Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən həftə Ermənistan vətəndaşı, Ermənistanın "Milli Azadlıq Hərəkatı" İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Vaan Martirosyan həyat yoldaşı Karina və övladı ilə birlikdə ölkəsindən qaçıb, Azərbaycana sığınıb.
İndi Ermənistan rəhbərliyi hüquq müdafiəçisinin bu addımına müxtəlif don geyindirməyə çalışır və işğalçı ölkənin hüquq-mühafizə orqanları məsələ ilə bağlı müxtəlif məzmunlu və bir-birini təkzib edən açıqlamalar verirlər. Ermənistan rəhbərliyinin belə davranışı səbəbsiz deyil. Çünki Vaan Martirosyan Bakıda keçirdiyi mətbuat konfransında ölkəsi ilə bağlı bir çox həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Amma Azərbaycanda, çox güman ki, dünyanın əksər hissəsində Ermənistanda vəziyyətin necə olduğunu bilirlər. Ona görə də V.Martirosyanın dedikləri heç də hansısa gizlinləri açmaq deyildi və sensasiya sayılmaya da bilər. Fərq ondadır ki, bu həqiqətləri Ermənistandan qaçmağa məcbur olan və Azərbaycana sığınan erməni Bakıda keçirdiyi mətbuat konfransında açıqlayıb.
V.Martirosyanın Bakıda verdiyi bəyanatın bəzi hissələrinə nəzər salaq, Ermənistan rəhbərliyinin belə çaşqın və çıxılmaz duruma düşməsinin səbəbləri aydın olar.
"- Hakimiyyətin onlara ayırdığı maliyyə vəsaiti mənimsənildiyindən Suriyadan gələn ermənilərin bəziləri Ermənistanı tərk etmək məcburiyyətində qalıb;
- Suriya ermənilərinin bir hissəsindən qruplar yaradılaraq Qarabağ cəbhəsinə göndərilib. Mən özüm bir neçə dəfə Qarabağda olmuşam və onları öz gözlərimlə görmüşəm;
- Mənə köməklik göstərilməsi üçün BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofislərinə müraciət edirəm;
- Ermənistanda anam qalıb, həyat yoldaşımın isə qardaşı və anası oradadır. Hər iki təşkilatın Bakı nümayəndəliklərindən Ermənistanda qalan qohumlarımın təhlükəsizliyini təmin etmək üçün BMT və BQXK-nın Yerevan ofislərinə müraciət etmələrini xahiş edirəm;
- Bu müraciəti ona görə edirəm ki, Sarqsyan hakimiyyətinin necə hərəkət edəcəyini bilirəm. Onlar mənim anamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zirzəmisində gizlədə bilərlər. BMT və BQXK-dan onlar xaricə köçənə kimi ailəmin ilkin təhlükəsizliyini təmin etmələrini xahiş edirəm;
- Ermənistanda bu gün heç kim döyüşmək istəmir.
- Ermənistan ordusu acınacaqlı vəziyyətdədir. Hətta, Ermənistan Afrikanın hər hansı bir dövlətinin ordusuna cavab vermək iqtidarında deyil. Gənclərin 90%-də vətənpərvərlik ruhu yoxdur. Bir çoxları hərbi xidmətdən yayınmağa çalışır;
- Azərbaycan-Ermənistan sərhədi açılarsa, Ermənistandan Azərbaycana qaçqın axını Yaxın Şərq və Afrikadan Avropaya mühacir axını kimi olacaq".
V.Martirosyanın Azərbaycana sığınması haqda informasiya yayılandan sonra və mətbuat konfransı keçirdiyi gün erməni KİV-ləri və rəsmilər müəmmalı formada susdular. Növbəti gün isə ermənisayaq təbliğat başladı.
Ermənistan KİV-ləri iddia edirlər ki, güya Vaan "psixatriya xəstəxanasında qeydiyyatda olub və hüquq-mühafizə orqanları onu külli məbləğdə oğurluq etməkdə ittiham edirlər".
