Yuxarı

FED-in uçot dərəcəsini sabit saxlaması bazarlara təsirsiz ötüşməyib - ŞƏRH

FED-in uçot dərəcəsini sabit saxlaması bazarlara təsirsiz ötüşməyib

Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) son iclasında uçot dərəcəsini 2,25-2,50% səviyyəsində saxladı. Komitənin 10 üzvündən 9-u bu qərarın lehinə, bir nəfər isə əksinə səs verib.

2008-ci ilin 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25% həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5%) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5%-ə kimi artırdı.

2018 ildə tənzimləyici 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75%-ə, 13 iyunda – 1,75-2%-ə, 26 sentyabrda – 2-2,25% və 19 dekabrda – 2,25-2,5%-ə kimi.

FED-in əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozu ÜDM-in dinamikası və işsizliyin səviyyəsinin saxlanılması nəzərdə tutsa da, ilin sonunda inflyasiya martda gözlənildiyi kimi 1,8% deyil 1,5% səviyyəsində olacaq.

Mərkəzi Bank yekun komünikesində dərəcələrin korrektə edilməsi üçün qərar qəbulunda “dözümlü olacaq” ifadəsindən istifadə etmədi. Qurumun 17 rəhbərindən 8-i dərəcənin bu il, 9 nəfər isə 2020-ci ildə azalmasını gözləyir.

“Report”un analitik qrupu hesab edir ki, FED son qərarı ilə bazarların gozləntilərini qarşılayaraq, yaxın gələcəkdə ondan gözlənilənləri etməyə hazır olmasına işarə etdi. Bu isə iyulda baş tutacaq iclasda faiz dərəcəsinin endirilməsinə zəmin yaradır.

FED-in iki günlük iclası bitdikdən sonra ABŞ fond indeksləri ticarət sonu artım nümayiş etdirib. Çərşənbə axşamı səhər saatlarında dollar əsas valyutalar səbəti qarşısında ucuzlaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 38 dollar bahalaşaraq 1 386,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,40 dollar artaraq 15,36 dollara satılıb.

FED iyunun 18-19-da keçirilmiş iclasdan sonra tonunun dəyişməsi fonunda ABŞ dollarının bütün əsas valyutalara qarşı zəifləməsi də neft bazarına müəyyən dəstək təmin edir. Belə ki, bu gün "Brent" markalı neftin avqust fyuçersləri London birjasında 62,68 dollar/barel səviyyəsində satılıb və bu çərşənbə gününün bağlanış sessiyasındakı göstəricidən 0,86 dollar (1,39%) çoxdur. WTI markalı neftin iyul fyuçersləri isə 0,68 dollar (1,26%) artaraq, bir barrel üçün 54,44 dollara çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi