Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası - ŞƏRH

Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası - ŞƏRH Baş verən hadisələrə əsasən demək olar ki, Ermənistan Azərbaycanla dövlət sərhədində bu təxribatı törətməyə bir neçə gün əvvəldən hazırlaşıb.
Analitika
4904
13 İyul , 2020 17:20
Ermənistanın sərhəddəki təxribatı - Paşinyanın Rusiyaya qarşı aksiyası - ŞƏRH

Ermənistan düz 4 il 3 ay 10 gündən sonra cəbhədə yenə təxribata əl atdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarında 22 il əvvəl əldə edilən atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindəki mövqelərinə hücum etmişdi. 4 günlük müharibə ordumuzun qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində olan yollar düşməndən azad olunmuşdu.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Baş verən hadisələrə əsasən demək olar ki, Ermənistan Azərbaycanla dövlət sərhədində bu təxribatı törətməyə bir neçə gün əvvəldən hazırlaşıb.

Son günlərin hadisələrini yada salaq: işğalçı ölkənin baş naziri Nikol Paşinyan iyulun 6-da keçirdiyi brifinqdə deyib ki, Ermənistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan elan etdiyi fövqəladə vəziyyət rejimini dördüncü dəfə uzatmaq niyyətindədir.

“Biz başa düşürük ki, ölkədə fövqəladə vəziyyət rejimini sonsuzluğa qədər uzada bilmərik. Amma ölkədəki epidemioloji vəziyyəti də nəzərə almalıyıq. Balanslaşdırılmış qərar qəbul etməliyik. Vəziyyət onu göstərir ki, biz fövqəladə vəziyyət rejimini dördüncü dəfə və ən azı daha bir ay uzatmalıyıq”, - deyə Paşinyan bildirib.

O deyib ki, Ermənistan hakimiyyətinin üçüncü dəfə elan etdiyi fövqəladə vəziyyət rejimi iyulun 13-də başa çatır. Ölkədəki epidemioloji vəziyyət isə ağır olaraq qalır.

İyulun 8-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən əraziləri yandırıb.

İyulun 8-də Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxarılmasını istəyənləri sərt tənqid edib və Rusiyayönlü olduğunu ortaya qoyub.

İyulun 10-da Ermənistan prezidenti Armen Sarkisyan Qarabağa gəlib. Orada separatçıların başçıları ilə görüşüb, hərbi vəziyyətlə tanış olub. Ehtimal etmək olar ki, o baş verəcək hadisə ilə bağlı separatçıları xəbərdar edib. Onları həmin hadisədən narahat olmamağa çağırıb.

Dağlıq Qarabağdakı qanunsuz rejim də hazırlıq məqsədilə Azərbaycanın işğal altında olan bölgəsində fövqəladə vəziyyət rejimini avqustun 12-dək uzadacağını bildirib.

İyulun 10-da Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistanın hakim “Mənim adımım” fraksiyasının sədri Lilit Makunsla görüşüb. Görüşdə Rusiya-Ermənistan münasibətləri və işğalçı ölkədəki vəziyyət, xüsusilə Ermənistan Konstitusiya Məhkəməsi ilə bağlı əsas qanuna edilən dəyişikliklər müzakirə olunub.

İyulun 11-də baş nazir Nikol Paşinyanın oğlu işğalçı əsgər kimi Dağlıq Qarabağda xidmətini başa vuraraq Yerevana qayıdıb.

İyulun 11-də Ermənistanda yeni yaranan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçılıq etdiyi Vətən Partiyası ölkədəki vəziyyəti və Qarabağla bağlı məsələni qapalı müzakirə edib. Onun Rusiya ilə münasibətlərinin olduğu, xarici dövlətlərdən birinə casusluq etdiyi iddia edilir və s.

İlk baxışdan bunların bir-biri ilə əlaqəsi olmasa da, proseslər əksini göstərir. Ermənistanda ictimai-siyasi və iqtisadi vəziyyət çox gərgindir. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan müxalifətə açıq şəkildə başçılıq etməyə başlayıblar. Onların tərəfdarları və Rusiyayönlülər fövqəladə vəziyyət rejiminin tətbiqinə baxmayaraq, hökumətə qarşı müxtəlif formada etiraz aksiyaları keçirirlər.

A.Vanesyan ictimaiyyətə məlum olmayan məsələləri gizli şəkildə müzakirə edir. Prezident olsa da, real olaraq özünə iş tapa bilməyən Armen Sarkisyan isə təcili Qarabağa gəlir. Bütün bunlar Nikol Paşinyan üçün hazırlanmış tələdir. Ona görə də ehtimal etmək olar ki, Nikol bu oyunu Azərbaycanla bağlı təxribat yaratmaqla pozmağa çalışır.

Görünür, Aprel döyüşlərindən sonra Ermənistan Qarabağda təxribat yaratmaq istəməyib. Bəs Yerevan niyə dövlət sərhədini seçib?

Bu ölkənin İran və Türkiyə ilə dövlət sərhədlərini Rusiya Baş Kəşfiyyat İdarəsinin Sərhəd Qoşunları qoruyur. Azərbaycanla sərhədi Daxili Qoşunlar, Gürcüstanla isə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları mühafizə edir.

Gürcüstanla münasibətləri hələ ki o səviyyədə gərgin olmadığından Ermənistan təxribatı Azərbaycan tərəfdə törədib. Bu istiqamətdə həm də 3-cü tərəf yoxdur. Deməli, Ermənistanın təxribatına heç kim şahidlik edə bilməyəcək.

Bundan başqa rəsmi Yerevan xeyli müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycan, Dağlıq Qarabağla bağlı münaqişəyə cəlb etməyə çalışır. Bu təşkilat isə münaqişənin onlara aidiyyartı olmadığını, ona hansısa formada müdaxilə etməyə səalhiyyətlərinin çatmadığını bildirir.

KTMT-nin əsasnaməsinə görə, üzv ölkələrdən birinə hücum bütövlükdə hamıya hücum sayılır. Ona görə Ermənistan üzv dövlətlərin sanksiyasına məruz qoymaq üçün ciddi cəhdlə bu məsələdə Azərbaycan tərəfi günahkar çıxarmağa çalışır.

Təşkilatın baş katibi Stanislav Zas rəsmi Yerevanla Bakı arasında gərginliyi müzakirə etmək məqsədilə iyulun 13-də Daimi Şuranın təcili iclasını çağırsa da, günün sonunda toplantının təxirə salındığını açıqlayıb.  

Bundan əvvəl isə o, Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla vəziyyəti telefonla müzakirə edib. Erməni nazir ənənəvi olaraq Azərbaycan tərəfini günahlandırıb. 

Hadisələrin bu dərəcədə üst-üstə düşməsi Ermənistanın təxribatından xəbər verir. Onu da ehtimal etmək olar ki, Nikol bu aksiyanı həm də Rusiyaya qarşı yönəldib. İyulun əvvəlində Gümrüdə rusiyalı hərbçinin qətlə yetirilməsindən bir gün sonra koronavirusa görə məhkəməsi təxirə salınan milyonçu deputat Qaqik Sarukyan “Facebook” səhifəsində Rusiyayönlü olduğunu açıq-aşkar ortaya qoyub: “Mən Ermənistanda anti-Rusiya ovqatının yaranmasına yol verməmək üçün əlimdən gələni edəcəyəm”.

O, ermənilərə müraciətində Rusiyanın onların həyatında oynadığı önəmli roldan, 102 saylı hərbi bazanın Ermənistandan çıxarılmasına qarşı olmasından bəhs edib. Q.Sarukyan bildirib ki, MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiya ilə Ermənistan ikitərəfli münasibətləri, habelə siyasi, iqtisadi, hərbi formatda əməkdaşlıq iki xalqa faydalı olacaq. Bu Ermənistanda anti-Rusiya ovqatının güclənməsindən xəbər verir.

Paşinyan sərhəddə bu təxribatı törədərək Rusiya ilə müttəfiqliyin və KTMT-yə üzvlüyün məntiqsizliyini sübut etməyə çalışır. Onların məqsədi “Azərbaycan Ermənistana hücum edib” fikrini təbliğ edərək sərhəd məsələsinə təşkilatı da cəlb etməkdir. Bu baş tutmayanda KTMT-nin əhəmiyyətsiz bir qurum olması barədə anti-təbliğat başlanacaq.

Deməli, rəsmi Yerevan həm daxildə müxalifəti susdurmağı, ictimaiyyətin diqqətini çoxsaylı probemlərdən yayındırmağı, həm də KTMT-nin gərəksizliyini ortaya qoymağa çalışıb. Bunlara nail ola bilməyəcəyini görüb əlüst Zasla danışıb. Təşkilatın baş katibi Stanislav Zas Yerevanla Bakı arasında gərginliyi müzakirə etmək məqsəd iyulun 13-də Daimi Şuranın iclasının çağırılmasını qeyri-müəyyən müddətə təxirə salınıb. Bu baş verən hadisədə Ermənistanın təxribatçı olduğunu təsdiqləyir. Göründüyü kimi rəsmi Yerevan bu addımı ilə KTMT-ni təxribatına ortaq edə bilmədi.

Ermənistan sərhəddə təxribat törətməklə Aprel döyüşlərindən sonra ordusunun gücləndiyini göstərməyə çalışır. İşğalçı ölkənin rəhbərliyi bununla həm də Ermənistan ordusunun düşən nüfuzunu qaldırmağa çalışır.

Müdafiə naziri David Tonoyanın “hücuma keçib yeni mövqelər alacağıq” deməsi Ermənistanın təxribat törətdiyini təsdiqləyən növbəti faktdır. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan Ermənistanla üz-üzə qoyulub. Dövlət sərhədində olduğu kimi Qarabağ da Ermənistan hərbçiləri ilə döyüşür. Ancaq dünya Ermənistaın işğalçılığına göz yumur. Bu, ermənilərin əllərdə oyuncaq olduğunu təsdiqləyən çoxsaylı faktlardan biridir. 

Ermənistan rəhbərliyi cəmiyyəti sakitləşdirmək üçün itkiləri gizlədib. Bundan başqa işğal altında olan Qarabağdan ermənilərin qaçacağından ehtiyatlanaraq baş vermiş hadisə ilə bağlı doğru məlumat verməkdən qorxur. Ona görə də sərhədin Tovuz istiqamətində baş verənlərlə bağlı məlumatları ehtiyatla yayır. Odur ki hadisələrdən təxminən yarım sutka sonra Azərbaycanla sərhədin qorunmasında iştirak edən Ermənistanın 2 polis və 3 hərbçinin yaralandığına dair rəsmi məlumat yayıb.

Lap 4 il 3 ay 10 gün bundan əvvəldə olduğu kimi. O zaman da Ermənistan rəsmiləri itkilərini gizlədirdi. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra gördüyü ilk işlərdən biri parlamentdə Aprel döyüşlərində Ermənistanın məğlubiyyətini araşdıran komissiya yaratmaq oldu. Görünür, növbəti dəyişiklikdə hakimiyyətə gələn yeni qüvvələr iyulun 12-sindəki itkilərlə bağlı komissiya yaradacaq. Hələ ki Aprel döyüşlərinin ağrı-acısını unutmaq üçün nikolçuların cəhdləri fayda vermir.

Orphus sistemi