​Ermənistan prezidentinin Rusiya səfəri - rüblük tapşırıq - ŞƏRH

​Ermənistan prezidentinin Rusiya səfəri - rüblük tapşırıq - ŞƏRH O 2015-ci il dekabrın 20-də Moskvaya işgüzar səfər etmişdi
Analitika
11 Mart , 2016 09:56
​Ermənistan prezidentinin Rusiya səfəri - rüblük tapşırıq - ŞƏRH

Bakı. 11 mart. REPORT.AZ/ Martın 10-da Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

Kremlin mətbuat xidmətindən bildirilib ki, görüş zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivləri müzakirə olunub.

Vladimir Putinlə Serj Sarqsyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsi məsələsini də müzakirə edilməsi haqda xəbər yayılıb.

Əslində Ermənistan öz müstəqillyini elan edəndən indiyə kimi rəsmi Yerevan Kremlin çubuğu ilə idarə olunub. Bu ölkənin regionda həm də Rusiyanın istəklərinin "maşası" olduğu da sirr deyil. Başqa sözlə Ermənistan davamlı olaraq, Moskvanın sifarişlərinə əməl edərkən, bölgədə özünə düşmən bildiyi dövlətlərə də pisliyindən əl çəkmir.

Bu baxımdan, Serj Sarqsyanın Rusiyaya səfərinə önəm verməmək də olardı. Ancaq son aylar bölgədə və dünyada baş verənlər fonunda buna toxunmaq istərdik.

Yeri gəlmişkən, fevralın sonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin iki dəfə telefonla danışıb. Danışıqlar zamanı iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldığı bildirilmişdi. Ancaq bu danışıqdan sonra Rusiyanın baş naziri Dmtiri Roqozin və xarici işlər naziri Qriqori Karasinin Bakı səfərləri tərəflər arasında başqa məsələlərin müzakirə edildiyini ehtimal etməyə əsas verdi.

Ona görə ehtimal etmək olar ki, Rusiya prezidentinin telefon danışığı və hökumət təmsilçilərinin Bakı səfərində müzakirə olunan, əldə edilən razılıqlar (əgər varsa) erməni prezidentinin də diqqətinə çatdırılıb.

Bu həm də Serj Sarqsyanın Kreml qarşısında növbəti hesabatı da sayıla bilər. Çünki o, 2015-ci il dekabrın 20-də Moskvaya işgüzar səfər etmişdi.

Ondan bir gün öncə, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş olmuşdu.

İlham Əliyevlə görüşdən bir gün sonra Moskvaya məruzə etməyə gedən S.Sarqsyan yeni təlimatlar almaq və gördüyü, görəcəyi işlər barədə Kremlə hesabat verməyə gedir.

Bundan başqa Ermənistanda hakimiyyətdaxili qruplar arasında yerdəyişmə baş verib. Hakim Respublikaçılar Partiyası daşnaklarla yeni koalisiya qurub. Hökumət üzvlərinin yeri dəyişib. Hətta yeni təhlükəsizlik naziri təyin edilib.

Rəsmi Yerevanın bu dəyişiklikləri özbaşına, Moskvanın xəbəri olmadan etdiyinə inanmaq gülüncdür. Ermənistanda rusiyayönlülərin hakimiyyətdən getməsinin Kremlin maraqları baxımından faciəli sonluğu ola biləcəyi istisna edilmir. Ona görə də Rusiya rəhbərliyi Ermənistanı bölgədəki maraqlarının təmin olunması üçün daim tətikdə saxlayır.

Putinin Sarqsyanla İrandan təbii qazın Ermənistana, oradan isə Gürcüstana nəqli ideyasının da müzakirə edildiyi istisna olunmur. Bu ideya gerçəkləşərsə, o zaman Rusiya bölgədəki təbii qaz bazarında İran və Azərbaycana təsir etmək imkanları əldə edə bilər.

Kreml Yerevana 200 milyon dollarlıq silah-sursat və hərbi texnika da verib. Görüşdə Moskvanın bölgədə hərbi gücünün təmin olunması perspektivlərinin müzakirə olunduğu ehtimallar sırasındadır.

Bir məsələyə də diqqəti çəkmək istərdik. Nə qədər qəribə də olsa Rusiya prezidenti erməni həmkarını federasiya subyektlərinin başçıları ilə müqayisədə daha tez-tez qəbul edir. Məsələn, Putin Tatarıstan prezidenti Rüstəm Minnixanovla Moskvada 2015-ci ilin fevralında görüşüb.

Beləliklə, Serj Sarqsyan Rusiya prezidentindən rüblük tapşırıq almaq üçün getmişdi, desək, yəqin ki yanılmarıq.

Son xəbərlər

Orphus sistemi