Fransada demokratiya böhranı - Makron günahkar axtarır - ŞƏRH

Fransada demokratiya böhranı - Makron günahkar axtarır - ŞƏRH Bu aksiyalar ölkədə ciddi islahatların keçirilməsinə ehtiyac olduğunu təsdiqlədi
Analitika
11 Dekabr , 2018 15:42
Fransada demokratiya böhranı - Makron günahkar axtarır - ŞƏRH
USA/PA Images

Bakı. 11 dekabr. REPORT.AZ/ Fransanı bir çox hallarda müasir demokratiyanın və azadlıq ideyalarının beşiyi də sayırlar. O, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Deməli, bu ölkə dünyadakı münaqişələrin həllinə, habelə qlobal səviyyədə məsələlərə veto qoymağa haqqı olan dövlətlərdəndir. Başqa sözlə, Fransa BMT-nin 194 üzvünün, Yer kürəsinin 7 milyard 591 milyonluq əhalisinin taleyüklü məsələsi ilə bağlı qərar vermək səlahiyyəti olan 5 dövlətdən biridir. Bu kimi məsələlər baxımından Fransadakı hadisələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir.

Deməli, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına etiraz aksiyaları davam edir. Təəssüflər olsun ki, söz azadlığı, insan hüquqları müdafiəçisi kimi çıxş edən, demokratik dəyərlərə üstünlük verdiyini əlində bayraq tutan Fransada “sarı jiletlilərin” hərəkatı dünya ictimaiyyətini qaneedəcək səviyyədə işıqlandırılımır. Dünyanın müxtəlif informasiya vasitələrinin əldə etdiyi məlumatlara əsasən, hərəkat başlayandan dekabrın 10-dək keçirilən aksiyalarda 4523 etirazçı saxlanılıb. Hadisələr zamanı 4 etirazçı ölüb, 130-dan çox aksiya iştirakçısı isə yaralanıb.

Hakimiyyət rəsmiləri aksiya itirakçılarının sayını mümkün qədər azaltmağa səy göstərirlər. Məsələn, dekabrın 8-də keçirilən aksiyada paytaxtda 1500 nəfərin iştirak etdiyi bildirilmişdi. Rəsmi məlumata görə, aksiyaları yatırmaq və asayişi qorumaq üçün 8 mini Parisdə olmaqla ölkə üzrə, ümumilikdə, 89 min polis cəlb edilib. Ehtimal etmək olar ki, bu əməliyyata təhlükəsizliyə cavabdeh olan başqa dövlət qurumlarının əməkdaşları da cəlb olunub. Görünür ki, aksiya heç də yanacağın qiymətinin 2,9 avrosent bahalaşacağında deyil. Məsələ daha ciddidir. Ölkənin büdcə siyasətinə məsul olan dövlət katibi Oliviye Dyusso bildirib ki, Prezident Emmanuel Makronun elan etdiyi iqtisadi tədbirlərin həyata keçməsi üçün 8-10 milyard avro tələb olunur. Bu həm də o deməkdir ki, Fransanın bütün sahələr üzrə islahata ehtiyacı var. Ancaq bu prosesi həyata keçirmək üçün maliyyə vəsaiti çatışmazlığı yaranıb. İslahatı həyata keçirmək üçün kim pul verəcək? Baş verənlərdən belə nəticə çıxır ki, hakimiyyət islahatlar aparmaq adı altında oliqarxlar qarşısında müəyyən öhdəliklər götürüb. İndi həmin vədlərə əməl edə bilmir. İslahata aparmaq üçün maliyyə vəsaitini isə yanacağın qiymətini bahalaşdırmaq və s. bu kimi məsələ hesabına həll etmək istəyir. Nəticədə öhdəliyi yerinə yetirmək üçün etirazçılara güc tətbiq edilir. Bu, azmış kimi, Emmanuel Makron dekabrın 10-da ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. O qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur. Problemlərin kökləri 40 il əvvələ gedib çıxır və indi onlar “küçələrə çıxır”. Bəs ötən bir ildə Makron hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hansı tədbirləri görüb? Əgər bu istiqamətdə addımlar atılsaydı, o zaman etirazçılar mövcud hakimiyyət qarşısında 25 maddədən ibarət tələb irəli sürməzdi. Prezident vətəndaşlara 2019-cu ildən ölkə üzrə əməkhaqqının minimum məbləğinin 100 avroya qədər artacağı vədini verib.

Yeri gəlmişkən, Fransa Prezidenti aksiya iştirakçılarını qəbul etməyəcəyini vurğulamışdı. O, noyabrın 30-dan dekabrın 1-dək “Böyük-20”liyin (“G-20”) Argentinada keçirilən sammitinə getmişdi. Argentinalı rəsmilərin Emmanuel Makron və həyat yoldaşı Brijitini Buenos Ayresdə hava limanında qarşılamamalarını da taleyin ironiyası saymaq olar. Onları yalnız işçi formasında olan aeroport əməkdaşı qarşılayıb. Makron və xanımı hava limanını tərk edərkən Argentinanın vitse-prezidenti Qabriela Miketti qonaqları salamlayıb. Adətən, dünyanın aparıcı dövlətlərinin başçıları belə hallarda bütün xarici səfərləri təxirə salırlar. Görünür, Emmanuel Makron ölkədəki etiraz aksiyasının ciddiliyini qəbul etmək istəmədiyindən, ya da tələblərə etinasız yanaşdığından vəziyyət böhran halına, fövqəladə rejimin tətbiqinə qədər gəlib. O, iş işdən keçəndən sonra dekabrın 10-da Yelisey sarayında həmkarlar təşkilatlarının və siyasi partiyaları təmsil edən 30-40 nəfərlə görüşüb. Artıq Prezidentin çıxışı və atdığı addım ölkədə tənqidlə üzləşib. Fransanın Respublikaçılar Partiyası sədrinin birinci müavini Qiyom Pelte vurğulayıb ki, Emmanuel Makron ölkə sakinlərinə müraciətində böhran əleyhinə tədbirləri necə reallaşdıracağını deməyib: “Fransa Prezidenti özünün əvvəlki bütün siyasi kursunu faktiki olaraq rədd edib və anti-Makron kimi çıxış edib”. Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci il noyabrın 13-də də elan olunmuşdu. Həmin gün Parisdə terror aktı törədilmişdi. Bu cinayət nəticəsində 132 nəfər ölmüş, 350-dən çox insan yaralanmışdı. Elə Emmanuel Makron da fövqəladə vəziyyət rejimi şəraitində prezident seçilib. 2017-ci il aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu keçirilib. O, mayın 7-də isə ikinci turda müxalifətin namizədi Marin le Penə qalib gələrək prezident olub. Ölkə üzrə fövqəladə vəziyyət rejimi isə 2017-ci il noyabrın 1-də ləğv edilib. Hər halda fövqəladə vəziyyət rejimi altında seçkilərin keçirilməsi ilə bağlı müzakirə olunacaq xeyli məsələ var.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” və “İnsanlığa ümid: Türkiyə” adlı tədbirdə dediklərini yada salmaqla kifayətlənmək istəyirik: “İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb onu müdafiə edənlər Fransadakı, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular. Gəzi hadisələrində dünyanı ayağa qaldırırdınız. İndi də eyni işi görün. Etmədilər, hadisələri yayımlamadılar. Çünki səmimi və dürüst deyillər”. O vurğulayıb ki, Türkiyənin demokratiyasına, azadlığına ağız büzənlər bu gün özləri imtahanla üz-üzədir: “Artıq Türkiyəyə kimsə demokratiya dərsi keçə bilməz. Avropaya deyiləcək söz odur ki, mədəniyyət maskası altında gizlətdiyiniz iç üzünüz artıq aşkara çıxıb. Atalar yaxşı deyib: “Bal iylənməz, yağ iylənər, onun da əsli ayrandır”.

Yeri gəlmişkən, Fransa xarici işlər naziri Jan-İv le Drian ABŞ Prezidenti Donald Trampın Fransada keçirilən etiraz aksiyaları ilə bağlı şərhlərinə cavab verərkən onu ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib: “Bizim ABŞ-ın daxili siyasəti ilə işimiz yoxdur və bunun qarşılıqlı olmasını istəyirik. Fransa Prezidenti və mən Donald Trampa deyirik: Bizim xalqı rahat buraxın”. Qeyd edək ki, Donald Tramp “Twitter” səhifəsində 2015-ci ildə BMT-nin ətraf mühitin qorunmasına dair “İqlim çərçivə sazişi”ni nəzərdə tutaraq yazıb: “Paris razılaşması” Paris üçün heç də sərfəli deyil. Fransanın hər yerində etiraz və iğtişaş var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinin yerinə böyük məbləğlər ödəmək istəmir. “Trampı istəyirik!” şüarlarını deyirlər. Fransanı sevirəm”. O, Fransa hökumətinə "mənasız və son dərəcə qiymətli" “İqlim çərçivə sazişi”nə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib: “Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan "Paris razılaşması"na son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?”

Təəssüf ki, insan hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlar, habelə Avropa İttifaqına üzv dövlətlər Fransada baş verən, ölümlə müşayiət olunan etiraz aksiyası ilə bağlı heç bir fikir söyləməyiblər. Halbuki Almaniya, Niderland və Belçikada Fransadakı etirazlara dəstək yürüşləri keçirilib.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. İndiyədək Fransa da daxil olmaqla qurumun 5 daimi üzvü bu məsələni heç vaxt yada salmayıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün beynəlxalq vasitəçi kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bu, azmış kimi, Fransa hakimiyyəti, bir qayda olaraq, işğalçı Ermənistanın yanında olub. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri Cənub Qafqaza səfərləri zamanı, bir qayda olaraq, Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycana da səfər edirlər. Bu, Fransanın əvvəlki prezidentləri - Nikola Sarkozi və Fransua Ollandın dövründə nəzərə alınıb. Ancaq deyəsən, Emmanuel Makron bu ilin payızında Yerevan səfərində təmsil etdiyi ölkənin Cənub Qafqazda üzərinə götürdüyü missiyanı unutmuşdu. O, Ermənistanda keçirdiyi görüşlərdə ermənilərə “soyqırım”la bağlı vədlər verdi. Bununla da ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəfli yanaşdığını gizlədə bilmədi.

Nəhayət, bir mətləbə toxunmaqla Fransanın mövcud siyasi-iqtisadi və sosial vəziyyətini xarakterizə etmək olar. 1964-cü idə Şarl de Qollun prezidentliyi dövründə “Fontomas” filmi çəkilib. Bu film 1967-ci ildə SSRİ-də dublyaj edilib. 1970-ci illərin Azərbaycanının ən məşhur xarici filmlərindəndir. Filmə baxanlar Fransada baş verən bütün bəlaların kökündə Fontomasın durduğunu yaxşı xatırlayırlar. O kimdir? Başqa planetdən gələn. Fimin yaradıcıları Fontoması “günah keçisi” kimi təqdim ediblər. Bununla da ironik şəkildə ölkədə baş verənlərin məsuliyyətini Şarl de Qollun deyil, Fontomasın daşıdığını vurğulayıblar.

Beləliklə, noyabrın 17-dən baş verən etirazlar Fransada demokratiyanın böhran yaşadığını sübut etdi. Ölkədə ciddi islahatların keçirilməsinə ehtiyac olduğu təsdiqləndi. Emmanuel Makron isə “problemlərin köklərinin 40 il əvvələ gedib” çıxdığını söyləməklə yenə Fontoması “günah keçisi” elan etdi. Ancaq onun Fontoması kimdir? 1969-cu il iyunun 20-dən 1974-cü il aprelin 2-dək Fransanın Prezidenti olmuş Jorj Raymon Pompidu, yoxsa 1974-cü il mayın 27-dən 1981-ci il mayın 21-dək həmin vəzifəni tutmuş Valeri Jiskar d Esten?

Son xəbərlər

Orphus sistemi