Azərbaycanla Türkiyənin birgə fəaliyyəti hələ çoxlarına əməkdaşlığın daha faydalı olduğu dərsini verəcək. Son günlər Fransadan Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirməyə dair verilən açıqlamalar bunu təsdiqləyir.
Azərbaycanla Fransa arasında çox möhkəm tarixi bağlar mövcuddur. Düzdür, bu ölkədəki hakim dairələr son yüz ildən artıq bir müddət ərzində ermənilərin maraqlarını birmənalı, haqsız olaraq müdafiə etməklə tərəflər arasında normal münasibətlərə zərbələr də vurub. Bununla belə, tarixi faktları da təkzib etmək ədalətsizlik olar.
Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 3-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr həmin il fevralın 21-də qurulub. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümüdür. Bu illər ərzində tərəflər arasında gərginlik az olmayıb. Xüsusən Fransa prezidentlərinin Azərbaycanın ərazi bütövlüyü məsələsində qeyri-obyektiv çıxışları və parlamentinin qərəzli qərarı bu gərginliyin artmasına təkan verib.
Bu ölkə ABŞ və Rusiya ilə yanaşı, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. Ona görə də Azərbaycan Fransanın ədalətsiz davranışı, bəyanatları və qərarlarının daha çox şahidi olub. Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi isə bu dövlətin ali qanunverici orqanının tarixində qara ləkə olaraq qalacaq. Bu həm də fransalı seçicilərə hörmətsizlik, demokratik şəraitdən sui-istifadədir. Fransada da yeni nəsil bu ləkəni başqa məsələlər kimi dövlətin tarixindən silməyə çox çalışacaq, ancaq öz xələflərini lənətləməkdən başqa əllərindən bir iş gəlməyəcək. Çünki bu ölkənin yaxın və uzaq tarixində çoxsaylı ədalətsiz, haqsız və cinayət əməlli faktlar çoxdur. Təəssüf ki, indiyədək Yelisey sarayı, rəsmi Paris, Fransa parlamentinin Aşağı və Yuxarı palataları birlikdə buna görə üzr istəməyib. Ancaq heç şübhəsiz bunun da zamanı gələcək.
Yeri gəlmişkən, bir vaxtlar Afrikadan Amerikaya çoxlu sayda insan qul kimi işlədilməyə gətirilib, onlar əşya kimi satılıb. Əcdadlarını bu vəhşiliyinə görə müasir ABŞ dövləti onların törəmələrindən üzr istəyib. Qeyd edək ki, Fransa hakimiyyəti və parlamentinin apardığı anti-Azərbaycan siyasət səbəbindən iki ölkə arasında son ildə ticarət dövriyyəsi 40 faiz azalıb. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,9 faiz azdır. 2020-ci ilin ilk doqquz ayında Azərbaycandan Fransaya ixracın həcmi 55,08 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 392,45 mln. ABŞ dolları və ya 8,1 dəfə azdır. İdxalın həcmi isə 332,47 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 135,13 mln. dollar və ya 68,5 faiz artıb. Bununla belə nəticədə, hesabat dövründə 277,39 mln. ABŞ dolları həcmində mənfi saldo yaranıb. 2019-cu ilin eyni dövründə ticarət saldosu müsbət olub və 250,19 mln. ABŞ dollar təşkil edib. Beləliklə, Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin balansı 527,58 mln. ABŞ dollar və ya 210 faiz dəyişərək müsbətdən mənfiyə enib.
Azərbaycan torpaqlarının işğalından sonrakı dövrdə Fransa erməniləri və Ermənistanı hər cəhətdən dəstəkləyib. Hətta bir sıra hərbi-mühəndis quruğularının müəllifinin Fransa olduğu da istisna edilmir. 44 günlük döyüşlərdə bu ölkənin rəhbərliyinin əlində imkan olsaydı, Ermənistana hərbi qüvvə ilə də yardım edərdi. Buna imkanı çatmayan Fransa terrorçu PKK və ASALA kimi qrupların üzvlərinin Ermənistana aparılması üçün şərait yaradıb. Həmin günlərdə terrorçular Qarabağa Fransa-Suriya-İraq və Yunanıstan-İraq-Suriya marşrutu ilə daşınırdı. Azərbaycan Ermənistan ordusunu və havadarlarının onlara göndərdiyi terrorçuları darmadağın etdikdən sonra vəziyyət dəyişib. Fransa parlamentinin məlum qərarı ilə Ermənistanın məğlubiyyətinin acısını Azərbaycandan çıxmağa çalışdı. Ancaq bu məntiqsiz, hikkəli, millətlər və dövlətlər arasında düşmənlik, iğtişaş toxumu səpən bu qərar Azərbaycan əsgərinin qələbəsinə heç bir təsir göstərə bilmədi. Torpaqlarını işğaldan azad etmək uğrunda döyüşən Azərbaycan Silahlı Qüvvələri Qarabağda bu hədəfinin böyük qisminə nail olub. O, Xankəndi, Xocalı, Xocavənd, Şuşanın kəndləri istisna olmaqla Ermənistan ordusunu Azərbaycan Respublikasının torpaqlarından qovub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbulu zamanı dedikləri daha çox Fransaya şamil edilirdi. Çünki ABŞ və Rusiya 44 günlük döyüşlərdə özlərini daha sakit aparmışdı. Prezident döyüşlər, həmsədrlərin fəaliyyətsizliyi və məsələyə dair bir sıra mətləblərə toxunduqdan sonra sonda bunları vurğuladı: “Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır!”. O səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Bununla mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz”. Dövlət başçısının bu açıqlamasından sonra yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada imzalanan üçtərəfli bəyanat bölgədə sülhə və beynəlxalq hüquqa hörmət edənlərə də ismarış sayıla bilər.
Ermənistanın və ermənilərin ən güclü lobbisi və havadarları olan Fransa hökuməti də bundan sonra ədalətli çıxış etməyə cəhd göstərir. Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Fransa parlamentinin bir sıra üzvləri və ictimai xadimlərinin hökumətin Dağlıq Qarabağ münaqişəsinin həllində bitərəf mövqe tutmağa dair çağırışına cavab olaraq bildirib: “Bunun üçün Azərbaycanla səmimi və konstruktiv danışıqlar aparmaq lazımdır”. Nazirin açıqlamasından sonra Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri - deputatlar Jerom Lamber, Jan - Lük Reytzer, Andre Vilye, Mişel Vyale, Frederik Düma və Mjid El Gerab Fransa Milli Assambleyasına “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi“ adlı qətnamə layihəsi təqdim ediblər. Sənəddə Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb. Layihədə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı roluna toxunulub.
Yanvarın 13-də isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri “SOCAR Absheron” (50 faiz) və “TOTAL E&P Absheron” (50 faiz) şirkətləri arasında bərabər bölünüb.
Azərbaycan Fransa üçün daha güclü iqtisadi tərəfkeşdir. Ona görə də onların əməkdaşlıq etməsi daha səmimi və konstruktiv davranması günün tələbinə çevrilib. Düzdür, Fransa bu addımla özünü Azərbaycana xoşməramlı göstərməyə səy edir. Ancaq təxminən 2 ay əvvəl bu ölkədəki anti-Azərbaycan çıxışlardan sonra belə açıqlamanın səmimiliyinə inam da tərəddüdsüz ola bilməz.
Fransa oxşar addımı Türkiyəyə doğru da atıb. Yanvarın 15-də Fransa prezidenti Emmanuel Makronun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərdiyi barədə məlumat yayıldı. O, məktubunda Türkiyənin dövlət başçısına əlaqələri və əməkdaşlığı genişləndirməyi təklif edib. Fransa Türkiyənin Aralıq dənizinin şərqi və Liviya ilə bağlı siyasətinə görə anlaşılmaz addımlar atır. Rəcəb Tayyib Ərdoğan Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış etmişdi. Bundan başqa, iki ölkə arasında siyasi gərginlik yaradan amillərdən biri də ermənilərin saxta tarixi barədə Fransa parlamentində ziddiyyətli qərarın qəbul edilməsidir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14 milyard 677 milyon avro olub. Son 10 ildə bu münasibətin həcmi 47,4 faiz artıb. Türkiyə Fransanın Avropa İttifaqından kənarda 3-cü ən böyük ticarət ortağıdır. Eyni zamanda 2002-2018-ci illər ərzində Fransa şirkətləri Türkiyə iqtisadiyyatına 7 milyard 274 milyon ABŞ dolları həcmində sərmayə qoyublar. Hesabat ilində Türkiyə firmaları isə Fransaya 235 milyon ABŞ dolları məbləğində sərmayə yatırıblar. Ümumilikdə Türkiyədə 1 524 Fransa sərmayəli şirkət fəaliyyət göstərir.
Beləliklə, bu qısa xatırlamalar deməyə əsas verir ki, Qarabağ bölgəsinin böyük bir hissəsinin işğaldan azad olunması bir sıra dövlətlərin Azərbaycana münasibətini müsbət istiqamətdə dəyişir. Onları Türkiyə-Azərbaycan birliyinə daha hörmətlə yanaşmağa vadar edir. Fransa Azərbaycanla Türkiyəyə qarşı münasibətdə uzun illərdir erməni amilinə əsasən siyasət yürüdüb. Bu isə onun barəsində həmin ölkələrdə mənfi nüfuzun formalaşmasına səbəb olub. Odur ki, Fransanın maraqlarının vaxtı bitən erməni iddiası üzərində qurmaqdan imtinanın da zamanı gəlib. Eyni zamanda Yelisey sarayının da 200 illik erməni saxtakarlığından imtina etməsinin də zamanı yetişib. Başqa sözlə, yeni dövr, yeni münasibət dialoq və əməkdaşlıq tələb edir.