​Ekspertlər: Rusiyanın Suriyaya göstərdiyi hərbi dəstək cənubi Qafqazda müəyyən risklərə səbəb ola bilər - RƏY

​Ekspertlər: Rusiyanın Suriyaya göstərdiyi hərbi dəstək cənubi Qafqazda müəyyən risklərə səbəb ola bilər - RƏY "Radikalların İraq və Suriyanın şimalındakı münaqişə zonalarından kənara çıxmasının qarşısı alınmalıdır"
Analitika
13 Oktyabr , 2015 13:12
​Ekspertlər: Rusiyanın Suriyaya göstərdiyi hərbi dəstək cənubi Qafqazda müəyyən risklərə səbəb ola bilər - RƏY

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, Rusiyanın Suriyaya birbaşa hərbi dəstəyi Cənubi Qafqaz üçün müəyyən risklər yarada bilər.

"Cənubi Qafqazda radikalizmin yayılması təhlükəsi var və bunu nəzərə almaq lazımdır", - Qafqazda radikal islamın yayılması ehtimalını şərh edən politoloq Tofiq Abbasov "Report"a bildirib.

"Xəstəlik virusunun dünyaya yayılmaması üçün onu elə oradaca, yerində məhv etmək lazımdır", - ekspert qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi birinci koalisiya müvəffəqiyyətsizliyə uğradı. "Bu İŞİD-ə qarşı mübarizənin imitasiyası idi", - politoloq hesab edir.

O deyib ki, Rusiya "psevdoislamçılar"la mübarizəni necə aparmaq lazım olduğunu qərb koalisiyasına nümayiş etdirdi və bu qərb üçün gözlənilməz oldu.

T.Abbasovun fikrincə, Qərbin düşmənlərinə qarşı ekstremist təşkilatları yaratdığı və sonradan həmin yaraqlıların silahı onun özünə qarşı yönəltdiyinin tarixdə biz şahidi olmuşuq. "Ona görə də, gec-tez İŞİD yaraqlıları əl-Bağdadi ilə mənasız "oyun" oynayan ABŞ, Səudiyyə Ərəbistanı və İordaniyaya qarşı üsyan edəcəklər", - politoloq bildirib.

"İslam dövləti" yaraqlılarını məhv etməyin mümkün variantlarından biri kimi, ekspert onların Şimali İraq və Suriyadakı münaqişə zonalarından kənara çıxmasının qarşısının alınmasında görür.

Öz növbəsində, Beynəlxalq Humanitar-siyasi Araşdırmalar institutunun aparıcı eksperti Aleksey Kuzmin qeyd edib ki, İŞİD olduqca mürəkkəb bir strukturdur.

"Təşkilatın müəyyən bir "komissarlardan ibarət" özəyi, aktivi və bundan əlavə, dünyanın hər yerindən ona "qoşulmuş" minlərlə tərəfdarı var. Ona görə də İŞİD digər "üsyançılardan" daha çox uğur əldə edə bilir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, bütün bunlar İraq və Suriyada tayfa və qəbilələrarası əlaqələrə də söykənir", - ekspert vurğulayıb.

A.Kuzmin hesab edir ki, "İslam dövləti"nin tamamilə darmadağın ediləcəyi halda da, bütün terrorçuları neytrallaşdırmaq mümkün olmayacaq, onlar səpələnərək qaçmağa müvəffəq olacaqlar. Onun sözlərinə görə, "Bəşşar Əsədin problemi ondadır ki, o, əvvəlcədən qəti və sərt tədbirlər görərək bu kimi hallara yol verilməyəcəyini göstərməli idi", lakin, o, kifayət qədər qətiyyət nümayiş etdirmədi və nəticədə hadisələrin inkişafı daha çox qan tökülməsinə gətirib çaxardı.

Regionda radikalizmin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər kimi, politoloq müsəlman din xadimlərinin hazırlanması ilə bağlı vəziyyətin normallaşdırılması təklifini irəli sürüb.

Yaxın Şərq üzrə mütəxəssis, iranşünas gürcü eksperti Vasili Papava öz növbəsində "Report"a bildirib ki, Rusiyanın Suriya hökumətinə birbaşa hərbi dəstək verməsi Cənubi Qafqaz ölkələri üçün müəyyən risklər yarada bilər. "Məlum olduğu kimi, Suriyaya Əsəd hökumətinə qarşı vuruşmağa təxminən 200-300 Gürcüstan vətəndaşı yollanıb. Onların arasında etnik gürcülər yoxdur, bu şəxslər əsasən çeçen-kistinlilərdir. Əgər indiyə qədər yaraqlıların yaxın gələcəkdə Suriya hökumətini devirmək üçün az da olsa ümidləri var idisə, Rusiyanın müharibəyə daxil olmasından sonra, bu ümidlər, demək olar ki, sıfıra enib. Onlar hazırda seçim qarşısında qalıblar: ya bu müharibə alovunda məhv olmalı, ya da hakimiyyət orqanlarına təslim olmalıdırlar", - ekspert bildirib. Onun sözlərinə görə, üçüncü bir yol da var - geriyə Qafqaza qayıdaraq "Rusiyadan intiqam almağa" cəhd etmək yolu və terrorçuların bu yoldan da istifadə edə biləcəkləri istisna deyil. "Bununla əlaqədar, Gürcüstan rəhbərliyi seçim qarşısında qalır: sərhəd nəzarət məntəqələrində nəzarətin gücləndirilməsi və artırılması, həmçinin xüsusi xidmət orqanları kanalları vasitəsilə informasiya mübadiləsini həyata keçirmək üçün Ermənistan və Azərbaycanla bu sahədə əməkdaşlığın qurulması", - V.Papava deyib. O, Yaxın Şərqdə artan qarşıdurma şəraitində Zaqafqaziya ölkələrinin regionda sülh və sabitliyi təmin etmək üçün koordinasiya olunmuş fəaliyyət göstərmələrinin müsbət nəticə verə biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi