Fransa siyasətçiləri - ermənilərin törətdikləri cinayətlərin şərikləri

Fransa siyasətçiləri - ermənilərin törətdikləri cinayətlərin şərikləri İl ərzində Fransada bu və ya başqa məsələlərlə əlaqədar yüzlərlə təşəbbüslər irəli sürülür, ancaq onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır.
Analitika
19 Noyabr , 2020 18:05
Fransa siyasətçiləri - ermənilərin törətdikləri cinayətlərin şərikləri

Fransa parlamentinin dünyada baş verən hadisələrə yanaşması təəssüf doğurur. Belə anlaşılır ki, bu ölkənin cəmiyyəti daha çox ədalətsiz, ya da savadsızdır. Onların səs verib seçkili orqanlarda təmsilçilik hüququ verdikləri deputat, senator və bələdiyyə üzvlərinin çıxış və davranışları belə deməyə əsas verir. Əks halda, Fransa kimi bir dövləti idarə edənlər, orada siyasətlə məşğul olanlar cəfəngiyyat danışmazdılar, insanlar arasında nifaq salacaq bəyanatla çıxış etməzdilər.

Azərbaycan Ermənistanı işğal etdiyi ərazilərindən çıxarandan sonra Fransadakı bəzi siyasi dairələrin çıxışları daha da saxtalaşıb. Belə çıxır ki, 1992-ci ildən ATƏT-in Minsk qrupunun üzvü və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərdən olan Fransa Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən çıxmasına qarşı imiş. Yaxud belə anlaşılır ki, Fransa Qarabağ və ətraf rayonların Ermənistanın tərkibinə qatılması istiqamətində fəaliyyət göstərirmiş.

Görünür, onların bu pis niyyətləri baş tutmadığından son günlər Fransa siyasətçilərinin aqressivliyi sanki bir az da artıb. Təəssüfləndirici hallardan biri yalan və ədalətsiz açıqlamalar verənlərin, təkliflər irəli sürənlərin deputatlar və digər seçilmiş şəxslərin olmasıdır. Həmin siyasilər bununla seçicilərinə hörmətsizlik edir, onları alçadırlar.

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı bu dövlətə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Konstitusiyasının 34.1 maddəsinə əsasən, bu, adi qətnamədir, icrası hökumət üçün məcburi deyil. İl ərzində Fransada bu və ya başqa məsələlərlə əlaqədar yüzlərlə təşəbbüslər irəli sürülür, ancaq onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır.

Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onu tanınmağa ehtiyac olmasının lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhdləri sayəsində ortaya atılan növbəti təxribatdır. Erməni lobbisi bununla Fransada təsir altında saxladığı siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır.

Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd “qəbul oluna bilər” başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə yoxdur.

Qətnamənin təşəbbüskarlarının, demək olar ki, hamısının Emmanul Makron hökumətinə qarşı olması 2 versiyanı ortaya çıxarır: 1) bu, hökumət və Senat arasındakı ziddiyyətlərin növbəti təzahürüdür; 2) prezident Emmanuel Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.

Fransa parlamenti 2 palatadan ibarətdir: Milli Assambleya və Senat.

Senatorların sayı 348 nəfərdir. Sənədin təşəbbüskarları aşağıdakı 5 senatordur: M. Bruno Retailleau, M. Patrick Kanner, M. Herve Marseille, Mme Eliane Assassi, M. Guillaume Gontard.

Tarixi təcrübələr sübut edib k, Fransa Senatı erməni lobbisinin deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyası Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatdan irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Fransada belə ziyanlı təşəbbülərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar. Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Rəsmi Paris Cənub Qafqazda maraqlarını Ermənistan və ermənilər vasitəsilə reallaşdırmağa səy göstərirdi. Ancaq işğalçını müdafiə edən, işğalçıya yardım edən davranışı perspektivdə Fransanı bu bölgədən uzaq salacaq.

Fransa bu yersiz, heç bir tarixi hüquqi və mənəvi əsası olmayan iddialarla Azərbaycan Respublikası ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdlər etməklə özünü gülünc vəziyyətə qoyur. Fransa bu addımı ilə Azərbaycan torpaqlarında vəhşiliklər etmiş, Xocalı soyqırımı törətmiş Ermənistan və ermənilərin cinayətlərinə şərik olur.

Bir məsələni qeyd edək: Fransa ilə Azərbaycan son illərdə etibarlı ticarət tərəfdarşı olublar. Bu ilin yanvar-sentyabr ayları ərzində rəsmi Bakının Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. ABŞ dolları təşkil edib.

2020-ci ilin ilk doqquz ayında Azərbaycandan Fransaya ixracın həcmi 55,08 mln. dollar olub. İdxalın həcmi isə 332,47 mln. ABŞ dollarına bərabər olub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 135,13 mln. ABŞ dolları və ya 68,5 faiz artım deməkdir.

Hesabat dövründə Fransa ilə Ermənistan arasında ticarət dövriyyəsi, yaxud ixracat, idxalata dair fakt aşkar edilməyib.

Bu onun göstərir ki, cari ildə Ermənistanla Fransa arasında heç ticarət əlaqəsi olmayıb. Fransa Ermənistana müxtəlif yardımlar edib. Hətta 44 günlük döyüşlər zamanı Fransadan Ermənistana hərbi yardımın edildiyi barədə faktlar var. Terrorçu PKK və ASALA kimi qrupların əsas mərkəzlərindən biri Fransa sayılır. Azərbaycan hərbçiləri ilə döyüşə bu ölkədən terrorçular da göndərilib.

Fransanın Ermənistan və erməni kimi çıxışı onun vasitəçiliynə kölgə salır. Çünki vasitəçi tərəfsiz və qərəzsiz olmalıdır. Ancaq bu kimi çıxışlar və davranış Fransanın tərəfsizliyinə şübhəni artırır. Bu isə nəticədə ATƏT-n Minsk qrupunun həmsədrliyinin tərkibinin dəyişməsinə və ya ləğvinə səbəb olar.

İlham Əliyev
İlham Əliyev

Erməni separatçılarını dəstəkləyən Fransa siyasətçilərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə cavab verib: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Beləliklə, Fransadakı bəzi siyasilər ermənipərəst çıxış və mövqeləri ilə ölkəsinin beynəlxalq imicinə ziyan vururlar. Bu isə demokratiyanın beşiyi sayılan Fransanın münaqişələrin həllinə cəlb edilməkdən və vasitəçilik etmək hüququndan məhrum edər. İşğalçını dəstəkləməsi rəsmi Parisin hörmətdən düşməsinə, barəsində mürtəce imicin yaranmasına səbəb olar. Ümid edir ki, bu siyasətçilər Fransanı tarix qarşısında üzüqara edə bilməyəcəklər.

Son xəbərlər

Orphus sistemi