Erməni terroru 30 il əvvəl və bu gün

Erməni terroru 30 il əvvəl və bu gün Son hadisələr Ermənistanın terror mənbəyi olduğunu bir daha təsdiqlədi.
Analitika
348
20 Noyabr , 2021 10:21
Erməni terroru 30 il əvvəl və bu gün

Son hadisələr Ermənistanın terror mənbəyi olduğunu bir daha təsdiqlədi. Bu etnik qrup formalaşmağa başlayandan türkü özünə düşmən bilir. Onlardan siyasi meydanda alət kimi istifadə edilməsinin yaşı 200 ilə yaxındır. Ermənilər İsfahandan və başqa şəhərlərdən Azərbaycana, Cənubi Qafqaza yerləşdirildikdən sonra dünya siyasi səhnəsinin aparıcı dövlətlərinin alətinə çevrilməyə başladılar. Erməniləri öz siyasi və dövlət maraqları üçün istifadə edənlər onlara düşməni də göstərdilər. Odur ki, dünyanın siyasi səhnəsindəkilərin 200 ildir nə marağı, nə hədəfi, nə də türkə münasibəti dəyişmədiyindən ermənilərin də pozuculuq fəaliyyəti davam edir. Bu baxımdan ermənilərin ASALA terror təşkilatının olması da təsadüfi deyil. Bu terrorçu qruplaşma dünyanın bir çox ölkələrində türklərə qarşı müxtəlif terror aktları törədib. Terror törədən ermənilərin bir çox hallarda cəzasız qalması da dünyanın aparıcı güclərinin onları dəstəkləməsini təsdiqləyən amillərdəndir. Son günlər Azərbaycanın Şuşa rayonu ərazisində Rusiya sülhməmarlılarının gözü qarşısında erməni Norayr Mirzoyanın Azərbaycan hərbçilərinə terror hücumundan sonra sərbəst buraxılması da yuxarıda qeyd etdiyimizə çox saylı sübutlardandır.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ermənilər Azərbaycan ərazisində çoxsaylı terror aktları ediblər. Onların bəzilərini yada salaq: 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki helikopter erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub; 1994-cü il fevralın 1-də Bakıda Dəmir Yol Vağzalında Kislovodsk-Bakı sərnişin qatarında törədilən terror aktları nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb; 1994-cü il fevralın 9-da Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılıb; 1994-cü il martın 19-da Bakı metrosunun "20 Yanvar" stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər ölüb, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb; 1994-cü il martın 17-də Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus “C130 Herkules” tipli təyyarənin vurulması nəticəsində İslam Respublikasının Moskvadakı səfirliyinin əməkdaşları, ailə üzvləri və ekipaj ölüb. Onda səfirlikdən bildirilmişdi ki, hadisə nəticəsində təyyarədə olan bütün şəxslər - daha dəqiqi 9-u uşaq olmaqla, 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May" - "Gənclik" stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar bu kimi terror əməllərini xaricdə də davam etdiriblər. 1992-ci il yanvarın 8-də erməni terrorçuları Rusiyanın Krasnovodsk şəhərindən Bakıya sərnişin daşıyan "Sovetskaya Kalmıkiya" bərəsinin partladılması nəticəsində 25 nəfər ölüb, 88 nəfər isə yaralanıb.

Ermənilərin törətdikləri terror hücumlarına dair faktlarlar çoxdur. Onlardan biri də 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilərin qanunsuz silahlı dəstələri tərəfindən törədilib. Onlar Azərbaycana məxsus hərbi helikopteri vurub. Bu terror aktları nəticəsində ölənlər arasında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Bu hadisə Azərbaycan müstəqilliklə bağlı referendum keçirdikdən, oktyabrın 18-dən sonra törədilmişdi. Hadisədən əvvəl baş verənlərdən qısa xatırlama. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Çünki ərazidə torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və Baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclasını keçirməliydi. Yeni siyahını Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibov 1991-ci il noyabrın 19-u saat 23:00-da təsdiqləyir... Qrupun Dağlıq Qarabağ ərazisindəki fəaliyyətinə isə üçlük nəzarət edir - Dağlıq Qarabağın təhlükəsizlik rəisi, polkovnik Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir Kuşnarik və Xocavəndin milis rəisi, polkovnik Oleq Osenov... Qeyd edək ki, bu terror hadisəsi baş verəndə Qarabağda Rusiyanın sülhməramlı 366-cı motoatıcı alayı var idi və Arkadi Volskinin başçılıq etdiyi Xüsusi Komitə fəaliyyət göstərirdi.

Sonralar Azərbaycan ərazisində ermənilər yeni-yeni terrorlar həyata keçirdi. 44 günlük döyüşdən sonra işğalçı ordunun böyük bir hissəsi Azərbaycan ərazisindən çıxarıldı. Rusiya sülhməramlıları Qarabağa müvəqqəti olaraq yerləşdirildi. Ancaq havadarlarının yardımı ilə işğal dövründə Azərbaycan ərazisində basdırılan minaların partlamasından dinc azərbaycanlılar əziyyət çəkir. Minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi səssiz terrorun davam edəcəyi deməkdir. Yeri gəlmişkən, 2020-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Terrorçular cəzalanmadıqları üçün bu hadisələr təkrarlanır. ABŞ-da Türkiyənin konsulunu qətlə yetirən ASALA-nın üzvü Xambik Sasunyan İrəvan küçələrində rahat gəzə bilir. Xocalı soyqırımını törədən Robert Koçaryan, Serj Sarqsyan və başqaları Ermənistan Prezidenti olurlar. ABŞ, Rusiya, Almaniya, Fransa və başqaları onları legitim olaraq tanıyırlar. Yaxud Mirzoyan sülhməramlılara və Azərbaycan hərbçilərinə qumabar atır, Ermənistanda “qəhrəman” elan olunur. Bu və başqa belə cinayətləri törədənləri beynəlxalq güclər cəzalandırmadıqları üçün terrorlar davam edir. 30 il əvvəl Azərbaycanda törədilən məlum terrorun da təşkilatçıları və icraçıları hələ də ədalət mühakiməsi qarşısında cavab verməyiblər.

Son xəbərlər

Orphus sistemi