Bunun ardınca erməni KİV-i onun bir mənzildən "3820 dollar oğurladığı"nı da yazıb. Guya sentyabrın 2-də V.Martirosyan polisə ölkənin tərk etməyəcəyi barədə iltizam verib və s.
Bu xəbər yayılan gün, yəni erməni Azərbaycana sığınan günün səhəri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan hadisə ilə bağlı şərh verə bilməyəcəyini söylədi.
Ölkənin baş prokuroru Gevorq Kostanyan bəyan elədi ki, V.Martirosyanın Azərbaycana keçməsini yaxşı araşdırmaq lazımdır.
Vaxt ötdükcə Ermənistan hüquq-mühafizə orqanları və başqa təhlükəsizlik qurumları özlərini təmizə çıxarmaq üçün hadisə ilə bağlı çeşidli bəhanələr gətirəcək, arqumentlər irəli sürəcəklər. Heç şübhəsiz axırını da gətirib türk-erməni davasının üstünə çıxaracaqlar.
Məqsədimiz heç də Azərbaycana sığınan V.Martirosyanın hüquqlarını müdafiə etmək deyil. Çünki ermənilərin dünyada havadarları çoxdur.
Baş verən hadisəyə Ermənistan rəsmilərinin belə münasibət bildirməkdə, yəni ailəsi və övladı ilə birlikdə Azərbaycandan insani sığınacaq istəyən bir erməniyə qarşı bu sayaq ittihamlar irəli sürməkdə məqsədi nədir?
O, Bakıda keçirdiyi mətbuat konfransında ölkəsindəki vəziyyətə aydınlıq gətirib.
Çox güman ki, ölkə rəsmilərinin belə qarayaxmaları, "psixoloji xəstə", "oğru" və s. adlandırmaqda məqsədi Vaan Martirosyanın dediklərinin əhəmiyyətini azaltmağa yönəlib.
Rəsmilərin hədəfi beynəlxalq ictimaiyyətdə yarana biləcək "Ermənistanda vəziyyət nə gündədir ki, ermənilər bir ömür boyu düşmən kimi baxdıqları Azərbaycandan sığınacaq da istəyirlər"- rəyini dağıtmaqdır.
Ancaq verdikləri bəyanat və ölkəsindən baş götürüb qaçan erməniyə qarşı irəli sürdükləri ittihamlarla ölkə rəsmiləri özlərini ifşa edirlər. Belə çıxır ki, Ermənistanda psixoloji xəstələrə cinayət işi açılır, onlar dispanser şəraitdə müalicə olunmur, yaxud hətta, belə "xəstələr külli məbləğdə pul oğurlaya bilir".
O zaman təbii olaraq, sual meydana çıxır - belə "oğru, qarətçi psixoloji xəstələrdən" Ermənistanda çoxdurmu? Yaxud nədən belələrinin sərbəst dolanmasına imkan verilir? Axı, həmin adamlar Ermənistanda müxtəlif pozuculuq işləri də törədə bilərlər. Çünki onlar törətdikləri cinayətə görə, məsuliyyət daşımırlar. Ancaq Ermənistanda iş o yerə çatıb ki, onların "psixoloji xəstə" olduğunu iddia etdikləri Vaana qarşı cinayət işi belə açıblar. Sonra ona qarşı tədbir görməyi yaddan çıxarıblar.
Yeri gəlmişkən, Ermənistan rəsmilərinin bu münasibəti bir hadisəni də yada saldı. 2014-cü ilin yanvarında Ermənistan vətəndaşı Mamik Tiqranoviç Xocayan Azərbaycan sərhədini pozaraq, Tovuzun Əlibəyli kəndinə keçmişdi. Onda da Ermənistan rəsmiləri Xocayanın "dəli", "başdan xarab", "əldən ayaqdan düşən" qoca olduğunu bildirmişdi.
Ancaq nə etmək olar erməni hər yerdə ermənidir...