Yuxarı

​Ekspertlər: Şərq Tərəfdaşlığı proqramının məqsədləri indi daha çox geosiyasi məsələlərə yönəlib - ŞƏRH

Azərbaycan heç zaman Avropa İttifaqına daxil olmaq arzusunu bildirməyib

Bakı. 19 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı proqramının əvvəlcədən bəyan edilən məqsədlərinin əsl məzmununu dəyişdirən rəsmi Brüsselin diqqəti hal-hazırda daha çox geosiyasi məsələlərin həllinə yönəlib. Bu barədə "Report"-a 21-22 may tarixində Riqada Şərq Tərəfdaşlığı sammitinin keçirilməsi məsələsini şərh edən ekspertlər bildiriblər. 

"Əvvəlcədən Azərbaycan Respublikası həm Avropa İttifaqı, həm də Azərbaycan üçün maraq kəsb edən bir sıra layihələrin həyata keçirilməsi üçün qurumla müxtəlif sahələrdə sıx əməkdaşlıq etməyi öz qarşısına məqsəd kimi qoyub. Konkret olaraq, bu elmi və humanitar sahələrdə mübadilə, eləcə də viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlərdir", - politoloq Fikrət Sadıxov "Report"a bildirib.  

O vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç zaman Avropa İttifaqına daxil olmaq və Aİ ilə assosiativ müqavilə imzalamaq arzusunu bəyan etməyib. Ermənistan həmin müqaviləni imzalamağa söz versə də, sonradan Avrasiya İqtisadi Birliyinə (AİB) meyl göstərib və birliyə daxil olduğuna dair müqavilə imzalayıb.

"Bizim kifayət qədər sabit mövqeyimiz var və biz heç kimi aldatmırıq. Biz Aİ qarşısında heç bir öhdəlik götürmədən, hər hansı bir quruma daxil olmaq və hansısa bir əlavə müqavilə, yaxud saziş imzalamaq vədlərini vermədən  Avropaya inteqrasiya kursunu seçmişik", - politoloq vurğulayıb. O əlavə edib ki, Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur. 

Öz növbəsində, Ukrayna İctimai Münasibətlər Mərkəzinin direktoru Yevgeni Maqda bildirib ki, Şərq Tərəfdaşlığı proqramı özünün bütün imkanlarını gerçəkləşdirə bilməyib. 

"Bunun obyektiv və subyektiv səbəbləri var. Buna misal olaraq, Aİ-nin yeni üzvlərin qəbulu ilə bağlı problemləri operativ şəkildə həll edə bilməməsini, Köhnə Avropa ölkələrinin Mərkəzi Avropanın "yeni dirçəlməyə başlayan" ölkələrinə qarşı qısqanclığını göstərmək olar. Subyektiv olaraq,  Rusiya Aİ ilə əməkdaşlıq edən ölkələr qarşısında seçim qoyaraq, postsovet məkanında öz nüfuzunu artırmağa çalışır", - Y.Maqda qeyd edib. 

O hesab edir ki, Riqa sammiti bu məsələdə dönüş nöqtəsi olacaq. "Şərq Tərəfdaşlığı bütün iştirakçı ölkələrə öz fəaliyyətinin məqsədəuyğunluğunu və perspektivlərin reallığını nümayiş etdirməlidir, əks halda layihə sırf formal xarakter daşıyacaq", - ekspert deyib.

O qeyd edib ki, Şərq Tərəfdaşlığı proqramı daha çox geosiyasi məsələlərin həllinə yönəlməyə başlayıb, layihənin iqtisadi tərkib hissəsi isə onun müəlliflərinə ünvanlanan çoxlu sayda suallar doğurur. 

"Əslində, əvvəlcədən bəyan olunan məqsədlərin əsl məzmununun tamamilə başqa substansiya ilə əvəz olunduğu aydın şəkildə görünür", - mərkəzin rəhbəri vurğulayıb.

Bununla yanaşı, azərbaycanlı politoloq Tofiq Abbasov bildirib ki, Şərq Tərəfdaşlığı proqramının məqsədi altı postsovet dövlətindən ibarət qrupu Rusiyanın təsir orbitindən çıxarmaq və onları tez bir zamanda Aİ-yə yaxınlaşdırmaqdan ibarətdir.

"Buna görə də belə bir sual yaranır ki, Şərq Tərəfdaşlığı layihəsinin müəllifləri üçün vacib olan nədir: altı yeni dövlətin rifahı, yoxsa onların Rusiyadan uzaqlaşması?! Ukraynanın, eləcə də Moldovanın və Gürcüstanın nümunəsi onu göstərir ki, Brüssel fəaliyyətini əvvəlcədən iqtisadi deyil, geosiyasi məsələlərin həllinə yönəldib.  Burada, ilk növbədə, Rusiyanın ticarət bazarının məhdudlaşdırılması amili əsas rol oynayır", - ekspert qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi