Ermənistanda etiraz aksiyaları - keçmiş iqtidarın 24 il əvvəlki “uğuru” təkrarlamaq cəhdi

Ermənistanda etiraz aksiyaları - keçmiş iqtidarın 24 il əvvəlki “uğuru” təkrarlamaq cəhdi Ermənistan iqtisadiyyatı durğun, ordusu dağılmış, cəmiyyəti parçalanmış vəziyyətdə olan bir ərazidir.
Analitika
683
4 May , 2022 14:41
Ermənistanda etiraz aksiyaları - keçmiş iqtidarın 24 il əvvəlki “uğuru” təkrarlamaq cəhdi

Ermənistan iqtisadiyyatı durğun, ordusu dağılmış, cəmiyyəti parçalanmış vəziyyətdə olan bir ərazidir. Bu ölkədə müxalifətin varlığı şübhəlidir. Adətən, belə vəziyyətdə ölkədəki ziyalı və mütərəqqi insanlar dövlətin qurulması və onun zəif məsələlərinin güclənməsinə çalışar. Bu şəraitdə müxalifətin mövcudluğu ölkədəki ənənəvi beşinci kolonun varlığından xəbər verir.

Əslində, müxalifət sayılan qismin aksiyaları 24 il əvvəlki hadisələrə oxşayır. 1998-ci ildə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfədə idi. Ancaq 1998-ci il fevralın 3-də o vaxtkı baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarqsyanla aralarında Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yaranmış narazılıq yaranmışdı. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Levon Ter-Petrosyanın istefasına nail oldular. Hakimiyyətə Robert Koçaryan gətirildi. 2008-ci ildə Ter-Petrosyan yenidən prezidentliyə namizədliyini irəli sürdü. Ancaq Koçaryan öz yerinə Sarqsyanın oturması üçün həmin il martın 1-də İrəvanda qan tökdü.

Nikol Paşinyan
Nikol Paşinyan

Düzdür, o, öz millətinin siyasi elitasının qanını hələ 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı təşkil edən zaman tökmüşdü. Onda Ermənistan parlamentinin sədri, SSRİ dövründə Ermənistan Kommunist Partiyasının birinci katibi Karen Dəmirçiyan və müdafiə naziri Vazgen Sarkisyanın qətlə yetirməsini təşkil etmişdi. Bu hadisə hələ açılmasa da, ancaq həmin cinayətin arxasında Koçaryan və Sarqsyanın dayandığı ehtimalı daha böyükdür. Ter-Petrosyan məqalələrindən birində qeyd edib ki, Vazgen Sarkisyan 1998-ci ildə buraxdığı səhvi başa düşmüşdü və məsələnin mərhələli həlli tərəfdarı idi. Sabiq prezident bildirib ki, ona görə də Koçaryan müdafiə nazirini aradan götürdü: “Əminəm ki, Vazgen Sarkisyanın öz səhvini yenidən dəyərləndirməsi və Karen Dəmirçiyanın müdrikliyi sayəsində Qarabağ tənzimlənməsi prosesi öz həqiqi istiqamətinə qaytarıla bilərdi. Lakin 27 oktyabr cinayəti bu ümidverici prosesə son qoydu”. Ter-Petrosyan iddia edir ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan Dəmirçiyan və Sarkisyanın vəsiyyətini yerinə yetirib: “Birincisi, qan bahasına qazanılmış torpağı kağızla qaytarmazlar. Yəni bu o deməkdir ki, daha böyük qan bahasına qaytarırlar və belə də oldu. İkincisi, kompromisə məcbur olduğumuz zaman gedərik. Məcburən qəbul olunmuş qərar isə kapitulyasiyadan başqa bir şey deyil”.

Azərbaycan Ermənistanı kağızla, yəni danışıqlar yolu ilə qaytarmaq istəmədiyi torpaqları qan tökməklə işğaldan azad etdi, İrəvan məcbur qalıb kapitulyasiya aktını imzaladı.

Ermənistandakı müxalifət kimlərdən ibarətdir - 1998-ci ildə Azərbaycan torpaqlarının dinc yolla, mərhələli şəkildə geri qaytarılmasını istəməyənlər, 1999-cu ilin oktyabrında parlamentin binasında dövlət terrorunu təşkil edənlər, 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən 8 dinc nümayişçinin qətli, 130-dan çox aksiya iştirakçısının yaralanmasına bais olan Robert Koçaryan və başçılıq etdiyi “Ermənistan” bloku, Serj Sarqsyan və rəhbərlik etdiyi Respublikaçılar Partiyası, bir də xarici dövlətlə əlaqədər olmaqda şübhəli bilinən, 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında hazırlıq keçmiş Artur Vanesyan və yedəkdə olan “Daşnaksütyun” Partiyasıdır. Xarakter və siyasi-ideoloji baxımdan çoxdan ifşa olunmuş bu siyasətçilər və onların başçıları yeni fikir və ideya irəli sürmək potensialına malik deyillər. Onlar Ermənistanda tutuquşuluq siyasətini davam etdirirlər. Təəssüf ki, bu qüvvələr hələ də Ermənistanda elita sayılır. Halbuki bu dövlətin bəlalarının başlıca günahkarı həmin “elitadır”. Onlar mürtəce düşüncələri, geri qalmış siyasi təfəkkürlə Ermənistanı uçuruma aparırlar. Onlar dünyada və regionda baş verənlərdən hələ də dərs almayıblar. Belə bir məşhur deyim var: “İnadkarlıq kütlük əlamətidir”. Belə çıxır, müxalifət sayılan bu siyasi qüvvələr tutuquşuluq etmək, kütlük nümayiş etdirməklə həm də beşinci kolon olaraq tapşırıq yerinə yetirirlər.

Serj Sarqsyan
Serj Sarqsyan

Heç kimə sirr deyil ki, Azərbaycan torpaqları ilə bağlı məsələ artıq dünyanın regional siyasətinin gündəliyindən çıxıb. Eləcə də ATƏT-in Minsk qrupu, “münaqişə”, “status” kimi ifadələr danışıqların predmeti deyil. İndi danışıqların başlıca mövzuları Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır. Bu istiqamətdə müntəzəm birbaşa görüşlər keçirilir. Son günlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə görüşüb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşdə iştirak edib. Həmin görüşdə tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə etdiyi də ehtimal olunur. Bundan əvvəl Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak etmişdi. Mayın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Ötən gün Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan arasında Vyanada görüş olub. Tərəflərin səmimi şəkildə ətraflı fikir mübadiləsi apardığı bildirilib. Təmsilçilər iki ölkə arasında normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəliblər. Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı bu istiqamətdə atılan addımları alqışlayırlar.

Hər halda regionda gedən yeni proseslər fonunda Ermənistanda müxalifət sayılan qüvvələrin fəaliyyət və tələbləri çox gülünc görünür. Bu ölkənin havadarları və müxalifəti saxta vətənpərvərlik şüarları ilə ölkəni ələbaxımlıqdan xilas edə bilmir. Onlar Azərbaycanın və Türkiyənin əleyhinə mənasız çıxışlar etməklə mövcud vəziyyəti dəyişmək kimi gerçəkləşməsi mümkün olmayacaq iddialar irəli sürməklə Ermənistan cəmiyyətini aldadır, sakinlərə yalan danışırlar.

Ermənistanda müxalifət sayılan bu qüvvələr normallaşma proseslərinə mane olmağa səy göstərirlər. Rəsmi İrəvanda bu hadisələrdən öz mövqeyini gücləndirmək üçün istifadə edə bilər. Bu cür düşünənlər belə haray-həşirlə guya danışıqlarda Ermənistan təmsilçilərinin əlini gücləndirdiklərini də zənn edirlər. Başqa sözlə, koçaryanlar normallaşma prosesini əngəlləmək, hökumət isə bu etirazlardan özünü gücləndirmək üçün istifadə edə bilər. Ancaq Ermənistandakı hadisələr 24 il əvvəlki ilə eynidir. Bu proseslər eyni texnologiya ilə həyata keçirilir. 1998-ci ilin fevralında Koçaryanı xaricdən dəstəkləyənlər yenə də baş roldadır. “Müxalifət”in “aksiyaları"nı işıqlandırmaq üçün Rusiyanın aparıcı, rəsmi informasiya vasitələri daha çox canfəşanlıq göstərirlər. Onların informasiya və şərhlərini izləyən hadisələrdən xəbərsizlərdə elə təəssürat yaranır ki, bu qüvvələr Ermənistan və ermənilərin yolunda ən fədakar insanlardır. Əslində isə məqsəd Nikol Paşinyanı “etiraz aksiyaları” ilə devirib yerinə Artur Vanesyanı gətirməkdir. “Həmin dalğa, həmin koordinat”, məqsəd 24 il əvvəl olduğu kimidir. Ter-Petrosyanı devirib onun yerinə Rusiyanın regionda əsas adamı sayılan, Vladimir Putinin dostu olan Robert Koçaryanı gətirdilər. İndi də məqsəd Paşinyanı istefaya göndərib yerinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məzunu Artur Vanesyanı gətirməkdir. Bununla da Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma prosesinə təkbaşına nəzarəti ələ keçirmək istəyir. Bundan başqa, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub. Rəsmi İrəvan xarici siyasi kursunun qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu da Rusiyanın xoşuna gəlmir. Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənub Qafqazda fəaliyyətinin, təsirinin azalmasına yönəlmiş hadisədir. Ona görə də “müxalifət” rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır.

Robert Köçəryan
Robert Köçəryan

Nəhayət, bu ölkənin siyasi müxalifəti sayılan keçmiş prezidentlər, onların təmsil etdikləri qüvvə və xaricdəki havadarları çoxdan ifşa olunmuş, sıradan çıxmış, köhnə mürtəce texnologiya ilə Ermənistanda hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər. Dünya, beynəlxalq ictimaiyyət, regionda vəziyyət 24 ildə çox dəyişib. Koçaryanlar, sarqsyanlar, vanesyanlar dəyişməyib. “Müxalifət” kimdir - buyruq qulu. Bu qüvvənin sponsorları uzun illər Azərbaycan və Ermənistandakı hadisələri, eləcə də Ermənistan daxilindəki prosesləri Qarabağ kartı ilə idarə ediblər. Süni surətdə yaradılmış o məsələ artıq yoxdur. Yüz ildən çoxdur ki, qurulan bu problemin saxta olduğu 44 günlük döyüşlərdə yerbəyer oldu. İndi Qarabağ adlı problem yoxdur, gündəlikdə Azərbaycan-Ermənistan münasibətlərinin qurulması kimi vacib real məsələlər var. Bu baxımdan, ilk növbədə, “müxalifət”in sponsorları, havadarlarının düşüncəsində dəyişikliyin olması başlıca şərtdir. Zatən, Ermənistandakı 24 il əvvəlki düşüncənin sahibi, təkanvericisi və təşkilatçısı sayılan havadarlar dəyişsəydi, heç Ukraynadakı hadisələr də baş verməzdi...

Son xəbərlər

Orphus sistemi