Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?!

Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?! Müsəlman olduğunu iddia edən insanın pənah yeri falçılar yox, Allah olmalıdır
Analitika
16 Mart , 2016 12:49
Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?!

Bakı. 16 mart. REPORT.AZ/ İnsan tarix boyu istər özü, istərsə də ətrafı ilə əlaqədar bilmədiklərini anlayıb kəşf etməyə, gələcəyin nələr gətirəcəyini əvvəlcədən öyrənməyə və beləliklə öz qədərinə hökm etməyə çalışmışdır. Qədim dövrdən bugünədək bəşər övladı fövqəltəbii inanclara hədsiz dərəcədə maraq göstərmiş və onun sirli olmasından təsirlənmişdir. İnsanın bilmədiklərini və sirli olanı öyrənmək üçün müxtəlif metodlardan istifadə etdiyi məlumdur. Zaman keçdikcə insanların bu tələbatını təmin etmək məqsədilə bu işi ixtisas halına gətirən və cəmiyyətdə böyük etibar qazanan şəxslər ortaya çıxmışdır. Kahin, sehrbaz, cadugər, falçı, baxıcı kimi adlarla bilinən bu şəxslər görünməyən məxluqlarla əlaqə qurduqlarını, yaxud təbiətdəki bəzi varlıqların, əşyaların vəziyyətini və davranışlarını yozduqlarını iddia etmişlər.

Fal ümumi mənada müxtəlif üsullardan istifadə edərək, gələcəyə dair hadisələr, qeyb aləminə aid məlumatlar barədə xəbər verməkdir. Başqa cür desək, insanın öz taleyi haqqında məlumat əldə etmək arzusunun bir nəticəsidir. Fala baxan şəxs qüvvətli hissiyata malik olduğunu və fövqəltəbii güclərlə əlaqəyə girdiyini irəli sürür. Hətta bunu bəzən rituallar halında həyata keçirir.

Fal inancı insanın gələcəyə dair sonsuz marağının mühüm bir göstəricisi kimi hər cəmiyyətdə görülən fəaliyyət sahəsidir.

Bəşəriyyətin tarixi qədər qədim olan fala inancın kökü təxminən e.ə. IV minilliyədək uzanır. Xüsusilə, Misirdə, Çində, Babildə və Akkadlar dövründə inkişaf edən falçılıq düşüncəsi buradan digər ərazilərə yayılmışdır. Həmin dövrdə ən çox istifadə olunan fal növü daxili orqanların yoxlanılması idi. Məsələn, Hititlər fala heyvanların daxili orqanlarından, qədim çinlilər isə heyvan sümüklərindən istifadə etməklə baxırdılar. Qədim Yunanıstan və Romada fal həyatın hər sahəsində geniş yayılmışdı. Kahin adı verilən şəxslər quşların davranışlarını müşahidə etməklə, heyvanların orqanlarına və ya ulduzlara baxmaqla gələcək haqqında məlumatlar verirdilər. Türk xalqları arasında isə müsəlman olmazdan əvvəlki dövrlərdə fal şamanizm inancıyla eyniləşmiş, heyvan sümüyü, ox və yay ilə fala baxılmışdır. Zaman keçdikcə falda istifadə olunan metod və üsullarla əlaqədar ulduz falı, kart falı, su falı və s. fal növləri ortaya çıxmışdır.

Yəhudilərdə də gələcəyi kəşf etmək, bilinməyəni anlamaq tələbatı ilə bu işi görən şəxslər və metodlar mövcuddur. Lakin yəhudilərin müqəddəs kitabında hər cür kəhanət və fal qadağan edilmişdir. Tövratda “Gizli şeylər Allahımız Rəbbindir” (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi vurğulanmışdır. “Aramızda falçı, münəccim, sehrbaz, əfsuncu, cinci, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq” (Təsniyə, 18/10-11) deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr edilmişdir (Levililər, 19/31; 20/6, 27).

Yəhudilərdəki qədər olmasa da, fal və kəhanət xristianların həyatında da mühüm ənənə olmuşdur. Xristianlarda falçılığın əsasları Yunan-Roma və yəhudi ənənəsindən qaynaqlanır. Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin “Rəsulların işləri” bölməsində xristian olmayanlar arasında sehrbaz və falçılarla bağlı məlumatlar verilmiş və bunlar çox pis əməllər kimi tənqid edilmişdir.

İlk xristianlar fal və kəhanəti cadugərliyin bir qolu kimi qəbul edirdilər. Xristian teologiyasında insanla həqiqi Tanrı arasındakı əlaqə əvəzinə, insanla insan-tanrı İsa (ə) arasındakı yaxınlıq ortaya qoyulduğuna görə kəhanət və faldakı xeyir-şər mücadiləsi İsa (ə) ilə şeytan arasındakı müharibənin bir parçası hesab edilmiş, insanın başına gələn pis hadisələr, mediumluq və buna bənzər şeylər cinlərin işi hesab edilmişdir.

Cahiliyyə dövrü ərəblərində də digər qövmlərdə olduğu kimi fal, baxıcılıq və kəhanət bir-birinə qarışmış halda mövcud idi.

İslam dini gəldikdən sonra cahiliyyə adətlərindən hesab edilən fal oxları ilə qismət axtarmaq qadağan edilmiş, kahinlik və falçılığın bütün növləri haram buyurulmuşdur. Belə ki, bu əməl “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 90) ayəsi ilə qadağan edilmişdir.

Fala baxan şəxs qeybi (gələcəkdə baş verəcək hadisələri) bildiyini iddia edir. Qeybi bildiyini iddia edən şəxs Allahın Qurani-Kərimdə nazil etdiyi “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (Ənam, 59) ayəsini inkar etmiş olur.

Hətta Məhəmməd Peyğəmbər (s) də Allahın ona xəbər verdiklərindən başqa heç bir qeybi bilmirdi. Qurani-Kərimdə belə buyurulur: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (Əraf,188).

Kəhanəti və kahinlərin əməllərini qətiyyətlə rədd edən Məhəmməd peyğəmbərin (s) cahiliyyə dövründə ərəblər arasında inanca çevrilən quşların adları, səsləri və uçuşlarından uğursuz mənalar çıxarmaq, yaxud çınqıl daşı, noxud, paxlalı bitkilər və s. ilə fala baxmaq kimi bütün fal növlərini qadağan etdiyi məlumdur. Hədislərdə fal və buna bənzər fəaliyyət növlərinin nəticələrinə inananların Məhəmmədə (s) endiriləni inkar etmiş sayılacaqları, namazlarının qırx gün qəbul edilməyəcəkləri şəklində şiddətli xəbərdarlıq vardır. Buna görə də, İslamda Allahın mütləq hakimiyyətinə və birliyinə olan inancı zədələyən, bütlərlə istişarə etmək, onlardan kömək gözləmək kimi cahiliyyə adətlərinin izlərini daşıyan, insanı həqiqi bilgi mənbələrinə istinaddan uzaqlaşdıran hər cür fəaliyyət batil hesab edilmiş, fal və falçılıqla bağlı bütün davranışlar bu mahiyyətdə qadağan olunmuşdur.

Falçılıqla, kəhanətlə yanaşı, cadugərliyi də İslam dini böyük günahlardan hesab etmiş və ona şiddətlə qarşı çıxmışdır. İslam alimləri Allahın diləməsi xaricində cadunun heç kəsə zərərinin toxunmayacağını, müsəlmanın cadu ilə məşğul olmasının və cadu etdirməsinin də haram olduğunu qətiyyətlə vurğulamışlar.

Ayə və hədislərdən göründüyü kimi, İslam dinində qeybi bilmək, insanın qədərini dəyişdirmək iddiası daşıyan, Allahdan başqa varlıqlardan kömək almaq məqsədi güdən xürafatlar, batil inanclar qəti qadağandır və böyük günahdır.

Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və buna bənzər fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq öz fəaliyyətini davam etdirir və buna inanan insanların sayı da azalmaq bilmir. Elmli, ziyalı insanların, hətta özünü müsəlman adlandıran şəxslərin də fala baxdırdığı bir faktdır. Kütləvi informasiya vasitələrində yer alan, televiziya kanallarında və sosial şəbəkələrdə müxtəlif adlarla yayımlanan ulduz falları, ekstrasens proqramları və bənzər təbliğatlar bu mənfi fəaliyyətin inkişafına rəvac verir.

Müxtəlif dövlətlər cəmiyyətdə mənfi meyillərin artmasına və dələduzluq yolu ilə insanların aldadılmasına səbəb olduğu üçün falçılığı qadağan etməyə məcbur olmuşlar. Məsələn, ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır və bu əməl ölüm, yaxud ömürlük həbslə cəzalandırılır.

Bütün bunlara baxmayaraq, dünyada və ölkəmizdə falçılıqla cadugərlik fərqli don geyindirilməklə, fərqli metodlar tətbiq edilməklə, müxtəlif ad və ünvanlarla cəmiyyətə təqdim edilir. İnsanlar bilməlidirlər ki, falçılıq insanların həyatı ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına qazanc məqsədi daşıyan dələduzluq fəaliyyətindən başqa bir şey deyildir.

İnsan öz həyatına rasional, məntiqlə yanaşmalı, bu cür cəfəngiyyatlara inanmamalıdır. Həyatımızda baş verən bütün hadisələr insanın özü, ətrafı və əməllərindən asılıdır. Heç kəs qabaqcadan baş verəcək hadisələri görə və ya dəyişə bilməz. Eləcə də, gələcəkdən xəbər verə bilməz. İnsan gələcəyə dair sadəcə proqnozlar verə bilər. Bu da gördüklərimiz, müşahidə etdiklərimiz və təhlillərimiz əsasında mümkündür. Sabahkı günə olan hava məlumatı və ya xəstəliyin irəliləməsini və geriləməsini müşahidə edən həkimin diaqnozu, siyasətçilərin baş verə biləcək hadisələri şərh etmələri, bizim kimi təhlilçilərin mövcud vəziyyəti öyrənib sonrakı mərhələdə baş verə biləcək hadisələr barədə proqnoz verməsi kimi və s. Buna dünyagörüşü və ya uzaqgörənlik də deyilir.

İnsanın başına nə gəlirsə gəlsin, pənah yeri özü, məntiqli düşüncəsi, düzgün həyat tərzi, problemlərlə səbrlə və qətiyyətli mübarizəsi olmalıdır. Üstəlik müsəlman olduğunu iddia edən insanın pənah yeri falçılar yox, Allah olmalıdır.

Gələcəyiniz, işləriniz, bəxtiniz, qısası, öz xoşbəxtliyiniz üçün müraciət etdiyiniz falçılıq və cadugərlik, aydındır ki, sizi bədbəxtliyə və Allaha şərik qoşmaq kimi böyük günah işlədiyinizə görə Cəhənnəmə yönləndirir.

Əgər müraciət etdiyiniz falçı, həqiqətən də, gələcəyi görə bilsəydi, öz aqibətini görər və bu peşəsindən əl çəkərdi!

Elnarə Kərimova,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin

Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən

Son xəbərlər

Orphus sistemi