FES rəsmilərinin açıqlamaları dolları bahalaşdırıb

FES rəsmilərinin açıqlamaları dolları bahalaşdırıb Bu gün məşğulluq rəqəmləri dolların məzənnəsinin hərəkət istiqamətini müəyyən edəcək
Analitika
4 May , 2016 10:47
FES rəsmilərinin açıqlamaları dolları bahalaşdırıb

Bakı. 4 may. REPORT. AZ/ Ötən gün ABŞ Federal Ehtiyat Sistemi (FES) üzvlərinin açıqlamaları fonunda dollar  yenidən avroya qarşı bahalaşıb. "Report" xəbər verir ki, mayın 3-də Atlanta ştatının FES rəhbəri Denis Lokhardın uçot dərəcəsinin iyunda artırılmasının mümkünlüyü barədə açıqlaması, həmçinin San-Fransiskonun FES rəhbəri Con Uilyamsın iyun toplantısında uçot dərəcəsinin artırılması qərarını dəstəkləyəcəyi haqqında bəyanatı avronun məzənnəsini 1,1615 dollardan 1,1477 dollara kimi (-1,2%) azaldıb. Yaponiya yeni ilə müqayisədə isə dollar 1,7% möhkəmlənərək 105,7 JPY/USD səviyyəsinə çatıb. Hazırda isə bu məzənnələr müvafiq olaraq 1,1495 USD/EUR və 106,95 JPY/USD səviyyəsindədir.

FES üzvlərinin açıqlamaları ABŞ iqtisadiyyatının güclənməsi, inflyasiya və əmək bazarının möhkəmlənməsi halında FES-in ABŞ iqtisadiyyatına dəstək məqsədilə uçot dərəcəsini artırmasını düşündüyünü göstərir. Digər tərəfdən, bir çox iqtisadçının fikrincə, FES uçot dərəcəsini ən tez 2016-cı ilin sentyabr ayında artıra bilər. Onlar, iyunda faizlərin artırılması qərarına şübhə ilə yanaşırlar.

"Report"un analitik qrupu hesab edir ki, bu gün ABŞ-da aprel ayı üçün açıqlanacaq kənd təsərrüfati sektoru istisna olmaqla məşğulluq rəqəmlərinin müsbət olması dolların güclənməsini davam etdirə bilər. Qeyd edək ki, bu göstərici əsas iqtisadi parametrlərdən biri hesab olunur. Əks halda, məşğulluq rəqəmləri gözləntilərdən, yəni 196 min nəfərdən az olarsa, dollar yenidən zəifləyəcək və məzənnə 1,17 USD/EUR səviyyəsinə doğru hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi