Ermənistanın sentyabr təxribatı - Tovuz döyüşlərinin bənzəri - ŞƏRH

Ermənistanın sentyabr təxribatı - Tovuz döyüşlərinin bənzəri - ŞƏRH Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiya tətbiq etməyənədək regiondakı pozuculuq fəaliyyətindən əl çəkməyəcək.
Analitika
14 Sentyabr , 2022 13:45
Ermənistanın sentyabr təxribatı - Tovuz döyüşlərinin bənzəri - ŞƏRH

Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiya tətbiq etməyənədək regiondakı pozuculuq fəaliyyətindən əl çəkməyəcək. Bu il Rusiyanın Ukraynada başlatdığı müharibə dünya üçün Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin vacib olduğunu isbatladı.

Ermənistan isə iki il əvvəl Azərbaycanla sərhəddə törətdiyi təxribatı təkrarlamaqdadır. Bu il sentyabrın 12-13-də baş verənlər iki il öncə, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir.

Azərbaycan öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumaq məqsədilə növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək üçün adekvat addımlar atmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, 2020-ci il iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan qarşı tərəfə cavab verib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 əsgər və hərbçisi, o cümlədən general-mayor Polad Həşimov və 76 yaşlı dinc sakin Əziz Əzizov şəhid olub.

Azərbaycan Ermənistanla sərhəddə sakitlik və sabitlik istədiyi ismarışını 2018-ci ildə Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisinə nəzarəti Müdafiə Nazirliyindən alaraq Dövlət Sərhəd Xidmətinə verməklə nümayiş etdirmişdi. Ancaq Ermənistan ötən illər ərzində Azərbaycanla sərhədə daha çox hərbi qüvvə və texnika toplamaqla vəziyyəti gərginləşdirməkdə davam edib. Hətta iş o yerə çatıb ki, Ermənistan Azərbaycanla sərhədi Rusiya hərbçilərinin qoruması təklifi ilə çıxış edib. Bu rəsmi İrəvanın regionda gərginliyi artırmaq üçün sərhəd bölgəsində təxribatlara hazırlıq üçün cədhlərdən sayıla bilər.

Tovuz döyüşlərindən sonra Ermənistanın siyasi-hərbi rəsmiləri törətdiyi təxribatdan qürurla danışmağa başladı. Bundan bir müddət əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışsa da, səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Ermənistanın hərbi-siyasi hakimiyyətinin bu kimi çoxsaylı müharibəyə çağırış və işğalçı çıxışlarından sonra Tovuz döyüşləri baş vermişdi. Həmin dövrdə də Azərbaycan sülh çağırışları və ərazi bütövlüyünün dinc yolla təmin olunmasına dair çıxşlar edir, təkliflər irəli sürürdü. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu və həmsədrləri isə rəsmi İrəvanın müharibə ritorikasına münasibət bildirmirdi.

Həmin hadisələr sentyabrın 27-də Azərbaycanın əks-həmlə əməliyyatı ilə 44 gün davam etdi. Azərbaycan torpaqlarının böyük bir hissəsini Ermənistanın işğalından azad etdi, Paşinyan kapituliyasiya aktına imza atdı və s... İndi Ermənistan məğlub tərəf olaraq üzərinə düşən öhdəliklərə əməl edib, sülh müqaviləsinin imzalanması üçün hazırlıq işlərini diqqət ayırmaqdansa, yenə təcavüzkar, təxribat əməllərinə əl atır. İndiki gərginliyi Tovuz hadisələrindən fərqləndirən önəmli cəhət Azərbaycan torpaqlarının işğal altında olmamasıdır. Bu gün isə Azərbaycan əsgəri dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir.

Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Nikol Paşinyan bu günlərdə Rusiyanın Vladivostok şəhərində keçirilmiş Şərqi İqtisadi Əməkdaşlıq toplantısındakı çıxışında sülh pərdəsi altında revanşist çıxış edib. Bu, Ermənistanın Azərbaycana qarşı yeni təxribata başlayacağının təbliğatı idi...

Belə çıxır ki, Tovuz döyüşlərindən sonra Ermənistan Azərbaycan əsgərindən aldığı dərsləri unudub. Elə belə unutqanlığına görə ermənilər özlərinə saxta tarix uydurur, bütün dünyanı özlərinə düşmən bilir, heç kimi sevmilər...

Hadisələr, İrəvan rəsmilərinin çıxışı, bəyanatı və bəhanələri Ermənistanın regionda və dünyada təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa qarşı olduğunu təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, onları buna sanksiyalarla vadar etmək mümkündür. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanın başını sığallaması müddətinin başa çatdığını da düşünmək olar. Sığalın sanksiya ilə əvəzlənməsi üçün Ermənistan bütün qaydaları çoxdan pozub...

Son xəbərlər

Orphus sistemi