Yuxarı
    Bağlamaq

    ​Ermənistan: Pensiya islahatı keçirə bilməyənlərin "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanımaq sevdası - ŞƏRH

    Üfürülərək şişirdilən Dağlıq Qarabağ münaqişəsinin həllində əsas diqqət yenə də üç istiqamətə yönəlib

    Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-da Ermənistan parlamentinin növbədənkənar sessiyası keçirilib.

    Sessiyanın gündəliyinə dördü beynəlxalq müqavilə olmaqla, 15 məsələ daxil edilib və müzakirə olunub.

    Heç şübhəsiz, ermənilər aprelin əvvəlində məruz qaldıqları maddi-mənəvi və psixoloji itkinin yerini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma "respublika"nı tanımaq cəhdiylə doldurmağa səy göstərmək istəyirdi.

    Bununla onlar Qərbdəki dəstəkçilərinə və Rusiya kimi havadarına öz aləmlərində təzyiq etmək niyyətində idi.

    Mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edərək parlamentə göndərmişdi. Məsələnin Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacağı ehtimal olunurdu.

    Ancaq məsələ parlamentin iclasının gündəliyinə daxil edilmədi.

    Heç şübhəsiz, Ermənistan parlamentinin Dağlıq Qarabağdakı qondarma "respublika"nı tanıması daha çox ermənilərə ziyan verəcək. Əgər ermənilər belə bir addım atarlarsa bu atəşkəsin pozulmasına və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyənədək dayanmaması ilə nəticələnə bilər. Bu isə Ermənistan və Rusiyanın indiki vəziyyətinə heç cür uyğun gəlmir.

    Onda Ermənistan nədən yenə bu məsələni gündəliyə çıxarır?.

    İlk növbədə belə qənaətə gəlmək olar ki, dünya erməniləri, o cümlədən Ermənistandakılar bu məsələylə həm Qərbi, həm də Rusiyanı şantaj edirlər.

    ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner jurnalistlər üçün keçirilən brifinqdə məsələyə münasibət bildirərkən deyib ki, Birləşmiş Ştatlar beynəlxalq birliyin digər ölkələri ilə kimi, "Dağlıq Qarabağ"ı tanımır.

    Azərbaycan torpaqlarını Ermənistanın işğal etdiyi deyilsə də, həm bu dövlətin, həm də Dağlıq Qarabağdakı qondarma rejimin mövcudluğunun xarici qüvvələrdən asılı olduğu bir daha təsdiqləndi.

    Məsələn, Moskvanın Yerevandakı səfirliyinin ikinci katibi erməni jurnalistlərin "Rusiya niyə Azərbaycana silah satır" sualına belə cavab verib: "Rusiya Ermənistana da silah satır". O, Dağlıq Qarabağla bağlı sualı isə belə cavablandırıb: "Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək Rusiya Qarabağa silah sata bilməz".

    Bu, ermənilərə ciddi bir mesajdır. Rus diplomat onlara çatdırmaq istəyir ki, Rusiyanın silah satışı ilə bağlı məsələyə, Azərbaycanla əməkdaşlığına müdaxilə etməsinlər. Yaxud Kreml olmasaydı, nə Ermənistan dövləti olardı, nə də ermənilər Dağlıq Qarabağı işğal edə bilərdilər. Təbii ki, bu cavabı başqa şəkildə də ifadə etmək mümkündür...

    Yeri gəlmişkən, "Dağlıq Qarabağ Respublikası"nın tanınmasını nəzərdə tutan "Ermənistan və DQR-in təhlükəsizlik təminatının hərbi-siyasi prinsipləri haqqında" qanun layihəsini deputatlar Zaruhi Postanjyan və Qrant Baqratyan hazırlayıb.

    Bu məsələ 2009-cu ilin oktyabr və 2014-cü ilin sentyabr aylarında ölkə parlamentinin müzakirəsinə çıxarılmışdı. Ancaq hər iki müzakirədən sonra sənədin qəbulu təxirə salınıb.

    Nəhayət, yazının əvvəlinə qayıdaq. Mayın 10-da növbədənkənar sessiyada pensiya sahəsində islahatların aparılması məsələsinin müzakirəsini bir il daha təxirə salmaqla, yeni Vergi Məcəlləsini müzakirə edərək uyğun qərar qəbul ediblər.

    Pensiya sahəsində islahatın müzakirəsinin bir il təxirə salınması Ermənistanın sosial-iqtisadi vəziyyətinin göstəricisi də sayıla bilər. Bu vəziyyətlə Ermənistan hakimiyyətinin və hökumətinin Dağlıq Qarabağla bağlı iddiaları isə gülünc görünür. Sadəcə üfürülərək şişirdilən Dağlıq Qarabağ münaqişəsinin həllində əsas diqqət yenə də üç istiqamətə yönəlib: torpaqları işğal altında olan Azərbaycan, bölgədə maraqlarını təmin etmək istəyən Qərb və Rusiya. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi