Yuxarı
    Bağlamaq

    Gənclərin xaricdə təhsili üzrə II Dövlət Proqramı nə vəd edir? - RƏY

    Təkcə tələbə göndərmək yox, xaricdən müəllim və idarəçi gətirmək lazımdır

    Bakı. 18 aprel. REPORT.AZ/ "Gənclərin xaricdə təhsili üzrə I Dövlət Proqramının (2007-2015) həyata keçirilməsindən sonra toplanan təcrübənin öyrənilməsi məqsədilə birillik fasilənin götürülməsinə dair qərar qəbul edilib". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayil Cabbarov bloger Vyaçeslav Sapunova müsahibəsində deyib. 

    Nazirin sözlərinə görə, xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say kvotasının tətbiqi təklif olunur: "Məlumdur ki, 3 500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə ediblər. 1 500-dən çox tələbə bu gün də təhsillərini davam etdirir. Əvvəlcədən bildirdiyimiz kimi, ikinci proqramın mahiyyəti xaricə tələbə göndərilməsindən ibarət deyil, diqqət yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək. Bunun üçün universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri dəvət etməyi planlaşdırırıq. Xaricdə təhsil almağa göndəriləcək tələbələr üçün (ilk növbədə magistr və doktorantlar) say normasının tətbiqi təklif olunur. Ali məktəblər də öz növbəsində xarici mütəxəssislərin cəlb edilməsindən daha çox fayda götürəcəyimiz istiqamətlər üzrə təkliflər təqdim edəcəklər.

    Beləliklə, yeni proqrama uyğun olaraq xaricə əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Format dəyişikliyi dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açacaq".

    Mövzu ilə bağlı Təhsil Nazirliyi bir sıra tanınmış ekspertlərin, bu proqramdan faydalanaraq xaricdə təhsil alan, hazırda ölkəmizdə müxtəlif sahələrdə çalışan təqaüdçülərin fikirlərini təqdim edir:

    Müəllim Fariz Hüseynli(ABŞ-ın Şimali Dakota Universiteti): "Təhsil proqramı 2007-2015-ci illər üzrə nəzərdə tutulmuşdu deyə, iki variant var idi, ya avtomatik artırılmalı idi, ya da indiyə qədər aparılan araşdırma-qiymətləndirmənin nəticələrinə görə qərar verilməli idi. Büdcədən maliyyələşən istənilən proqram qiymətləndirilməli və nəticələri araşdırılmalıdır. Əlbəttə ölkə daxilində təhsilin keyfiyyətini artırmaq prioritet olmalıdır, amma xaricdə təhsilin yerini tam doldura bilməyəcəyik, yəni yenə də müxtəlif sahələrdə yüksək ixtisaslı tələbələrə ehtiyac olacaq, amma gərək elə olsun ki, daxildə bu təhsili təmin etmə imkanı olmasın. Məsələn, magistr və doktoranturaya köklənməni bu baxımdan düzgün hesab edirəm. Düzdür, bakalavrı tam ləğv etmək olmaz, ehtiyacı olan bəzi yerlərdə bakalavr davam etməlidir. Həmçinin, təkcə tələbə göndərmək yox, xaricdən müəllim və idarəçi gətirmək lazımdır. Xüsusən, idarəçilər orta və ali təhsildə müasir idarəetmə standartları gətirə bilərlər, daxildəki maraqlardan uzaq olarlar. Görünür, yeni qərar da məhz buna xidmət edəcək".

    Tədqiqatçı Vüqar Yaqublu (Almaniyanın Heydelberq Universiteti): "Xaricdə təhsil proqramının dayandırılması haqqında xəbərləri görəndə bir qədər mütəəssir oldum. Amma dayanmayıbmış, formatı dəyişiblər. Ümid edirəm tibbdəki gənclərimiz, eləcə də digərləri xaricdə təhsil, elmi fəaliyyət imkanı əldə etməyə davam edəcəklər. Yeni inkişaf edən millətlərin təcrübəsi göstərir ki, məhz inkişaf etmiş dövlətlərdə işləmiş insanlar inkişaf prosesinə böyük töhfə veriblər.Bir qızıl bir dövr oldu, onlarla gənc tibb təhsili üçün təqaüd aldılar. Mənim təxmini hesablamalarıma görə, uğur dərəcəsi 95%-in üzərindədir, yəni təqaüd verilən gənclərin əksəriyyəti gözəl mütəxəssis olma yolundadır, alman və türk tibb sisteminin parçası olublar. Bu bir daha gənclərimizin bacarıqlı olmasını, onlara sadəcə kiçik bir təkanın kifayət olmasının yetərli olduğunu göstərir.Xaricdə təhsilin maliyyələşdirilməsində dayanma və ya azalma olsa belə bu gün gənclərin bir üstünlüyü var, bu da onlar üçün saysız-hesabsız uğur tarixçələri və ən əsası da ənənələrin olmasıdır”.

    Təhsil eksperti Şahlar Əsgərov: "Təhsil naziri Mikayıl Cabbarov bu günlərdə müsahibəsində qeyd etdi ki, xaricdə yeni təhsil proqrama uyğun olaraq xaricə əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Belə qərarı uzun illərdi ki, gözləyirdim. Çünki belə olanda bakalavriatlardan fərqli olaraq həm magistrlər, həm də doktorlar vətənə dönəcəklər. Pul hədər xərclənməyəcək.Orta məktəbi Gəncədə, Şəkidə, Lənkəranda və ya digər şəhərlərimizdə qurtaran gənclər Bakıda ali təhsil almaqla bərabər, həm də dərindən Azərbaycan mədəniyyətini mənimsəyib, milliləşirlər. Ali təhsil müddətində muzeylərimizi gəzirlər, şəhərimizi bəzəyən heykəllərimizi, onların müəlliflərini tanıyırlar, milli musiqimizlə dərindən tanış olurlar və azərbaycanlaşırlar. Xaricə bakalavr səviyyəsində təhsil almağa gedənlər müxtəlif xarici mədəniyyətləri mənimsəyərək bir qismi fransızlaşır, bir qismi almanlaşır və s. Sonra vətənə dönəndə onların burda yaşaması çətinləşir. Magistr və doktor səviyyəsində demək olar ki, bu hadisələr baş vermir.. Bu səbəbdən də nazir Mikayıl Cabbarovun fikrini milli mənafeyə uyğun sayıram: əvvəlcə gənclərimizi milliləşdirək, sonra müasirləşdirək.

    İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul: "Xaricdə təhsillə bağlı Dövlət Proqramının monitorinqindən və xarici təcrübəni öyrəndikdən sonra bu təklifi hələ 2011-ci ildə vermişdik. Təklifimizi onunla əsaslandırmışdıq ki, təhsilin bu pilləsinə sərf olunan xərc yüksəkdir, eyni zamanda həmin pillədə qazanılan biliklər sonrakı – magistr, PHD səviyyələri ilə müqayisədə daha az yararlıdır. Sonuncu statistika göstərir ki, proqram çərçivəsində maliyyələşdirilənlərin 40 faizə yaxını bakalavrlardır.Bu, indiki böhran dövründə bizi xeyli əlavə xərcdən azad edər, yüksəkixtisaslı bakalavr kadrlarının hazırlanmasına təkan verərdi. İkincisi, humanitar ixtisaslar üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə son qoyulmalı və ya onların payı minimuma endirilməlidir. Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalı, bütün hallarda üstünlük onlara verilməlidir. Daha sonra xaricə göndərilənlərlə bağlı tələblər sərtləşdirilməli, sənəd qəbulu sadələşdirilməlidir. Tələblərin sərtləşdirilməsi deyərkən, TOEFL, IELTS üzrə xarici biliklərin qiymətləndirilmə səviyyələrinin yüksəldilməsini nəzərdə tuturam. Buna sevinir və düşünürəm ki, 2007-2015-ci illərdə, nəzərdə tutulan sayda - 5 min gənc xaricə göndərilməsə də, mühüm işlər görülüb".

    Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Aqil Əzizov: "Yeni format da təqdirəlayiqdir. Xaricdə PHD dərəcəsi almaq istəyən tələbənin bu mərhələyə qədər aldığı bakalavr və magistr təhsilinin nə səviyyədə olduğunu nəzərə almaq lazımdır. PHD tədqiqat aparmaq bacarığı tələb edir. Bizim təhsil sistemində bu sahənin inkişaf etdirilməsi üçün ilkin olaraq baza yaradılmalıdır və düzgün araşdırma aparmaq bilgiləri tələbələrə öyrədilməlidir. Bundan sonra isə tələbə PHD üzrə təhsilini davam etdirmək barədə düşünə bilər. Təqdirəlayiq hal odur ki, PHD üzrə qoyulmuş investisiya gələcəkdə bizim təhsil səviyyəsinin Avropa və dünya standartlarına gətirmək imkanı yarada bilər. Artıq PHD təhsilini başa vurmuş şəxslər oradakı təcrübəni daha yüksək səviyyədə ölkədə tətbiq edə bilər. Yaxşı olardı ki, dövlət proqramının digər təhsil pillələrinə də tətbiqi davam etdirilərdi. Amma təhsilini xaricdə davam etdirmək istəyən tələbə müxtəlif tələbə mübadiləsi proqramlarında iştirak edə bilər və ya hansısa universitetin təklif etdiyi təqaüd proqramlarından yararlana bilər".

    Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu, Dövlət Neft Fondunun əməkdaşı Nərgiz Eldarova: "Bir məqam şübhəsizdir ki, bu proqram son illərin ən uğurlu və uzunmüddətli nəticə göstərə bilən investisiyalarından biridir. Məncə, bu təcrübə əlbəttə ki, davam etməlidir və ölkəyə savadlı kadrlar əvvəlkindən daha da çox lazım olacaq. Ancaq biz anlamalıyıq ki, əgər bizim iqtisadi siyasətimizdə hər hansı bir dəyişiklik gözlənilirsə, yeni proqram, xüsusilə onun ixtisas istiqamətləri də buna uyğunlaşdırılmalıdır. Məsələn, kimya sənayesinin inkişafı prioritet olsa, minlərlə tələbənin məsələn, antropologiya üzrə oxumağa göndərilməsi təkcə bədxərclik deyil, həm də gələcəkdə potensial olaraq işsizliyin artması və lazımlı kadrların çatışmamazlığı deməkdir. Belə perspektiv isə hazırkı vəziyyətdə böyük bir riskə çevrilə bilər. Bu baxımdan əgər yaxın gələcəkdə Dövlət Proqramı daha da səmərəli şəkildə davam etsə, fasilə götürüb bütün məqamları dərindən təhlil etmək düzgün seçimdir. Məncə, bizim gənclərin xaricdə təhsili yenə də əsas istiqamət olmalıdır, amma bununla yanaşı xarici müəllimlərin Azərbaycana gətirilməsi də müsbət bir əlavə ola bilər. Hətta bundan da artıq deyərdim - ən qabaqcıl universitetlərin administrasiyası ilə təcrübə bölüşmək də məqsədə uyğun olardı. Hər halda, 2007-ci və 2016-cı illərin tələbləri ilə yanaşı, göründüyü kimi, proqramın yeni istiqamət və formatı ilə bağlı təklif və fikirlər də fərqlənir".

    Təhsil eksperti Etibar Əliyev: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xeyli sayda gəncimiz xarici ölkələrin aparıcı univrersitetlərinin bakalavriat və magistratura pillələrində təhsil alıblar. Mən bu proqramı uğurlu sayıram. Dövlət Proqramı qəbul olunduqdan sonra Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərinə üz tutmaq imkanları artdı. Ancaq onların ali məktəbləri bitirib ölkəyə qayıtmaları əsas məqsədlərdən biri olmalı idi. Çünki prioritetlər ölkədə sahələr üzrə mütəxəssis tələbatına uyğun şəkildə müəyyənləşdirilir. Azərbaycan hökuməti vətəndaşların keyfiyyətli təhsil almaları üçün bütün imkanlardan istifadə edir. Mən magistr səviyyəsində təhsillərini davam etdirmək istəyənlərin xarici ölkələrə göndərilməsinin tərəfdarıyam. Ali məktəblərdə və digər sahələrdə elmi dərəcəsini xarici ölkələrin aparıcı universitetlərində almış gənclərə böyük ehtiyac var. Belə ehtiyac bakalavr səviyyəsində təhsil alanlardan daha çoxdur. Dövlət Proqramı ilə xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının təhsillərinin monitorinqini aparıb cəmiyyətə təqdim etmək lazımdır. Digər tərəfdən mənə belə gəlir ki, əsasən bakalavr səviyyəsində təhsilin dayandırılması müvəqqəti xarakter daşıyır. Bu proses nə vaxtsa bərpa oluna bilər. Çünki xaricdə təhsil istənilən ölkənin təhsil siyasətinin əsasını təşkil edir və fasiləsiz xarakter daşıyır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi