Yuxarı
    Bağlamaq

    Ekspertlər: "Ermənistan cəbhə xəttində təxribat yaradaraq ölkə başçılarının qarşıdan gələn görüşündən yayınmaq istəyir" - RƏY

    Ermənistan hakimiyyəti daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhədə gərginliyi yüksəldir

    Bakı. 9 dekabr. REPORT.AZ/ Ekspertlərin fikrincə, Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyi artırmaqla münaqişə tərəflərinin prezident səviyyəsində keçiriləcək görüşündən qaçmağa can atır.

    "Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcəyi elan olunduqdan sonra cəbhədə döyüşlər başlayıb və güclənib. Bu, onu göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarından yayınmaq istəyir", - "Report"a açıqlamasında politoloq Rasim Ağayev deyib.

    O, Ermənistan prezidentinin bir neçə səbəbdən, o cümlədən ölkə daxilində formalaşan narazılıq və böyük etiraz əhval-ruhiyyəsinə görə görüşdən yayınmağa çalışdığını bildirib: "Özü də bu, təkcə Konstitusiyaya dəyişikliklərin edilməsi üzrə referendumla bağlı deyil, həm də onunla əlaqədardır ki, Ermənistanın sosial vəziyyəti acınacaqlıdır. Bu səbəbdən Ermənistan bu halda sülh yolu ilə danışıqlar masasına oturmağa hazır deyil. Çünki artıq ümumi cümlələrlə məsələdən yayına bilməyəcək".

    R.Ağayevin fikrincə, hazırda münaqişənin həllində status-kvonu saxlayacağı təqdirdə Ermənistana böyük dividendlər vəd edən Qərb ölkələrindən də rəsmi Yerevana təzyiqlər var.

    "Çoxlarına aydın oldu ki, məsələ yalnız Qarabağ böhranının şərhiylə bağlı deyil. Söhbət ABŞ-ın regionda öz iştirakını gücləndirmək və onu ələ keçirmək istəməsindən gedir. Bu halda Rusiya Ukraynada üzləşdiyi bir vəziyyətlə qarşılaşa bilər. Bu isə Rusiyanın geostrateji mövqeyini ciddi şəkildə dəyişəcək, gələcəkdə ABŞ ilə qarşıdurma bütün Qafqaz regionuna təsir edə bilər", - deyə o bildirib.

    Öz növbəsində, hərbi ekspert Üzeyir Cəfərov mühüm görüş ərəfəsində ermənilərin onsuz da gərgin olan ümumi atmosferi korlamağa çalışmasının ilk dəfə baş vermədiyini vurğulayıb: "Ermənilər gərginliyi artırmağa çalışır, bu da öz növbəsində qoşunların cəbhə xəttində toqquşmalarla, təxribat və atışmalarla nəticələnir".

    Ekspert, həmçinin daxili qarışıqlığa görə qoşunların təmas xəttində gərginliyin artmasının Ermənistan iqtidarının xeyrinə olduğunu söyləyib: "Unutmaq lazım deyil ki, dekabrın 6-da Ermənistanda referendum keçirilib. İndi Ermənistan hakimiyyəti daxili problemlərdən diqqəti yayındırmaq üçün cəbhədə gərginliyi yüksəldir, hansısa siyasi tələblər irəli sürülərkən hamıya cəbhədə qeyri-sabitliyin olduğunu deyərək məsələdən yayınmağa çalışır. Bütün bunlar əlaqəli işlərdir. Nəzərə almaq lazımdır ki, Ermənistan prezidenti və müdafiə naziri Qarabağ müharibəsi fonunda hakimiyyətə gəlib".

    Onun sözlərinə görə, rəsmi Yerevanın bütün son addımları vəziyyəti kəskinləşdirməyə yönəlik olub, amma bundan ermənilərin özləri əziyyət çəkib: "Bu yaxınlarda Azərbaycan hərbçiləri erməni əsgərlərinin və hərbi texnikasının olduğu, düşmənin dayaq nöqtəsi sayıla biləcək yeri məhv etdi. Ermənilər və onlara himayədarlıq edən ölkələr regiondakı gücünü göstərməyə çalışsa da, bu hər dəfə böyük uğursuzluq və erməni hərbçilərin öldürülməsi ilə müşayiət olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi