə də hal-hazırda aparılır.

Nə düz olmadı?

Gürcüstan vətəndaşları Almaniyada həftənin 5-6 günü və günün 8-10 saatı ərzində 1-3 ay müddətində işləməli idilər. Bunun qarşılığında onlar saatda 9,5 avro qazanacaqdılar (vergilər, qidalanma və yaşayış haqları xaric). Tələbat çox böyük oldu və bu məqsədlə yaradılan xüsusi portalda təxminən 100 min nəfər qeydiyyatdan keçdi! Əlbəttə ki, hamını pul qazanmağa göndərmək mümkün deyil. Başlanğıcda 500-ə yaxın əmək miqrantından danışılsa da, sonradan Almaniya kvotanı 5 000 nəfərə qədər artırdı.

Ancaq əmək miqrantları Almaniyaya gələndə heç kimin onlara pul ödəməyəcəyi məlum oldu. Vəziyyət qısa zamanda həll edildi - başqa işəgötürənə köçürüldülər. Ancaq o da müqavilənin şərtlərini pozdu və iş saatlarına görə yox, toplanan məhsulun miqdarına görə ödəniş etdi.

Bir neçə gün əvvəl məlum oldu ki, Almaniyanın “Miram” konsaltinq xidməti Gürcüstan vətəndaşları adından əmək haqlarının qalan hissəsinin ödənilməsi ilə bağlı Fridrixshafen şəhərinə qarşı məhkəmə iddiası qaldırıb.

Bu, Almaniyaya əmək miqrantlarının ilk axını idi, bu istiqamətdə əməkdaşlığın gələcək perspektivləri böyük ölçüdə məhkəmə çəkişmələrinin nəticələrindən asılıdır. Yeri gəlmişkən, İsraildə, deyəsən, vəziyyət daha yaxşıdır. Ən azından, oradan hələ belə xəbər gəlməyib.

Gürcüstanda az iş yeri açılır

Gürcüstanda yeni iş yerlərinin açılması ilə bağlı çətinliklər var. Daha doğrusu, iş yerləri açılır, lakin iqtisadi artım tempinə uyğun gəlmir.

Dünya Bankının (DB) məlumatına görə, 2021-ci ilin birinci rübündə ölkədə işləyən insanların sayı ötən illə müqayisədə 10,5 % azalıb. Ancaq mövcud rəqəmlər başa düşüləndir - bir çox ölkə hələ koronavirusdan qurtulmayıb.

Digər tərəfdən, DB hesabatlarının birində ölkədəki mikro və kiçik müəssisələrin yüksək tezliklə açılmasına baxmayaraq, orta ölçüyə qədər böyüyə bilmədiyini və bunun çox vaxt biznesin bağlanması ilə nəticələndiyini qeyd edib. Bənzər vəziyyət orta ölçülü şirkətlərdə də müşahidə olunur.

DB-nin 2019-cu ilin martından 2020-ci ilin yanvarına kimi apardığı son sorğuya əsasən, Gürcüstanda biznes üçün əsas problemlər hələ də siyasi qeyri-sabitlik (hardasa 2013-cü ildən bəri bu məsələ ənənəvi olaraq siyahının yuxarı hissəsindədir), maliyyəyə çıxış, ixtisaslı işçi qüvvəsi, yüksək vergi və nəqliyyat problemləridir.

Bütün bu amillər şirkətlərə təzyiq göstərir və nəticədə mövcud vəziyyət yaranır.

Gürcüstanın hansı alternativləri var?

Əslində daimi iş yerlərinin yaradılması işsizliklə mübarizədə əsas vasitədir, ancaq yeganə deyil.

Məsələn, ölkə daxilində ictimai işlərə cəlb oluna bilərlər. Bu, Azərbaycanda mövcud olan işsizliklə mübarizə yollarından biridir. 2020-ci ildə təxminən 90 min nəfər ödənişli ictimai işlərə cəlb edilib.

Bu halda məşğulluq tam olmur - yarım gün və ya həftədə bir neçə dəfə olur.

Özünüməşğulluq - Azərbaycanda aktiv şəkildə və kifayət qədər uğurla istifadə olunan başqa bir üsuldur. Ölkədə özünüməşğulluq proqramı bir neçə ildir fəaliyyət göstərir. Vətəndaşlar dövlətdən işə başlamaq üçün lazım olan aktivləri alırlar. Bu, mal-qara da ola bilər, tikiş ləvazimatları da, başqa şeylər də.

2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına 12 min nəfər cəlb edilib, bu il isə 16 min nəfər gözlənilir.

Fərdi sahibkarlığın təşviqi də iş yerlərinin yaradılmasını stimullaşdırmaq üçün yaxşı vasitə ola bilər. Güzəştlər edilməsi yox, maarifləndirmə işlərinin aparılması – sahibkarlar üçün maliyyə savadlılığı, biznesin aparılması, mühasibat, menecment və s. mövzularda kurslar təşkil etmək vacibdir.

Biznesi başlatmaq kifayət deyil, onu necə ayaq üstə saxlayacağını başa düşmək vacibdir.

Digər vasitə əməkdaşların işçi qüvvəsi çatışmayan sferalara keçirilməsidir. Yuxarıda qeyd edildiyi kimi, iqtisadiyyatın müxtəlif sahələrində resursların düzgün bölüşdürülməməsi əmək bazarının inkişafına mane olan amillərdən biridir. Təlim-tədris mərkəzləri bu problemlərin həllinə qismən kömək edə bilər.

Keçən il koronavirus pandemiyası səbəbindən əmək bazarı əlavə zərbə aldı. Rəsmi olaraq məşğul olan – işləyən insanların təxminən üçdə biri koronavirusla əlaqəli müxtəlif məhdudiyyətlər səbəbindən işləyə bilmədi. Belə vəziyyətdə Gürcüstanda əhalinin bir hissəsinin daimi işlə təmin edilməsi üçün daha çevik iş şəraitinə ehtiyac var.

Bundan əlavə, məşğulluq xidmətləri, işsizlik mərkəzləri və ya peşəkar yenidənhazırlama mərkəzləri iş axtaranlara fərqli yanaşmalıdırlar - məsələn, İsveçdə olduğu kimi, onları ixtisas artımından tutmuş, iş tapmağa qədər istiqamətləndirməlidirlər.

Azad Həsənli - analitik

Son xəbərlər

Orphus sistemi