Fransada prezident seçkisi – çoxsaylı sosial problemlər, erməni nazına qalmayan yer

Fransada prezident seçkisi – çoxsaylı sosial problemlər, erməni nazına qalmayan yer Fransa müasir dünya demokratiyasının beşiklərindən sayılır. O, həm də BMT Təhülkəsizlik Şurasının 5 daimi üzvlərindən biri, dünyanın müxtəlif yerlərindəki münaqişələrə vasitəçilik edənlərdəndir. Bu kimi yönlərdən Fransadakı hadisələr, dəyişikliklər dünya
Analitika
22 Aprel , 2022 18:40
Fransada prezident seçkisi – çoxsaylı sosial problemlər, erməni nazına qalmayan yer

Fransa müasir dünya demokratiyasının beşiklərindən sayılır. O, həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindən biri, dünyanın müxtəlif yerlərindəki münaqişələrə vasitəçilik edənlərdəndir. Bu kimi yönlərdən Fransadakı hadisələr, dəyişikliklər dünya ictimaiyyətinin diqqətindədir.

Aprelin 24-də ölkədə prezident seçkisinin ikinci turu keçiriləcək. Namizədlər hazırkı dövlət başçısı Emmanuel Makron və Marin Le Pendir. Seçkiqabağı şəraitdə erməni lobbisinin fəaliyyəti ilə bağlı bəzi məqamlara da toxunacağıq.

Fransada Prezident seçkisi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda və Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ilk dəfədir keçirilir.

Odur ki, hər iki hadisənin bu siyasi kampaniyaya təsiri az deyil. Namizədlərin hər ikisinin Rusiyaya münasibətləri normaldır. Müharibənin gedişində Fransa Prezidentinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları və Ukraynanın Buça şəhərində törədilən qətliamı soyqırımı adlandırmaması bunu təsdiqləyir.

Bununla belə Makron rəqibi Le Peni az qala Rusiyanın adamı olmaqda ittiham edib:

“Siz Rusiya hakimiyyətindən və Putindən asılısınız. Siz Rusiya deyəndə, öz bankirlərinizdən danışırsız. Bu asılılığı sizin çoxsaylı əməllərinizlə də izah etmək olar”.

Makron Le Peni Krımı Rusiyanın tərkib hissəsi saymaqda da ittiham edib. Marin rəqibinin ittihamlarını rədd edərək Rusiyanın Ukraynaya müdaxiləsini mühakimə etdiklərini bildirib: “Ukraynanın üzləşdiyi təcavüz, qurbanlar yolverilməzdir”.

Qeyd edək ki, Le Pen prezidentliyə növbətçi namizəd kimidir. O bu posta üçüncü dəfədir namizədliyini irəli sürür. İlk dəfə o, 2012-ci ildə namizədliyini irəli sürmüşdü. Həmin siyasi kampaniyada Le Penin əsas rəqibi Fransua Olland olmuşdu. Seçkidə Olland qalib gəlmişdi. 2017-ci ilin prezident seçkisində Makronla mübarizə aparmışdı. Seçkiqabağı Rusiyaya səfər edərək Vladimir Putinlə görüşmüşdü. Bu siyasi yarışmada da məğlub olaraq Milli Cəbhə Partiyasına başçılığı davam etdirmişdi. 2022-ci ildə o, prezidentlik uğrunda üçüncü dəfədir mübarizə aparır.

Hər iki namizədin islam dininin təmsilçiləri olan mühacirlərə və müsəlmanlara münasibətləri oxşardır.

Marin Le Pen Rusiyaya Makrondan daha yaxındır. Fransanın NATO və Avropa İttifaqından çıxması istiqamətində fəaliyyəti də bunu isbatlayır. Makron isə onun ideyalarına qarşı çıxaraq aprelin 24-də keçiriləcək siyasi kampaniyanı referenduma da bənzədib:

“Bu prezident seçkisi Avropa İttifaqının lehinə və ya əleyhinə keçirilən referendumdur”.

Fransada keçirilən seçkilərə erməni lobbisi də təsir etməyə çalışıb. Daha doğrusu, ən güclü namizədi dəstəkləməklə uydurma fikirlərini, saxta tarixlərinin müdafiə olunmasına və ya dəstəklənməsinə cəhd göstəriblər.

44 günlük müharibə zaman Makron işğalçı Ermənistanı bütün istiqamətlərdə müdafiə etdi. Hətta, Azərbaycanın əks-həmlə əməliyyatına qarşı belə çıxışlar etdi. Müharibə zamanı Azərbaycan ərazisinə qanunsuz olaraq keçən Parisin “Le Mond” qəzetinin jurnalistinin yaralanması hadisəsindəki mövqeyi ilə özünü ifşa etdi. Vətəndaşının qanusuz olaraq Azərbaycan ərazisinə keçməsi faktına münasibət bildirməkdənsə, o, Qarabağda yaralanmış jurnalistin arxasınca təyyarə göndərmək niyyətində olduğunu demişdi. Makron sentyabrın 27-də “hücumu Azərbaycanın başladığını” iddia etməklə özünün və hakimiyyətinin işğalçının müdafiəçisi, havadarı olduğunu bir daha nümayiş etdirmişdi: “Ermənistanın müstəqilliyi və əhalisinə hörmət göstərilməlidir”.

Bu siyasi kampaniyada erməni lobbisinin müdafiə etdiyi iki namizəd də var idi – Respublikaçılar Partiyasından Valeri Pekres və Sosialistlər Partiyasından Ann İdalqo. Birinci turda onlar çox cüzi səs toplamaqla (uyğun olaraq, 4,78 faiz və 1,75 faiz) erməni lobbisinin gücünü, daha doğrusu gücsüzlüyünü nümayiş etdirdilər.

Erməni lobbisi onları qanunsuz olaraq Azərbaycanın Xankəndi şəhərinə gətirmişdi. Bununla ermənilər şəhərin onlara məxsus olduğunu təbliğ etmək istəyirdi. Ancaq hər iki namizəd prezident seçkisində məğlubiyyət uğradı. Məlum oldu ki, onların seçicilər arasında 5 faizlik nüfuzu belə yox imiş.

Bu, həm də erməni lobbisinin zəiflədiyinin göstəricisidir. Onlar Fransa cəmiyyətini əvvəlki tək uydurma tarix və “əzabkeş ermənilər” tezisləri ilə özlərinə tərəf çəkə bilmirlər. Artıq dünyada mütərəqqi düşüncə daşıyıcıları Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığa üstünlük verdiyini açıq şəkildə bildirir. Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşlərin dəstəklənməsi də bunu sübut edir.

44 günlük müharibədən sonra Fransa rəsmilərinin də Azərbaycan və Türkiyəyə münasibəti dəyişdi. Emmanuel Makron, xarici işlər naziri Jan-İv Le Drian Azərbaycan və Türkiyə ilə əməkdaşlığln vacibliyindən danışdılar. Hətta Makron Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşünə belə vasitəçilik etməklə bunu nümayiş etdirmişdi.

Hadisələrin inkişafı Marin Le Peninin bu dəfə də namizəd olaraq qalacağını, prezident seçilməyəcəyini ehtimal etməyə əsas verir. Makronun yenidən seçiləcəyi gözlənilir. Daim güclünün yanında olmağa adət etmiş erməni lobbisi indi öz qüvvələrini yenidən onun ətrafında cəmləməyə başlayıb.

Ancaq bu dəfə Emmanuel Makron üçün erməniliyi müdafiə etmək o qədər də asan olmayacaq. Çünki ölkədə ötən dövrdən qalma çoxsaylı sosial probemlər hələ də öz həllini tapmayıb.

Yeri gəlmişkən, 2018-ci ildə Fransa yanacaq məhsullarına tətbiq edilən verginin artmağa cəhd geniş miqyaslı etiraz aksiyalarının başlamasına səbəb oldu. 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı 2018-ci il noyabrın 17-dən “sarı jiletlilər” etiraz aksiyası keçirdi. Hakimiyyət bu addımın havanın çirklənməsinin qarşısının alınmasına qarşı atdığını iddia etsə də, etirazçılar onunla razılaşmadı. Həmin aksiyalar nəticəsində Fransa iqtisadiyyatına milyonlarla avro ziyan dəydi. Bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer etiraf etmişdi. Etiraz nümayişləri nəticəsində çoxlu sayda dinc sakin ölmüş, yaralanmışdı.

“Sarı jiletlilərin” 25-dən artıq tələbinə bu günədək əməl edilməyib: vergidə islahatlar üçün ümumxalq məclisinin çağırılması, vətəndaşın vəziyyətindən asılı olaraq 25 faizdən artıq verginin qadağan olması, minimal əmək haqqının artırılması, təqaüdlərin 40 faiz qaldırılması, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin açılması, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsi, bank inhisarlığının azaldılması, daxili borcun ləğv edilməsi, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılması, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınması, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılması, təhsildən ideologiyanın çıxarılması, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsi və s.

Fransada başlıca problemlərindən bəzilərinə də nəzər salaq: Fransa əhalisi qocalır; həyat səviyyəsi və keyfiyyət kəskin aşağı düşür; ölkədə dinlərəarası və etniklərarası münaqişələr güclənir; miqrantlar arasında qanun pozuntuları və cinayətkarlıq surətlə yayılır; işsizlərin sayı artmaqdadır; sosial asılılıq geniş yayılıb; Fransanın dövlət büdcəsinin yüklənməsi artır; ölkənin yerli sakinləri arasında narazılıqlar artır və s.

Bu kimi məsələlər deməyə əsas verir ki, Fransada qurulucaq yeni hakimiyyətin ermənilərin nazı ilə oynamağa elə çox vaxtı olmaycaq. Əks halda ölkəni “sarı jiletlilər”in yeni dalğası bürüyə bilər.

Son xəbərlər

Orphus sistemi