Gürcüstanda yeni prezident: Azərbaycanı və bölgəni nə gözləyir? - RƏY

Gürcüstanda yeni prezident: Azərbaycanı və bölgəni nə gözləyir? - RƏY Gürcüstanın yeni prezidenti üçün Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirmək son dərəcə vacib olacaq
Analitika
27 Oktyabr , 2018 14:44

Tbilisi. 27 oktyabr. REPORT.AZ/ Sabah Gürcüstanda prezident seçkisi keçiriləcək və növbəti 6 ildə bu postda əyləşəcək siyasətçi müəyyənləşəcək. Yeni dövlət başçısının Azərbaycanla münasibətləri necə inkişaf etdirəcəyi və regiondakı mövcud münaqişələrin həlli prosesinə verəcəyi töhfə böyük maraq doğurur.

“Report”un Gürcüstan bürosu bununla bağlı yerli politoloqların fikirlərini öyrənib. 

Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli prezidentliyə əsas namizədin Salome Zurabişvilinin olduğunu zənn edir. Ekspert bildirib ki, S.Zurabişvilinin prezident seçiləcəyi təqdirdə onun Azərbaycana qarşı siyasəti sıx dostluq münasibətlərinə əsaslanacaq.

“Salome Zurabişvilinin Gürcüstandakı azərbaycanlılar, ölkə vətəndaşları və qonşu Azərbaycanda müəyyən narazılıq və təəccübə səbəb ola biləcək fikirləri təəssüf ki, seçkiöncəsi aparılan çirkin kampaniyanın nəticəsi olub. Onun fikirləri interpretasiya olunub və kontekstdən çıxarılıb”, - politoloq vurğulayıb. 

L.Metreveli deyib ki, S.Zurabişvili Azərbaycanın dostu kimi kifayət qədər yaxşı tanınıb: “Salome Zurabişvilinin böyük siyasi təcrübəsi var, onun və Gürcüstanın hakim partiyası üçün Azərbaycanla son 6 ildə yaranmış tərəfdaşlıq, strateji və müttəfiqlik münasibətlərini inkişaf etdirmək son dərəcə vacib olacaq. Belə ki, istənilən məsuliyyətli gürcü siyasətçi üçün Azərbaycanla çoxəsrlik tarixə malik münasibətlər olduqca mühüm və dəyərlidir”.

Gürcüstanın yeni prezidentinin bölgədəki münaqişələrin həllində oynaya biləcəyi rola gəlincə, politoloq bildirib ki, Gürcüstan üçün Azərbaycanın ərazi bütövlüyü məsələsi özünün ərazi bütövlüyü kimi qiymətlidir: “Salome xanımın siyasi təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, o, bölgədəki münaqişələrin həlli istiqamətində həm Gürcüstan, həm də Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə tam bərpa olunmasının tərəfdarıdır.

Azərbaycan və Gürcüstan müttəfiq olduqlarına görə və hər iki ölkəni strateji münasibətlər bağladığından bu məsələdə başqa münasibət ola bilməz. Gürcüstan da Azərbaycan kimi sülhün tərəfdarıdır. Əlbəttə ki, Gürcüstan və Azərbaycan vətəndaşları üçün bir nömrəli məsələ ölkənin ərazi bütövlüyüdür”.

Siyasi ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində zərər çəkmiş və uzunmüddətli güclü səbr göstərən tərəf Azərbaycandır: “Əlbəttə ki, əgər Azərbaycan tərəfinin istəyi olsa, o zaman Gürcüstan münaqişənin həlli məsələsində hər hansı bir müsbət rol oynamaqdan məmnun olar”.

Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya öz növbəsində hesab edir ki, dövlət başçısının kimin seçilməsindən asılı olmayaraq, o, Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməli olacaq: 

“Dost və qardaş Azərbaycana qarşı münasibətlər Gürcüstan üçün prioritet strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu tərəfdaşlıq bütün sahələri əhatə edir. İlk növbədə tərəfdaşlıq münasibətləri Azərbaycanın ərazi bütövlüyü və sabitliyi məsələsinə aiddir. İkinci istiqamət isə Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi iqtisadi layihələrdir”.

Ekspert bildirib ki, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prosesində xüsusi rol oynayacağı mümkün ola bilər: “Gürcüstan prezidentinin səlahiyyətləri olduqca məhdud olacaq. Lakin dövlət başçısı ali siyasi şəxs kimi siyasi bəyanatları və konstitusiya çərçivəsində fəaliyyəti ilə Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olunmasına əhəmiyyətli töhfə verə bilər”.

Politoloq Gela Vasadze prezident seçkisinin Gürcüstanın Azərbaycanla münasibətlərinə hər hansı bir təsir edəcəyinə böyük şübhə ilə yanaşdığını bildirib: 

“Nəinki prezident, hətta qanunverici hakimiyyətin dəyişməsi belə Gürcüstanın Azərbaycanla münasibətlərini köklü şəkildə dəyişə bilməz. Gürcüstanın Azərbaycanla münasibətlərini tamam başqa məqamlar müəyyən edir. Bunlara coğrafi mövqe, tarix və cari siyasi proseslər aiddir. Bu üç komponent bir nöqtədə birləşib və aydındır ki, mövcud münasibətlər inkişaf etdiriləcək”.Ekspertin sözlərinə görə, Gürcüstanda prezidentin səlahiyyətləri məhdud olduğundan ondan digər ölkələrlə münasibətlərin yalnız fonu asılı ola bilər: “Yəni dövlət başçısı nəsə fikir söyləyə və nəyəsə ağrılı reaksiya verə bilər. Lakin hər hansı bir təsir etməsi mümkün deyil”.

G.Vasadze Gürcüstanın yeni seçiləcək prezidentinin regional səviyyədə təşəbbüslər irəli sürülməsində fəal olacağına inanmadığını deyib: “Əgər prezident regionda sülh yaradan, vasitəçi olmağı həqiqətən də istəsəydi, bu mümkün ola bilərdi. Lakin indiki halda təəssüf ki, gələcək prezidentin bu istiqamətdə fəal olacağına çox şübhə edirəm”.

Onun sözlərinə görə, dövlət başçısının səlahiyyətləri məhdud olsa da, onun təşəbbüs irəli sürmək hüququ var: “Prezidentin digər ölkələrin liderləri ilə görüşmək, həm ölkə daxilində, həm də xaricində mediator olmaq hüququ var. Gürcüstan buna qadir ölkədir və bunu etməlidir. Lakin indi təəssüflə qeyd etməliyəm ki, hadisələrin bu cür inkişaf edəcəyinə olduqca skeptik yanaşıram”. 

Qeyd edək ki, Gürcüstanda prezident seçkisində 25 namizəd rəsmi qeydiyyatdan keçib. Ancaq iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.

Əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

Ölkənin hazırki prezidenti Giorgi Marqvelaşvili yenidən namizədliyini irəli sürməyib.  

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Gürcüstandakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində də üç seçki məntəqəsi açılıb.

Son xəbərlər

Orphus sistemi