​Ekspertlər: "Vyanadakı danışıqlar heç bir sensasiya yaratmadı" - ŞƏRH

​Ekspertlər: "Vyanadakı danışıqlar heç bir sensasiya yaratmadı" - ŞƏRH "Vasitəçilər, o cümlədən Rusiya Ermənistana təzyiq göstərmək yolu ilə atəşkəs rejiminə riayət olunmasına zaminliyi öz üzərinə götürməlidir"
Analitika
17 May , 2016 16:50
​Ekspertlər: Vyanadakı danışıqlar heç bir sensasiya yaratmadı - ŞƏRH

Bakı. 17 may. REPORT.AZ/ "Vasitəçilər, o cümlədən Rusiya Ermənistana təzyiq göstərmək yolu ilə atəşkəs rejiminə riayət olunmasına zaminliyi öz üzərinə götürməlidir". Bu barədə "Report"a ekspertlər Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşünün nəticələrini şərh edərkən bildiriblər.

"Vasitəçilərin iştirakı ilə keçirilən prezidentlərin Vyana görüşünün nəticələrinə görə Qərbin Qarabağ münaqişəsinin həlli prosesinə öz təsirini artırmaq arzusuna diqqət yetirmək lazımdır. Ehtimal ki, Qərb ATƏT-in Minsk qrupu formatının cari vəziyyətə uyğun olmaması ilə bağlı Bakının müntəzəm xatırlatmalarını da eşidib", - deyə "Report"a "Avrasiya ideyaları emalatxanası" ("Мастерская евразийских идей") Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk bildirib. 

O bunu belə əsaslandırıb ki, ATƏT MQ səlahiyyətlərinin, xüsusilə də döyüş zonasında son hadisələrin araşdırılması mexanizmi ilə bağlı səlahiyyətlərin müəyyən dərəcədə uzlaşdırılması məsələsi bəyan edilib. 

Onun fikrincə, Avropa və ABŞ regiondakı gələcək hadisələrin gedişinə görə bütün məsuliyyəti öz üzərinə götürmək istəmir və bu funksiyanı Rusiyaya saxlamağı üstün tutur. 

"Səciyyəvidir ki, Rusiya XİN başçısı Sergey Lavrov danışıqlar zamanı Ermənistan prezidenti tərəfində əyləşib. Yəni Vaşinqton Rusiya və Ermənistanı danışıqlarda eyni tərəf kimi görməklə yanaşı, onlara həm də eyni tərəf kimi münasibət bəsləyir", - deyə Q.Trofimçuk əlavə edib.

Analitik vurğulayıb ki, danışıqlar heç bir sensasiya yaratmayıb, çünki 1994-cü ildəki vəziyyətə qayıtmaq cəhdləri və bunun əsasında atəşkəs rejiminin qorunması mümkün deyil, "bu, hamıya aydındır". 

O, vəziyyətin digər yollarla inkişafın mümkünlüyünü də istisna etməyib və qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə təlimləri haqqında bəyanat - bu yollardan biridir. 

İyun ayına planlaşdırılan prezidentlərin növbəti görüşü haqqında danışan ekspert qeyd edib ki, bu görüşdə Vyanadakı razılaşmanın hər hansı bir nəticəsi təqdim olunmalıdır. "Məhz təmas xəttində keçmiş və hazırda gedən toqquşmaların araşdırılmasının detalları və tərəflərin təqsir dərəcəsinin təsdiqi. Konkret nəticə əld olunmasa, vəziyyət "1994-cü ilə" qayıtmayacaq və yeni ssenari üzrə inkişaf etməyə davam edəcək. Prosesi heç kim geriyə çevirə bilməyəcək", - deyə Q.Trofimçuk sözlərini yekunlaşdırıb. 

Öz növbəsində, azərbaycanlı politoloq Tofiq Abbasov xüsusi olaraq qeyd edib ki, barışıq siyasətinin tamamilə pozulması məqsədini güdən Ermənistan sülh danışığının gələcəyi ilə bağlı öz mövqeyini müəyyənləşdirməlidir. 

"Sarqsyan administrasiyası üçün sülh haqqında razılaşma intihara bərabər olar, buna görə o və onun komandası atəşkəs haqqında sazişi yaxın buraxmır. Vasitəçilər Yerevana təzyiq etsə və onu beynəlxalq hüquq normalarına riyatə etməyə vadar etsə, bu görüş dönüş nöqtəsi ola bilər", - deyə ekspert vurğulayıb. O xatırladıb ki, prezidentlərin 2015-ci ilin dekabr ayında Berndə keçirilən əvvəlki görüşü hər iki tərəfdən hərbçilərin itkisi ilə müşayiət olunan çoxsaylı insidentlərlə əlamətdar olub. 

Politoloqun fikrincə, Ermənistan prezidentinin hərəkətləri onun zaman qazanmağa və kompromislərin əldə olunmasına meylli olmasının görüntüsünü yaratmağa çalışdığını deməyə əsas verir.  

"Düşünmürəm ki, vəziyyət əsaslı şəkildə dəyişəcək, çünki Ermənistan rəhbərinin davranışında sözügedən məsələnin normal istiqamətdə dəyişəcəyindən xəbər verən hər hansı ciddi əlamətlər sezilmir", - deyə T.Abbasov bildirib.

O qeyd edib ki, əgər vasitəçilər və ən başlıca Rusiya Ermənistana təzyiq göstərmək yolu ilə atəşkəs rejiminə riayət olunmasına zaminliyi öz üzərinə götürməzsə, heç bir dəyişiklik olmayacaq.

Son xəbərlər

Orphus sistemi