Yuxarı

"Report": FED-in qərarları maliyyə bazarlarına təsir edəcək

"Report": FED-in qərarları maliyyə bazarlarına təsir edəcək

2476

FED uçot dərəcəsinin artım tempini sürətləndirəcək, maliyyə aktivlərinin qiymətində isə ciddi azalmalar olacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən gün keçirilən son iclasında qəbul etdiyi qərarlar və monetar siyasətin perspektivlərinə dair açıqlamaları maliyyə bazarlarında bir sıra aktivlərin qiymətinin dəyişməsinə gətirib çıxaracaq.

"Report"un analitik qrupu xəbər verir ki, qiymətli kağızlar bazarında gəlirlilik artmağa başlayacaq. Buna səbəb, FED-in uçot dərəcəsini mərhələli şəkildə artırmağa davam etməsi barədə açıqlaması olub. Qeyd edək ki, dekabr ayında FED-in uçot dərəcəsini artırma ehtimalı 62%-ə yüksəlib. Bu göstərici sentyabrın 8-də 22%, iclasa qədər isə 50% olub. Artıq ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliliyi artmağa başlayıb.

Kapital bazarlarında, xüsusilə fond birjalarında yaxın bir ildə ciddi azalma proqnozlaşdırılmasa da, daha sonra maliyyə bazarlarında likvidliyin azalması və faizlərin kifayət qədər yüksəlməsi bu bazarlardakı aktivlərin qiymətini bir qədər azalda bilər. Qeyd edək ki, FED oktyabrdan etibarən balansını ayda 10 mlrd. dollar azaltmaq qərarına gəlib. Bu qərara əsasən, dövlət istiqrazlarının həcmi 6 mlrd. dollar, ipoteka qiymətli kağızlarının həcmi isə 4 mlrd. dollar azaldılacaq. Xatırladaq ki, FED-in balansında 2,7 trln. dollar həcmində dövlət, 1,8 trln. dollarlıq ipoteka qiymətli kağızları var. 2018-ci ilin ilk rübündən azalmanın həcmi aylıq 20 mlrd. dollara, müvafiq olaraq 12 mlrd. və 8 mlrd. dollara yüksəldiləcək. Ancaq növbəti ilin son rübündən etibarən FED balansını 50 mlrd. dollar azaltmağı planlaşdırır ki, bu zaman qlobal maliyyə bazarlarında ciddi likvidlik problemi yarana bilər.

FED-in öz proqramını icra edə bilməsi üçün yaxın 1 ildə xammal qiymətləri də yüksək səviyyədə qalmağa davam edəcək. Neftin qiyməti 50 dollar/barel, qızıl isə 1 200 dollar/unsiyadan baha satılacaq.

"Report"un analitik qrupu hesab edir ki, 2018-ci ilin son rübü-2019-cu ilin ilk rübündə FED-in faiz dərəcəsini daha sərt addımlarla, yəni 0,5 faiz bəndi artırması fonunda maliyyə bazarları müəyyən çətinliklərlə üzləşə bilər: "Bu zaman maliyyə aktivlərinin qiymətində ciddi azalmalar müşahidə edə bilərik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi