Ermənilərin “Qarabağ” həsədi: rusiyalı milyarder “Ararat”ı dirçəldə bilməyəcək - ŞƏRH

Ermənilərin “Qarabağ” həsədi: rusiyalı milyarder “Ararat”ı dirçəldə bilməyəcək - ŞƏRH Erməni milyarder Moskvadakı “Ararat”ın prezidenti olub
Analitika
199
21 Noyabr , 2017 15:37
Ermənilərin “Qarabağ” həsədi: rusiyalı milyarder “Ararat”ı dirçəldə bilməyəcək - ŞƏRH
Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Ağdam rayonunun “Qarabağ” futbol klubu sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Böyük Britaniyanın London şəhərinin təmsilçisi “Çelsi” komandası ilə növbəti dəfə qarşı-qarşıya gələcək.

"Güclü olan qalib gəlsin!” söyləyir, ancaq təbii ki, “Qarabağ”ın qələbə qazanmasını istəyirik. Hər halda Ağdam klubunun ÇL-də təmsil olunması və 2 xal toplaya bilməsi bütün mənalarda Qarabağsevərləri sevindirsə də, bu məsələdə əks tərəfdə duranları qüssələndirib, hətta onlarda həsədə də səbəb olub. Milli təəssübkeşlikdən nə qədər uzaq dursaq da, deməliyik ki, bu hissi yaşayan Azərbaycanın yaxın qonşusu, torpaqlarını işğal altında saxlayan Ermənistan və dünya erməniləridir. Məqsədimiz heç də bu etnik qrupla hansısa yarışa girmək deyil, sadəcə, bir hadisə yuxarıda irəli sürdüyümüz fikri təsdiqləyir. 

Bu günlərdə Rusiya paytaxtı Moskvanın “Ararat” futbol klubuna erməni əsilli rusiyalı iş adamı, milyarder, “Taşir” şirkətlər qrupunun qurucusu Samvel Karapetyan prezident seçilib. “Avilon” şirkətinin sahiblərindən biri - Kamo Avaqumyan isə klubun Direktorlar Şurasının sədri olub. Bu biznesmenlərin komandaya aparıcı fiqur olaraq gətirilmələri, heç şübhəsiz, “Ararat”ın indi düşdüyü vəziyyətlə əlaqədardır. Müşahidəçilər klubun maliyyə durumunun ağır, habelə atmosferin xoşagəlməz olduğunu bildirirlər.

Belə ki, Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin iki ay bundan əvvəl “Ararat”ın fəaliyyəti ilə bağlı demişdi: “Bu, sadəcə olaraq, qəribə əhvalatdır: erməni ermənidən pul oğurlayıb. Mənim üçün bir yenilikdir. II Divizionda Roman Pavlyuçenko və Marat İzmayılovla da normal çıxış etmək olardı. Nəticədə 20 milyon getdi. Başa düşürsünüz, onlar çoxları üçün önəmli olan “söz” anlayışını rüsvay etdilər. Bu, nə qədər gülünc biabırçılıqdır”.

Bir müddət əvvəl “Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq kimi xoş ənənə var. Qarabağ, Ararat…”, - yazmaqla azərbaycanlıların da tənqidi ilə üzləşən şərhçi yenə ermənilərə söz atıb: “Ararat” bağlanır, amma “Qarabağ” yaşayır!”

Qeyd edək ki, avqustun sonunda “Ararat”ın prezidenti Valeri Ohanesyan səhhətindəki problemlə əlaqədar klubu tərk etdiyini açıqlayıb. Bundan sonra Moskva təmsilçisinin vitse-prezidenti Andranik Keropyan klubun büdcəsindən 20 milyon rublun (təxminən 574 min manat) yoxa çıxdığını və həmin məbləğin V.Ohanesyanın hesabına köçdüyünü bildirmişdi. A.Keropyan bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, klubun prezidentinin isə Gürcüstanda olduğunu söyləyib. Valeri Ohanesyan “qeyb” olmuş 20 milyon rublu (337 607 dollar, yaxud 574 min manat) artıq geri qaytarıb, “Life” saytının sahibi və “Ararat”ın sponsorlarından biri olan Aram Qabrelyanovdan üzr də istəyib. Klubun baş məşqçi-təhlilçisi Dmitri Beznyak, baş məşqçisi Maksim Bukatki, direktoru isə Artyom Xaçaturyan olub.

Beləliklə, bundan sonra “Ararat”a Samvel Karapetyan və Kamo Avaqumyan sponsorluq edəcəklər. Bu il martın 20-də təsis edilən komanda meydana çıxar-çıxmaz çoxsaylı qalmaqal və dedi-qoduların yaranamasına səbə olub. Klub ev oyunlarını keçmiş sovet futbolçusu Eduard Sterlçtov adına stadionda keçirir. Komanda keçirdiyi oyunlarda rəqibə və onun azarkeşlərinə qarşı kobud davranışa görə Rusiya Futbol İttifaqı Nəzarət-İntizam Komitəsi tərəfindən dəfələrlə cəzalandırılıb. “Ararat”ın tərəfdarları Moskvanın “Torpedo” klubunun azarkeşlərini təhqir edib, etnik şüarlar səsləndiriblər. Komitə ermənilərin komandasını iki ev oyununu azarkeşsiz keçirməsinə dair qərar çıxarıb. Klubun sahibləri isə ittifaqı haqsızlıqda ittiham edib.

Ermənilərin tərbiyəsizliyi yalnız “Torpedo”ya qarşı oyunla bitməyib. Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ı nümayiş etdirilib. AFFA Rusiya Futbol İttifaqına məsələ ilə bağlı etiraz məktubu göndərib. Yeri gəlmişkən, Rusiya tərəfi etiraza hələ də cavab verməyib.

Sovet hökuməti vaxtı Yerevanın “Ararat” adlı klubu da var idi. Bu adda komanda indi də mövcuddur. Türkiyə ərazisindəki Ağrı Dağını ermənilər “Ararat” adlandırırlar. Bununla onlar qonşu dövlətin ərazisinə iddia etdiklərini gizlətmirlər. Təəssüf ki, bunun sirr olmadığını bilənlər məsələyə göz yumurlar. İdmanı, o cümlədən futbolu siyasətdən uzaq tutduqlarını söyləyən qurumlar məsələyə laqeyd yanaşırlar.

Maraqlıdır, erməni iş adamları niyə Yerevandakı “Ararat”a sponsorluq etməyib, Moskvada eyni adla klub yaradıblar? Yoxsa bu, Ermənistanın Rusiyanın bir bölgəsi olduğunun təsdiqidir? Yəni erməni milyarderlər üçün Yerevandakı “Ararat”a sponsorluq etməklə Moskvadakı eyniadlı komandaya himayədarlıq etmək arasında elə də fərq yoxdur.

Beləliklə, yarandığı 8 ay ərzində “Ararat”dakı vəziyyətlə bağlı bəzi məqamlara diqqətinizi çəkməklə klubun ideya-ictimai xəttini, davranışını dəyərləndirməyə çalışdıq. Ermənilər “Ararat” klubu ilə beynəlxalq arenaya çıxmaq niyyətindədirlər. Bu, onların Ağdam komandasına həsəd apardıqlarını göstərir. Ona görə də ehtimal etmək olar ki, qarşıya qoyulan hədəfə çatmaq üçün Rusiyadakı milyarderlərə sığınıblar. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində çıxışı isə onları kluba rəhbərliyi milyarderlərə həvalə etməyə vadar edib.

Azərbaycan klubu isə noyabrın 22-də 1905-ci ildə Böyük Britaniya imperiyasında təsis edilmiş “Çelsi” ilə qarşılaşacaq. London komandasına 614,4 milyon avro qiymət qoyulub. "Çelsi" bu dəyərlə 3-cü, Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. “Forbes” jurnalının hesablamasına əsasən, 2017-ci il iyunun 8-də Britaniya klubunun 1 milyard 845 milyon dollar gəliri olub. London klubu bu göstərici ilə klublar arasında 8-ci yerdədir. Klub prezidenti isə Rusiya vətəndaşı, milyarder Roman Abramoviçdir. “Qarabağ” isə bir hissəsi işğal altında saxlanılan şəhərin klubudur. Odur ki, ermənilər Qarabağı başqa əllə işğal edib, elə həmin himayədarlarının yardımı ilə onu nəzarət altında saxladıqları kimi, yenə digər dövlətin ərazisində “Ararat” qurub, Rusiyanın pulları hesabına yaradılan komandanı idman aləminə erməni klubu olaraq təqdim etmək istəyirlər. Çünki bu klub futbol üçün yaradılmayıb. Ona görə də Samvel Karapetyandan Roman Abramoviç çıxmaz.

Son xəbərlər

Orphus sistemi