Ekspertlər Rusiyanın qoşunlarını Suriyadan çıxarmaq qərarı və onun nəticələrindən danışıb - RƏY

Ekspertlər Rusiyanın qoşunlarını Suriyadan çıxarmaq qərarı və onun nəticələrindən danışıb - RƏY İlqar Vəlizadə: "Moskva Suriya məsələsində Vaşinqtonla hər hansısa bir razılığa gələ bilib"
Analitika
15 Mart , 2016 15:31
Ekspertlər Rusiyanın qoşunlarını Suriyadan çıxarmaq qərarı və onun nəticələrindən danışıb - RƏY

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın Suriyada hərbi əməliyyatları dayandırması və qoşunlarını bu ölkədən çıxarmaq qərarını şərh edən ekspertlər bunun Suriya daxilində müxalifətlə iqtidarın münaqişənin həllinə şərait yaratmağa yönəlik addım olduğunu bildirib.

"Kənardan yalnız anlaşılmayan konturlarla barışığı və Cenevrədə nəticəsi bəlli olmayan "substantiv" danışıqları müşahidə etmək olar. Bununla yanaşı, barışıq simanı qoruyub Suriya bataqlığından çıxmaq üçün şans kimi dəyərləndirilə bilər. Cenevrə danışıqları isə "qoy Əsədin taleyinə elə suriyalıların özləri qərar versin" deməkdir". Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

O, həmçinin Rusiya qoşunlarının Suriyadan çıxarılmasının hərbi və strateji məqsədəuyğunluğu barədə danışıb: "Əsəd ordusunun uğurları həddən artıq şişirdilmiş görünür. Rusiyanın hərbi dəstəyi ilə bəzi yerlərdə əldə edilən təşəbbüs isə çox "kövrək" görünür. İŞİD-in mövqeləri isə ümumiyyətlə, sarsılmaz görünür", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə korlanmış münasibətləri elə həmin hərbi əməliyyatlara görə yaxın vaxtda bərpa etmək mümkün olmayacaq. Politoloq bunun arxasında milyardlıq zərərin olduğunu xüsusi qabardıb.

İ.Vəlizadə rəsmi Moskvanın Suriya məsələsində rəsmi Vaşinqtonla hər hansısa bir razılığa gələ bildiyini və geosiyasi qarışıqlıq şəraitində açıqlanmayan kontaktlar formatına etiraz edə bildiyini qeyd edib.

"Amma belə oyuna dəyərdimi?..", - deyə o, fikrini tamamlayıb.

Öz növbəsində, rusiyalı siyasi analitik Oleq Kuznetsov Rusiyanın Suriyadan qaçmasından söhbət belə gedə bilməz.

Analitik Rusiyanın ön cəbhə aviasiyasını Suriyadan çıxardığını, amma yerüstü hərbi insfrastrukturun, eləcə də hərbi-dəniz bazasının qaldığını xüsusi qeyd edib. Onun fikrincə, bu, Suriyada hərbi-siyasi dəyişikliyin tələb edəcəyi halda, istənilən an Rusiya təyyarələrinin geri qayıtmasına imkan yaradır.

"Rusiyanın bu ölkədəki hərbi varlığı qalmaqdadır. Sadəcə, bu varlıq ölkənin milli maraqlarına cavab verəcək, amma eyni zamanda təcavüzün qarşısını almaq üçün kifayət edəcək həcmdədir", - deyə O.Kuznetsov bildirib.

Bəşşar Əsəd rejiminin gələcəyi haqqında danışan analitik vurğulayıb ki, Rusiya hər zaman Suriya böhranının daxili siyasi həllinə tərəfdar çıxıb, sadəcə, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kobudcasına müdaxilə edərək hərbi yolla Əsədi hakimiyyətdən salmağa çalışıb və demək olar ki, onlar istəklərinə çatıb.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi nəticəsində Suriya hakimiyyəti və müxalifətin danışıqlar vektoru dəyişib: "Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının əsas siyasi nəticəsi də məhz buradadır. Rusiya Hərbi Kosmik Qüvvələri Suriyada yeni reallıq yaratdı və məhz bu da bütünlükdə Yaxın Şərq regionunun gələcəyi üçün təməl kimi xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi