​"Fənərbağça"- "Lokomotiv": Kremlin oyundankənar vəziyyətdən vurduğu qol - ŞƏRH

​"Fənərbağça"- "Lokomotiv": Kremlin oyundankənar vəziyyətdən vurduğu qol - ŞƏRH Bu sayaq addımları Rusiyanın müttəfiqi İran da İsrail idmançılarına qarşı atmışdı
Analitika
15 Dekabr , 2015 12:47
​Fənərbağça- Lokomotiv: Kremlin oyundankənar vəziyyətdən vurduğu qol - ŞƏRH

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol termini ilə desək, idman siyasəti oyundankənar vəziyyətə salsa da, az sonra onu yenidən cərimə meydançasında, özü də 11 metrlik zərbəni vuran halda görürük. Düzdür, bu, arzuolunan deyil, ancaq faktdır.

Ötən gün atılan püşk nəticəsində Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandalarının Avropa Liqasının 1/16 final mərhərləsində üz-üzə gələcəkləri məlum olub. Bu qarşılaşma iki ölkə arasındakı mövcud siyasi-iqtisadi baxımdan da böyük maraq və diqqət çəkir.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun məsələyə münasibətində çox nikbin olub: "Fənərbağça" və "Lokomotiv" klubları arasında keçiriləcək oyun böhrandan çıxış üçün vasitə ola bilər. Bir-birinə düşmən olmayan Türkiyə və Rusiya vətəndaşları Moskva və İstanbuldakı stadionları dolduracaq. "Lokomotiv" bizim üçün yad klub deyil. Mövcud problemə aidiyyəti olmayan gənclər oynayacaqlar. Bu, ağayana oyun olacaq. Mən istərdim ki, iki komandanın görüşü Rusiya ilə Türkiyə arasındakı mövcud vəziyyətə pozitiv təsirini göstərsin. Bu idman matçı böhrandan çıxışa yol aça bilər".

"Fənərbağça" və "Lokomotiv" komandalarının ilk oyunu 2016-cı il fevralın 16-da İstanbulda keçiriləcək. O vaxtadək isə hələ 2 ay var...

Türkiyə Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməməklə dözüm və səbr nümayiş etdirdiyi kimi, idmanı da elə oyun olaraq, dəyərləndirir. Ancaq təəssüf ki, Moskva ilə bağlı bunları demək olmur. Türkiyə sərhədini pozduğu üçün rəsmi Ankaradan üzr istəmək əvəzinə məsələni böyüdüb, hətta idman sahəsinədək sürüyür. Rusiya hakimiyyəti ölkənin futbol klublarına Türkiyədə təlim-məşq toplantısı keçirməyi qadağan edib.

Türkiyə vətəndaşı, karate üzrə dünya və Avropa çempionu Serkan Yağçı, dəvət və icazəsi olmasına baxmayaraq, Rusiya ərazisinə buraxılmayıb. Rəsmi Moskvanın idman icmasına təzyiqlərinə baxmayaraq, bu sahədə normal münasibətdən xəbər verən müəyyən işartılar da var. Ölkənin idman naziri Vitali Mutko ötən ayın sonunda bildirib ki, Türkiyədə keçiriləcək yarışlarda rusiyalı idmançıların təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək və onlar oradakı qarşılaşmalara qatılacaqlar.

Rusiya tərəfi iki komanda arasında keçirləcək oyuna hələ münasibət bildirməyib. Bu sükut razılıq əlaməti kimi qəbul edilsə də, son məqamda Kremlin təəssüfləndirici addım atacağı ehtimalı da az deyil. Bu sayaq addımları Rusiyanın müttəfiqi İran İsrail idmançılarına qarşı atmışdı. Bununla bağlı bir neçə faktı xatırlatmaq yerinə düşər:

Çində keçirilmiş Tələbələrin Ümumdünya Yay Universiadasında İsraildən olan həmyaşıdları ilə yarışdan imtina etdikləri üçün İran idmançıları Oyunlardan qovulmuşdu.

 Ölkənin voleybol komandası yəhudi dövlətinə qarşı oyuna gəlməmişdi. Bu hərəkətinə görə, İranın müvafiq qurumu cərimələnmişdi.

Ermənistanda keçirilən Panerməni Oyunlarında da İranın futbol klubu İsrail komandası ilə qarşılaşmaqdan imtina etmişdi. Nəzərə almaq lazımdır ki, İslam Respublikasının komandasının oyunçuları ermənilərdən ibarət idi.

Pekində keçirilmiş dünya çempionatında brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük üzrə seçmə mərhələdə iranlı Məhəmmədəli Rezai iştirakdan imtina etmişdi. Məsələ burasındadır ki, İsraildən olan idmançı Qal Nevo da M.Rezai ilə birgə üzməli imiş. İranlı idmançı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da İsrail idmançısı ilə bir hövuzda yarışmaq istəmədiyini söyləmişdi. 

İranla Rusiyanın müttəfiq olduğunu nəzərə alsaq, davranışlarında da, bir-birinə oxşadığı görünməkdədir. Kremlin indiki yiyəsi Vladimir Putin başda olmaqla, Rusiya rəsmiləri Türkiyə vətəndaşlarının onlara düşmən olmadıqlarını vurğulayır. Ancaq Türkiyədə keçirilməsi planlaşdırılan yarışlara ölkə idmançılarının qatılmasının qarşısının alınması kimi addımlar bunun əksini deməyə əsas verir. Belə olan halda Moskvanın addımlarına haqq qazandırmaq olmur.

Qeyd edək ki, "İsrailə ölüm!" İran İslam Respulikasının təməl siyasi-ideoloji şüarlarındandır. Moskva Türkiyəyə qarşı belə şüar irəli sürməsə də, atdığı addımları ilə iki dövlətin cəmiyyəti arasında düşmənçilik toxumu səpməyə xidmət etməkdədir. Odur ki, bu davranışı ilə "Fənərbağça" ilə "Lokomotiv" arasındakı qarşılaşma zamanı Kreml cərimə meydançasında 11 metrlik nöqtədən zərbə vuran halda da görünə bilər.

Bununla belə, qarşılaşmanın keçiriləcəyinə 53 gün qalıb. Ona görə ümid edək ki, bu dəfə siyasətin vuracağı qol oyundankənar vəziyyət sayılacaq və futbolun simasında idman qalib gələcək. 

Son xəbərlər

Orphus sistemi