Gürcüstanda baş nazirin istefası - milyarder İvanişvili siyasi səhnəyə qayıdır - ŞƏRH

Gürcüstanda baş nazirin istefası - milyarder İvanişvili siyasi səhnəyə qayıdır - ŞƏRH Bakı. 14 iyun. REPORT.AZ/ Ermənistandan sonra parlament üsulu ilə idarə edilən Gürcüstanda da hökumət başçısı istefaya göndərildi. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifədən getməsi ilə bağlı keçirdiyi brifinqdə bildirib: “Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Komandadakı ovqatı gördüyümdən istənilən komanda rəhbəri kimi mən də öz vəzifəmi tərk edirəm”.
Analitika
14 İyun , 2018 15:56
Gürcüstanda baş nazirin istefası - milyarder İvanişvili siyasi səhnəyə qayıdır - ŞƏRH
REUTERS/David Mdzinarishvili
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Ermənistandan sonra parlament üsulu ilə idarə edilən Gürcüstanda da hökumət başçısı istefaya göndərildi. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifədən getməsi ilə bağlı keçirdiyi brifinqdə bildirib: “Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Komandadakı ovqatı gördüyümdən istənilən komanda rəhbəri kimi mən də öz vəzifəmi tərk edirəm”.

Gürcüstan konstitusiyasına görə, baş nazir istefa verdikdə, hökumət də buraxılır. Hakim partiya yaxın 7 gündə yeni hökumətin tərkibini prezident Georgi Marqvelaşivliyə təqdim etməlidir. O da bir həftəyə yeni kabinetin siyahısını təsdiqlənmək üçün parlamentə göndərməlidir.

İstefa vermək demokratiya mədəniyyətindən sayılır. Ancaq hər iki ölkədə bu hadisə uzunmüddətli etiraz aksiyalarının nəticəsində baş verməsi prosesin arxasında fərqli mətləblərin olduğunu ehtimal etməyə əsas verir.

Başqa sözlə mayın sonundan Gürcüstanda qətlə yetirilən məktəblinin haqlarının tələbi ilə keçirilən “Məni öldürmə!” aksiyası hədəfinə çatdı. Həmin aksiya ölkənin baş prokuroru İrakli Şotadzenin istefasına nail olmuşdu. Onlar ədliyyə naziri Tei Tsulukiani və baş nazir Giorgi Kvirikaşvilinin istefasını da tələb edirdilər. G.Kvirikaşvili isə etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirirdi.

Gürcüstanın baş prokuroru İrakli Şotadze

İyunun 13-də hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının iclası keçirilib.

Üç saat sürən iclasda baş nazir Giorgi Kvirikaşvili, hakim partiyadan olan deputatlar, nazirlər və partiyanın sədri Bidzina İvanişvili iştirak etmişdilər.

İclas öncəsi partiya veteranları Kvirikaşvilinin kabinetinin müddətinin bitdiyinə işarə etmişdilər. Deputatların bir hissəsi nazirlərin istefasını tələb etsə də, bu, qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.

Hakim partiya iclasda baş verənləri ictimaiyyətdən gizli saxlamağa çalışsa da, maliyyə naziri Mamuka Baxtadze toplantıda hökumətdə dəyişikliklər məsələsinin müzakirə olunduğunu təsdiqləmişdi.

Milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi “Gürcü Arzusu” Partiyası 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərində keçmiş prezident Mixeil Saakaşvilinin “Milli Birlik” Partiyasına qalib gələrək hökuməti formalaşdırmışdı.

Qeyd edək ki, 2016-cı ildə keçirilən parlament seçkisində də 62 yaşlı milyarderin partiyası qalib gəlmişdi. İvanişvili 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək baş nazir oldu.

O, yerini 2013-cü il noyabrın 20-dən 2015-ci il dekabrın 30-dək hökumətə başçılıq etmiş İrakli Qaribaşviliyə təhvil vermişdi.

Bidzina İvanişvili 2013-cü ilin noyabrında isə siyasətdən getdiyini, vətəndaş cəmiyyətinin möhkəmlənməsi işi ilə məşğul olacağını bildirmişdi: “Mən çox səmərəli bir hökuməti qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəyəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacağam”.

Partiyanın sədri isə İrakli Qaribaşvili oldu.

Qaribaşvili istefaya göndərildikdən sonra 2015-ci il dekabrın 30-da Giorgi Kvirikaşvili baş nazir oldu. O eyni zamanda partiyanın sədri də seçildi.

5 il əvvəl siyasətdən getdiyini elan etmiş Bidzina İvanişvili gözlənilmədən bu il mayın 11-də yenidən “Gürcü Arzusu” Partiyasının başçısı oldu.

Partiyanın beşinci qurultayında nümayəndələr onu bir səslə sədr seçdilər.

Gürcüstanın baş nazir Giorgi Kvirikaşvili

Sonrakı hadisələr deməyə əsas verir ki, Giorgi Kvirikaşvilinin baş nazir postundan getməsinin təməli məhz həmin gün qoyuldu. Bununla da İvanişvili onu siyasi dəstəkdən məhrum etməklə Gürcüstan siyasətinə dönüşünü, açıq fəaliyyətə başladığnı bəyan etdi. Çünki 50 yaşlı Kvirikaşvili milyarderin adamı sayılırdı.

Yeni baş nazir postuna namizədlər arasında daxili işlər naziri və baş nazirin müavinin səlahiyyətlərini icra edən Georgi Qaxariya, maliyyə naziri Mamuka Baxtadze və hökumət administrasiyasının keçmiş başçısı, regional inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Mayya Tskitişvilinin adları hallanır. Mayya Tskitişvili hazırda səlahiyyətlərinin icra etdiyi vəzifəyə bu ilin mart ayında təyin edilib.

Mayın sonunda başlayan etiraz aksiyalarının əsl hədəfi barədə ehtimal irəli sürmək olar.

16 yaşlı məktəblilər David Saralidze və Levan Dadunaşvili 2017-ci ilin dekabrında qətlə yetirilib. Onların qatilinin cəzalandırlıması ilə bağlı etiraz aksiyası 5 ay sonra keçirilir. Levan Dadunaşvilinin atası baş nazirlə görüşməyə razılıq versə də, Saralidzenin atası aksiyanı davam etdirəcəyini, müxalifətlə birlikdə hökumət başçısı ilə danışığa gedəcəyini bildirir.

Ona görə belə mülahizə etmək olar ki, aksiya daha çox siyasi xarakterli olub.

İvanişvilinin yenidən partiya sədr seçilməsi isə baş nazirlə milyarder arasında fikir ayrılığının olduğunun göstəricisi sayıla bilər.

Deməli, etiraz aksiyasının sözə baxmayan baş nazir üçün bir təzyiq elementi olduğu qənaətinə gəlmək olar. “Gürcü arzusu”nda qarışıqlığı Marneuli şəhərinin meri Temur Abazovun saxlanılmasından sezmək olar. Belə görünür ki, milyarder bununla təkcə baş naziri deyil, həm də özünü müstəqil aparmaq istəyən nazirləri, hətta meri də cəzalandırır.

Bidzina İvanişvili

Yaxud ola bilər ki, o yeni hökumətə partiya xətti ilə nəzarət etməyə üstünlük versin. Bununla da heç bir məsuliyyət daşımadan dövlətin idarə edilməsində əsas rolunu qoruyub saxlasın. Çünki 2012-ci ildən indiyədək İvanişvilinin dövləti pərdəarxasından idarə etdiyinə dair məlumatlar yayılırdı.

Onu da ehtimal etmək olar ki, yaranmış vəziyyətdən müxalifətin yararlanmaması üçün “Milli Birlik” Partiyasında olan deputat Azər Süleymanovun vətəndaşın təhqir edilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması haqqında ittiham irəli sürülür.

Ona görə də belə ehtimal etmək olar ki, hakim partiya bununla müxalifəti gözdən salmağa səy göstərir.

Beləliklə, belə bir mənzərə yaranıb: Kvirikaşivili istefa vermək istəmir, baş prokurorda özünə arxayınlıq yaranıb, baş prokurorluq yeniyetmələrin qatilini gizlədir, partiyadaxili ziddiyyətlər artır, bu ilin payızında prezident seçkisi keçiriləcək, Rusiyanın təzyiqi artır və s.

Bu problemləri həlli üçün etiraz aksiyalarından yararlanmaq ən səmərəli üsul kimi özünü dəfələrlə təsdiqləyib. İvanişvili bundan məharətlə istifadə edə bildi.

2018-ci ilin payızında ölkə sakinləri sonuncu dəfə prezidenti birbaşa yolla 5 ilə deyil, 6 illik seçəcək. Hakim partiyanın namizədinin adını iyul və ya avqustda açıqlayacağı ehtimal edilir.

Baş nazir postu vəzifəsində Bidzina İvanişvilinin adı hallanmadığından onun prezidentliyə namizəd olacağını proqnozlaşdırmağa da əsas verir. Əks halda, yenidən partiyaya niyə sədr seçilirdi. Ona görə milyarder prezident seçkisinə yeni nəzarət edə biləcəyi hökumətlə getmək istəyir. Baş verənləri isə demokratiyanın qələbəsi kimi təqdim etməyə çalışırlar. Görünən isə odur ki, son 6 ildə Gürcüstanı hakimiyyətdə olmayan, siyasətdən getdiyini bildirmiş milyarder idarə edirmiş. Deməli, Bidizina İvanişvili çox uzağa getməyibmiş.

Son xəbərlər

Orphus sistemi