Yuxarı
    Bağlamaq

    Ekspertlər Parisdə keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransının əsas mövzularını dəyərləndirib - RƏY

    Siyasi liderlər ekoloji məsələlərdən daha çox, diqqəti gündəlikdəki məsələlərə yönəltməyə məcburdurlar

    Bakı. 30 noyabr. REPORT.AZ/ Ekspertlərin fikrincə, BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransında müzakirə olunacaq əsas mövzular Suriya problemi, İŞİD terror qruplaşması ilə mübarizə və Türkiyə-Rusiya münasibətləri olacaq.

    "Kioto protokolunun əvəzinə gələcəkdə qlobal istiləşməni cilovlamağa imkan verəcək yeni daha əhatəli sənədin imzalanacağı gözlənilir. Amma Kioto protokolunun taleyi lider ölkələrin planetin qarşısında dayanan real təhlükələri necə görməməzlikdən gəldiyini göstərir", - bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

    Onun sözlərinə görə, qarşılıqlı iddialar beynəlxalq münasibətlər sistemini o dərəcədə təşvişə salıb ki, problemlərin bütün perimetri boyu yalnız xaos müşahidə olunur. T.Abbasov buna görə də lider ölkələrin sözdə bir şey deyib, əslində isə bunun əksini etməsinin təəccüblü olmadığını qeyd edib. Onun fikrincə, sammitdə əsas diqqət Suriya məsələsinin həllinə və Rusiya-Türkiyə münasibətlərinin həlli alqoritmlərinin axtarışına, eləcə də İŞİD terror qruplaşması ilə mübarizədə mümkün koalisiyanın yaradılmasına yönələcək.

    Öz növbəsində, iqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin "Diplomatiya" magistr proqramının rəhbəri Stanislav Tkaçenko bildirib ki, sammitdə əsas müzakirə mövzusu İŞİD-ə qarşı mübarizə olacaq.

    O, konfransın ən maraqlı məqamlarından biri kimi Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı ilə görüşməyə razılıq verib-verməyəcəyinin olduğunu vurğulayıb. S.Tkaçenkonun fikrincə, Ukrayna prezidenti Pyotr Poroşenko fəal şəkildə Ukraynanın müzakirə olunmasına çalışacaq, amma hazırda bu məsələ arxa plana keçib. Belə ki, nə Avropa, nə də rəsmi Vaşinqton bu məsələyə hazırda bir o qədər maraq göstərir. "Odur ki, İŞİD-lə mübarizə və Rusiya ilə Türkiyə arasındakı mümkün iqtisadi müharibə əsas müzakirə mövzuları olacaq", - ekspert deyib.

    Türkiyəli politoloq, Ankara İqtisadiyyat və Texnologiya Universitetinin professoru Toğrul İsmayıl "Report"a bildirib ki, konfransda əsasən təbii olaraq iqlim məsələləri, o cümlədən iqlim dəyişikliyi, qlobal istiləşmə müzakirə olunacaq.

    O, dünyanın müxtəlif ölkələrinin nümayəndələri arasında aparılacaq debatlarda əsas müzakirə mövzusunun terror olacağını vurğulayıb: "Konfrans Fransada baş tutduğundan rəsmi Paris təbii olaraq ölkəsində baş vermiş terror aktlarını, İŞİD-lə mübarizənin problemlərini və koalisiya yaradılması məsələsini qabardacaq".

    Türkiyə tərəfinin maraqları barədə danışarkən professor rəsmi Ankara üçün Türkiyə və ABŞ prezidentlərinin görüşü mühüm rol oynayacaq.

    T.İsmayıl həmçinin gündəlikdə Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasının da olduğunu qeyd edib: "Uzun illər ərzində Türkiyə Rusiya ilə münasibətlərdə sülh və anlayışa nail olub. Amma son bir həftə ərzində vəziyyət kəskin dəyişib. Adətən, güzəşt edən Türkiyə olub. Məsələn, heç kimə və heç nəyə baxmadan Rusiyaya etibar edərək Türkiyə enerji, qaz və neft alışını maksimum həddə çatdırıb".

    Dağlıq Qarabağ məsələsinin həlli barədə danışan ekspert böhranın davam etdiyini deyərək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün zəruri olduğunu qeyd edib. "Nə qədər ki, Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişməyəcək, nə qədər ki, Rusiya Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa baxış və yanaşmalarını dəyişməyəcək, Qarabağ probleminin həllində inkişaf gözləmək lazım deyil", - o bildirib.

    Öz növbəsində, Böhran cəmiyyətinin öyrənilməsi Mərkəzinin baş analitiki, beynəlxalq işlər üzrə Rusiya Şurasının və Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov bildirib ki, iqlim müzakirəsi ilə bağlı görüş xüsusilə qarşıdurma halında olan dövlətlərin siyasətçiləri və dövlət rəhbərləri üçün daha neytral şəraitdə üz-üzə gəlmək baxımından gözəl fürsətdir. Onun sözlərinə görə, konfransın pərdəarxasında istənilən halda Suriyadakı vəziyyət, o cümlədən Suriya daxilindən xaricinə çıxaraq artıq açıq elan olunmuş münaqişə ilə bağlı durum müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi