Yuxarı

​Ekspertlər: "Əsədin yardım üçün Rusiyaya müraciət etməsində qeyri-adi heç bir şey yoxdur" - RƏY

Andrey Kazantsev: Əsədə hərbi yardım artıq göstərilir və bundan sonra da bu yardım davam edəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Rusiya silah satışı və informasiya yardımı məsələsində Suriyanı dəstəkləməkdə davam edəcək. Bu barədə ekspertlər Suriyanın dövlət başçısı Bəşşar Əsədin Rusiyaya hərbi yardım üçün müraciətini şərh edərkən bildiriblər.

"Əsədə hərbi yardım artıq göstərilir və bundan sonra da bu yardım davam edəcək. Bu, silah təchizatı, informasiya sahəsində, məsələn, kəşfiyyat xəttilə hər hansı dəstəyin göstərilməsi, eləcə də müşavirlər səviyyəsində köməklik olacaq", - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazantsev "Report"a açıqlamasında bildirib.

O, həmçinin prezident Vladimir Putinin öz rəsmi çıxışında yerüstü əməliyyatlarda Rusiya qoşunlarının iştirakını istisna etdiyini də xatırladıb.

"RF Federal Şurası bu gün rus qoşunlarının Suriyada birbaşa iştirakına icazə verən qərar qəbul edib, lakin Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, söhbət İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsindən gedir", - mərkəzin direktoru bildirib.

Öz növbəsində, politoloq Tofiq Abbasov da eyni fikirdədir. Onun sözlərinə görə, Əsədin yardım üçün Rusiyaya müraciət etməsində qeyri-adi heç bir şey axtarmaq lazım deyil.

"Moskva və Əsəd necə ki, hüquqi müstəvidəydilər, elə də qalmaqda davam edirlər. İki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutan dostluq və qarşılıqlı yardım haqqında müqavilə mövcüddur. Ona görə də burada beynəlxalq hüquq normalarının pozulması və ya digər qanunsuz hərəkət axtarmaq lazım deyil", - ekspert deyib.

O qeyd edib ki, Moskva hazırda İŞİD qruplaşmasına qarşı formal mübarizənin aparılmasının Yaxın Şərqdə vəziyyətin normallaşmasına səbəb olmayacağı qənaətinə gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi