Tbilisi aksiyaları - Rusiya ilə daha bir buxovu qırmağa hazırlaşan Gürcüstan - ŞƏRH

Tbilisi aksiyaları - Rusiya ilə daha bir buxovu qırmağa hazırlaşan Gürcüstan - ŞƏRH Gürcüstan pravoslavları Rus kilsəsindən ayrıla bilər
Analitika
21 İyun , 2019 14:11
Tbilisi aksiyaları - Rusiya ilə daha bir buxovu qırmağa hazırlaşan Gürcüstan - ŞƏRH

Gürcüstanda nə baş verir? Ərazi bütövlüyü pozulan, Qərb bloku strukturlarına inteqrasiya etməyə çalışan, torpaqlarının bir hissəsinə ermənilər iddia edən, etnik mənsubiyyətinə görə azərbaycanlıları sıxışdıran, ara-sıra Azərbaycan torpaqlarına rəsmi səviyyədə belə iddia olunan, başqa problemlərlə üz-üzə qalan qonşu dövlətdə baş verənlərin arxasında nə durur? İyunun 20-də Gürcüstanda baş verənləri adi hadisə saymaq olarmı? Hadisələr nəyi vəd edir? Bu suallara cavab tapmağa çalışmazdan əvvəl vurğulamaq istərdik ki, müxtəlif ziddiyyətli məqamlara baxmayaraq, Gürcüstan Azərbaycanın strateji müttəfiqi və bir çox layihələrdə ortağıdır. Bu baxımdan, iki dövlət arasında münasibətlərdə gərginlik yaratmaq istəyənlər də müttəfiqliyə zərbə vurmağa, Cənubi Qafqazda birliyin yaranmasına mane olmağa çalışırlar.

Deməli, iyunun 20-də Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısı keçirilib. Qurumun sədri, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması və oradan nitq söyləməsi etiraz aksiyasının başlaması amillərindən sayılır. Hələ iyunun 17-də müxalifət onun Gürcüstan ərazisinin işğalında iştirak etdiyini bildirmişdi: “Sergey Qavrilov Gürcüstana qarşı müharibədə iştirak edib”. Rusiyalı deputat isə bunu təkzib edib. Gürcü Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib. Məsələ ilə bağlı Baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin deputatını Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

Yeri gəlmişkən, Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 240 nəfər xəsarət alıb. Müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları bildiriblər ki, baş verən hadisələrə görə parlament sədri İrakli Kobaxidze məsuliyyəti üzərinə götürməlidir. Əks halda, partiyanın parlament fraksiyası onun istefası proseduruna başlayacaq. Müxalifət Abxaziya və Sxinvali bölgəsinin (Cənubi Osetiya - red.) müstəqilliyini bəyanatında dəstəkləyən adama (Sergey Qavrilov nəzərdə turulur - red.) parlamentdə fəxri yer verən hakimiyyəti vətənə xəyanətdə ittiham edib. Rusiya nümayəndə heyətinin ölkəyə səfərinə etiraz aksiyası Tbilisi ilə yanaşı, Telavi və Qoridə də keçirilib. Aksiya iştirakçıları daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin də istefasını tələb ediblər. Giorgi Qaxaria tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib. 

Bu arada tədbirə qatılmış Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib. Sergey Qavrilov isə “müstəqilliyini elan edəndən” sonra Abxaziyaya getmədiyini və əlində silah tutmadığını bildirib. Baş nazir Mamuka Baxtadze bildirib ki, Qavrilovun çıxışı Gürcüstanın azadlıq ideyasına zərbə vurur: “Gürcüstan cəmiyyətinin ədalətli etirazını dəstəkləyir və təşkilatçıları baş verən hadisə ilə bağlı əhalini təcili məlumatlandırmağa çağırıram”. Gürcüstan prezidenti Salome Zurabişvili isə deyib ki, Rusiya ilə pravoslav ittifaqı ola bilməz. O, baş verənlərə görə məsuliyyəti Rusiyanın daşıdığını vurğulayıb. Hakim Gürcü Arzusu Partiyasının qurucusu və hakimiyyətin boz kardinalı, milyarder Bidzina İvanişvili jurnalistlərə açıqlamasında Qavrilovun parlament sədrinin kreslosunda oturmasını “protokol səhvi” adlandırıb: “Təəssüf ki, təşkilatçılar bunun siyasi əhəmiyyətini nəzərə almayıblar”. Aksiya iştirakçıları isə hakim partiyanın ofislərindən birini dağıdaraq onun bayrağını yandırıblar. Qeyd edək ki, Bakıda səfərdə olan Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib: “Rusiyalı deputatın kürsüdən çıxışına baxmaq çox ağır idi. Hadisədən xəbər tutan kimi sessiyanın dayandırılmasını tələb etdim”. Özü də Salome Zurabişvili və İrakli Kobaxidze xarici səfərlərini yarımçıq kəsərək Gürcüstana qayıdıblar. 

Əslində, rəsmilərin çıxışı, İvanişivilinin hadisəyə belə laqeyd yanaşması baş verənlərin adi “protokol səhvi”nə görə olmadığını ehtimal etməyə əsas verir. Hətta Sergey Qavrilov da Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəklədiyini təkzib etməyib. Gürcüstanın ərazi bütövlüyünə qarşı çıxmış bir şəxsin parlament sədrinin kreslosunda oturub sessiyaya sədrlik etməsi bütün baxımlardan təhqiredicidir. O, RİA “Novosti”yə açıqlamasında bildirib ki, iclasın pozulması Gürcüstanda koalision hakimiyyətə zərbədir. Onun sözlərinə görə, Rusiya Gürcüstanla iqtisadi, turizm və mədəni sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır: “Deputatların səfəri pravoslavlıq əsasında münasibətlərimizin inkişafı və güclənməsinə xidmət etməli idi. Biz Gürcüstanda pravoslav kilsəsinin ekstremistlər tərəfindən güclü təzyiqə məruz qaldığını bilirik. Gürcü Pravoslav Kilsəsi, gürcü cəmiyyəti ilə həmrəyliyimizi ifadə etmək istəyərdik”. Deməli, ipucu kimi bu münasibəti də götürmək olar. Rusiya Gürcüstanla münasibəti pravoslavlığı əldə bayraq edərək bərpa etməyə çalışır. Yaxud Ukrayna Pravoslav Kilsəsi Rus Pravoslav Kilsəsindən ayrıldıqdan sonra Moskva Gürcüstanın da əldən çıxacağından ehtiyatlanır. Xatırladaq ki, 2018-ci ilin dekabrında o vaxtkı prezident Petro Poroşenko ölkədə Ukrayna Yerli Avtokefal Pravoslav Kilsəsinin yaradıldığını elan edib. Ukrayna Pravoslav Kilsəsinin Kiyev patriarxatının mitropoliti Yepifaniya Dumenko yeni kilsəyə primat təyin olunub. Rus kilsəsi bunun təkrarlanmaması üçün assambleyanın Tbilisidə keçirilməsinə razılıq verir. Ancaq Rus kilsəsinin Gürcüstanın daxili işinə müdaxiləsi rəsmi Tbilisinin hazırda tutduğu siyasi xəttə cavab vermir. Ehtimal etmək olar ki, bunun üçün Gürcüstan Pravoslav Kilsəsi də Ukraynadakı dindaşları ilə eyni xətdə olmağa çalışırlar. Onda iyunun 20-də parlamentdə baş verənlərin təxribat olduğu qənaətinə də gəlmək olar. Gürcüstan prezidenti, baş naziri, parlament sədri və müxalifət liderlərinin məsələyə aşağı-yuxarı eyni mövqedən münasibət bildirmələrini perspektivdə Ukraynadakı hadisənin təkrarlanacağına zəmin hazırlanması kimi də qəbul etmək olar. Son illərin hadisələri din mərkəzlərinin, xüsusilə kilsə, məscidlərdən casusluq məqsədilə istifadə edildiyini deməyə əsas verir. Bu baxımdan, Ukrayna və Gürcüstandakı kilsənin Rus Pravoslav Kilsəsinə bağlılığı bu istiqamətə xidmət edə bilər. Rusiya təsirindən qurtulmaq istəyənlər bu amili də diqqətdən qaçırmırlar.

Tarixdən məlum olduğu kimi, Bizans imperiyası çökəndən sonra Rusiya özünü onun varisi elan etdi. Sonrakı dövrlərdə isə gürcü, erməni, ukraynalı və başqa pravoslavlar Rus Pravoslav Kilsəsinin liderliyini qəbul edib. Deyəsən, indi ayrılmaq zamanıdır. Yeri gəlmişkən, ABŞ-ın Alyaska yarımadasındakı pravoslavlar Rus kilsəsinə tabe deyillər. Moskvadan başqa, pravoslavların başqa bir mərkəzi İstanbulda yerləşir. Ona Rum Ortodoks Patrikhanesi deyirlər, rəsmi adı isə belədir: Ümumdünya Konstantinopol Patriarxlığı. Qurumun 125 yepiskopu, 1800 keşişi var. ABŞ-da 525, Avstraliyada 117, Türkiyədə 6 mərkəzi fəaliyyət göstərir. Yunanıstanda 4 milyona yaxın, diasporda isə 1,5 milyon üzvü var. Kilsənin dili fransız, ingilis, ispan, yunan və türkcədir. 1453-cü ildə İstanbulu fəth etdikdən sonra Fateh Sultan Mehmet müsəlman olmayan əhali üçün Fənər Rum Kilsəsinin yaradılması barədə fərman verib. Həmin vaxtdan etibarən bu kilsə müstəqil olaraq mövcuddur. Osmanlı dövlətinə bağlı olmaq istəməyənlər o zaman Rus kilsəsinə sığınıblar. Əsasən, kilsənin xeyir-duası ilə idarə edilən Rusiya imperiyası onları müdafiə edib, onlara dövlət qurub. İndi vəziyyət və şərait dəyişib. Həmin ölkələrdəki pravoslav kilsələrinin Rusiyaya tabe olması dövlət müstəqillyinə qarşı fəaliyyət kimi qiymətləndirilir. Bu səbəbdən də onlar kilsəni də ayırmaq qərarına gəlirlər. Fikrimizcə, perspektivdə Gürcüstan pravoslavları da Rus kilsəsindən ayırılacaq.

Xatırladaq ki, 2018-ci ildə Ermənistanda Nikol Paşinyanın başçılığı altında hakimiyyətə gələn yeni siyasi qüvvələr ümumerməni katolikosuna qarşı çıxış etmişdi. Ötən ilin dekabrında Ermənistan parlamenti ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılması haqqında qanun layihəsini qəbul edə bilməmişdi. Paşinyançılar vurğulamışdı ki, katolikosun xalqın arasında sərbəst gəzə bilməsi öz problemidir: “Bu barədə özü düşünməlidir”.

Nəhayət, Gürcüstandakı hadisə milyarder Bidzina İvanişiviliyə də təzyiqin artacağını vəd edir. Olaylar Gürcüstanda yeni siyasi vəziyyətin yaranacağını da ehtimal etməyə əsas ver. Başqa sözlə, Gürcüstan Rusiya ilə arasındakı daha bir buxovu qırmağa hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi