​Ekspertlər: "Ukraynanın şərqindəki münaqişə dondurulacaq" - ŞƏRH

​Ekspertlər: "Ukraynanın şərqindəki münaqişə dondurulacaq" - ŞƏRH "Rusiya Ukraynadakı vəziyyəti təsir vasitəsi kimi istifadə edir"
Analitika
16 Fevral , 2015 09:54
​Ekspertlər: Ukraynanın şərqindəki münaqişə dondurulacaq - ŞƏRH

Bakı. 12 fevral. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, "Normand dördlüyü" formatında aparılan danışıqların yekununda əldə olunan sülh razılaşması yalnız daha böyükmiqyaslı silahlı münaqişənin alovlanmasının qarşısını ala bilər.

"Düşünürəm ki, Putinlə razılaşdırıla biləcəyimiz yeganə məsələ barışıqla bağlı məsələdir", - "Report"a ukraynalı jurnalist və publisist Vitali Portnikov bildirib.

O, Ukraynadakı vəziyyəti  Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə edib. "Dağlıq Qarabağ münaqişəsində qoşunların təmas xəttində atəşkəs xeyli müddətdir ki, davam edir. Lakin bu sülh deyil, bu həm Azərbaycan, həm də Ermənistanın  daxili və xarici siyasətinə öz müsbət olmayan təsirini göstərən atəşkəsdir", - o vurğulayıb.

V.Portnikov qeyd edib ki, Rusiya Ukraynadakı vəziyyəti təsir vasitəsi kimi istifadə edir. "Putin üçün Ukraynanın bütün  ərazisi vacibdir - bu Putinin siyasi hədəfidir. O hesab edir ki, Ukrayna onun şəxsi dövlətinin bir hissəsi olmalıdır, Rusiyanın tərkibində olmasa belə, o, Avrasiya birliyinin bir hissəsi olmalıdır", - jurnalist bildirib.

Ukraynalı jurnalistin sözlərinə görə, Putin danışıqlar masası arxasına məcburi oturub.

"Vladimir Putinin barışığa getməsnin yeganə səbəbi ABŞ və Aİ tərəfindən göstərilən təzyiqlər qarşısındakı qorxusu olub. Rusiya iqtisadiyyatı hazırda acınacaqlı vəziyyətdədir. İqtisadi göstəricilər durmadan aşağı düşür, qiymətlər isə qalxır, Rusiyanın maliyyə ehtiyatlarının səviyyəsi 2007-ci ildən bu yana ən aşağı səviyyədədir", - V.Portnikov hesab edir.

O qeyd edib ki, Kreml münaqişəni qısa müddətə donduraraq, bu məsələdə status-kvonu qorumağa çalışacaq.

"Çünki nə qədər ki, Putin heç bir hərəkət etməyəcək, işğal olunan ərazilərdə vəziyyət bir o qədər pisləşəcək, hərəkət etmək meyilləri azalır. Burada 2 variant ola bilər: ya o, yenə də növbəti sanksiyalar, ağır döyüşlər, danışıqlar, yeni qərarlarla nəticələnəcək vəziyyəti gərginləşdirməyə çalışacaq, ya da oyundan yavaş-yavaş çıxmaq üçün yaranmış vəziyyətdən istifadə edib qərbdən və Ukraynadan müəyyən imtiyazlar əldə etmək istəyəcək. Əgər Ukrayna və Qərb görsələr ki, o, həqiqətən də geri çəkilir, onlar müəyyən kompromisə gedə bilərlər. Lakin bu Putin üçün təhlükəli yoldur, çünki o, münasibətlərin həqiqətən də normallaşmasını istəyirsə, yalnız Donbasdan deyil, Krımdan da getməlidir. Krım məsələsi onun Donbası tərk etmək istəyini bəyan etdiyi andan aktuallaşmağa başlayacaq", - ukraynalı jurnalist bildirib. 

Öz növbəsində "Avrasiya ideyalarının emalatxanası" ekspert şurasının sədri Qriqori Trofimçuk vurğulayıb ki, hazırda Minsk müqavilələrinin həyata keçirilməsi və hərtərəfli sülhün əldə olunmasına böyük ümidlər bəslənilir. 

Siyasi dividendlər  haqqında danışan Trofimçuk bildirib ki, danışıqların nəticələrinə görə Vaşinqton və NATO bu vəziyyətdən daha çox mənfəət əldə ediblər. Çünki Ukrayna və Rusiya arasında qarşıdurma bütün Avrasiya məkanının parçalanmasına və Avropada FBŞ-nin və NATO-nun nəzarətinin artmasına imkan yaradır. 

Onun fikrincə, Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı vəziyyət Çexoslovakiyadakı vəziyyəti xatırladır. "Reallıq belədir ki, Rusiya və Ukrayna ikisi bir yerdə bölünməyə məhkum olan böyük "Çexoslovakiyadır". Unutmaq olmaz ki, bu barədə Vaşinqton da daim düşünür. Minsk razılaşmaları ideal şəkildə həyata keçməyə başlasa belə, Amerikanın siyasi gündəmindən bir anlıq da çıxmayan Krım məsələsi aktual olaraq qalacaqdır", - ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi