​Gümrü hadisələrinə sonuc əvəzi - ŞƏRH

​Gümrü hadisələrinə sonuc əvəzi - ŞƏRH Dünya bir daha Ermənistanın Rusiyanın forpostu olduğunu gördü
Analitika
181
21 Yanvar , 2015 17:30
​Gümrü hadisələrinə sonuc əvəzi - ŞƏRH

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Rusiya hərbi bazasının müddətli hərbçisi Valeri Permyakovun yaraladığı 6 aylıq körpə dəfn edilib.

Xatırladaq ki, Valeri Permyakov adlı rusiyalı Gümrüdə erməni ailəsinin biri 2 yaşlı olmaqla 6 üzvünü avtomat silahla güllələyərək qətlə yetirmiş, 6 aylıq körpəni isə yaralamışdı. 

Baş verənlərə əsasən ehtimal etmək olar ki, hadisə ətrafında yaranan ajiotaj yavaş-yavaş yatırılır.

Bunu hadisəyə dair yayılan xəbərlər də təsdiqləməkdədir. Ötən gün Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məsələ ilə bağlı İrəvana səfər edərək, Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

A.Bastrıkin deyib ki, V.Permyakovun məhkəməsi Ermənistanda açıq şəkildə keçiriləcək: "Bu, tərəflərin ədalətli məhkəmə keçirmək cəhdinə nümunə olacaq". 

Onun sözlərinə görə, Rusiya tərəfi erməni həmkarları ilə qarşılıqlı şəkildə tam anlaşıblar.

Rusiya prezidenti Vladimir Putin də hadisədən 5 gün sonra erməni həmkarına zəng edərək, baş verən hadisə görə təəssüfləndiyini bildirib və başsağlığı verib.

Rusiyanın xarici işlər naziri də hadisə ətrafında baş verən etirazlardan sonra erməni həmkarına başsağlığı ilə bağlı zəng edib. 

"İTAR-TASS" xəbər verir ki, rusiyalı diplomat 2014-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib ki, Gümrü hadisəsinin siyasiləşdirilməsinə cəhdə yol vermək olmaz: "İrəvan və Ermənistandan kənar qüvvələr bu hadisəni siyasiləşdirməyə çalışırlar".

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan qətl hadisəsi haqqında danışarkən vurğulayıb ki, ölkəsi bütün hallarda Rusiya ilə strateji müttəfiqliyini və dostluğunu davam etdirəcək, gücləndirəcək.

Rusiya və Ermənistan rəsmilərinin bir-birini tamamlayan bu sayaq çıxışları hadisə ilə bağlı qalmaqalın sakitləşməyə başladığını ehtimal etməyə əsas verir.

Hadisə ətrafında yaranan qalmaqalın sakitləşdiyini təsdiqləyən faktlardan bir də Gümrüdəki vəziyyətdir. Şəhərin ruslar yaşayan məhəlləsində keşik çəkən polislərin sayının azalması buna sübut ola bilər. Oradakı ruslar da ermənilərin mövqeyini müdafiə edərək, Permyakovun açıq şəkildə cəzalanmasını istəyir. 

"Bir axmağa görə iki dövlət arasında dostluğu pozmaq olmaz ", - Ermənistan KİV-inin məlumatına əsasən, bunu da Gümrüdəki ruslar söyləyib.

Moskva Gümrüdəki hərbi bazası ilə bağlı müəyyən addımlar da atmğa başlayıb. Ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahından Ermənistandakı 102 saylı bazanın şəxsi heyətinin 2016-cı ilin yazından müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılacağı haqda xəbər yayılıb.

Xəbərdə bildirilib ki, bazada hərbi xidmət edən rusiyalı sonuncu çağırışçı 2016-cı ilin yazında oranı tərk edəcək.

Bu haqda qərarın hələ ötən il, Gümrü hadisələrindən öncə qəbul edildiyi də qeyd olunub.

Buna nümunə olaraq, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazasında 2014-cü ilin dekabrından şəxsi heyətin müqavilə əsasında xidmət edən hərbçilərdən formalaşdırılmağa başlanıldıdğı da vurğulanıb.

Əsas məsələlərdən biri V.Permyakovun cəzalandırılması deyil. Çünki əvvəllər də Gümrüdə Rusiya hərbçiləri erməniləri qətlə yetirib və buna görə cəzalandırılıblar.

1999-cu ildə Ermənistandakı Rusiya hərbçiləri Denis Popov və Aleksandr Kamenev şəhər bazarı yaxınlığında odlu silahdan atəş açıblar. Həmin hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər isə yaralanıb. Gümrü məhkəməsi A.Kamenevi 15, Denis Popovu isə 14 il müddətinə azadlıqdan məhrum edib.

Onda D.Popov cəzasının 2 ilini, A.Kamenev isə 11 ilini Ermənistanda çəkdikdən sonra Rusiyaya qayıdıblar. Popovun cəzasının qalan müddətini harada çəkdiyi məlum deyil. Ermənistan KİV-inin məlumatına görə, o, Rusiyada yüksək vəzifəlilərdən birinin qohumudur.

V.Permyakova Rusiya qanunları ilə ən yüksək cəza verilə bilər. Digər həmvətənləri kimi cəzasının bir hissəsini Ermənistanda çəkdikdən sonra onun da ölkəsinə ekstradisiya olunacağı istisna edilmir.

Beləliklə, yanvarın 12-də Gümrüdə baş verən hadisə ilə bağlı aşağıdakı nəticələri çıxarmaq olar:

Rusiya Ermənistandakı hakimiyyətindən və ermənilərdən arxayın olduğundan V.Permyakovun ölkəsində mühakimə ediləcəyi ilə bağlı bəyanatı verməklə tələskənliyə yol verib.

Qətl hadisəsi ətrafında yaranmış qalmaqal Ermənistanda Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasını istəyənlərin sayının az olmadığını təsdiqləyib.

Rusiyanın siyasi, ictimai və elm adamları arasında Ermənistana və ermənilərə layiq olduqları yer göstərildi.

Dünya bir daha Ermənistanın Rusiyanın vassalı (forpost) olduğunu gördü.

Son xəbərlər

Orphus sistemi