Yuxarı

Ekspertlər: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası mexanizmini dəyişmək lazımdır

Çətin ki, Almaniya və Türkiyə vasitəçi olmağa razılaşsın

Bakı. 23 fevral. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi dondurulub və ekspertlər hesab edir ki, vasitəçilik missiyası formatını dəyişdirmək lazımdır.

Qeyd edək ki, dünən Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ehtimalı və vasitəçi ölkələr qismində Minsk qrupunun tərkibinə Almaniya və Türkiyənin əlavə olunması haqqında fikirlər söyləyib.

"Minsk qrupunun xüsusi bir mənasını görmürəm. Əlbəttə ki, o, müharibənin davam etməməsi üçün müəyyən  təsir göstərib, xüsusilə də ilk illərdə, lakin sonralar isə onun fəaliyyətinin heç bir mənası qalmayıb". Bunu "Report"a rusiyalı politoloq, şərqşünas Yevgeni Baxrevski həmin məsələni şərh edərkən bildirib. O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa mexanizm tələb olunur. 

Politoloq münaqişənin həllində Türkiyənin mümkün vasitəçilik missiyasına pozitiv yanaşıb: "Türkiyə bu məsələdə müsbət rol oynaya bilər".

Almaniyadan danışan politoloq, vurğulayıb ki, onun Qafqaza heç bir aidiyyatı yoxdur. "Almaniyanın burada işi yoxdur", - o deyib. 

Y.Baxrevski qeyd edib ki, münaqişənin həlli üçün yeganə təsirli format İran-Rusiya-Türkiyə üçlüyü ola bilər. Bu barədə dəfələrlə danışılıb. 

"Güman edirəm ki, Türkiyə Fransanı "ermənipərəst" hesab edir. Onun fikrincə, Almaniya güclü türk diasporunun olması sayəsində "azərbaycanpərəst" olacaq", - politoloq deyib. 

Onun sözlərinə görə, ATƏT Minsk qrupu "sakitcə monitorinq" aparmaq üçün yaxın gələcəkdə də əvvəlki illərdəki fəaliyyəti ilə məşğul olacaq. "Sərhəddə isə ölümlərin sonu olmayacaq", - Y.Baxrevski hesab edir. 

Öz növbəsində RF Sankt-Peterburq Dövlət Universitetinin dosenti, politoloq Aleksandr Sotniçenko bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun dəstəklədiyi Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş formatından" çox narazıdır.  

"Həmsədrlər tərkibinə Azərbaycanın müttəfiqi kimi Türkiyənin daxil edilməsi bəzi azərbaycanlı politoloqların fikrincə, Ermənistanın müttəfiqi olan Rusiyanın və ermənipərəst mövqe tutan Fransanın iştirakını tarazlaşdıra bilər, Minsk qrupu vasitəçilər formatını daha dinamik edə bilərdi. Bu Aİ-də Fransa ilə müqayisədə daha neytral mövqe tutan Almaniyaya da aiddir", - A.Sotniçenko bildirib.

Lakin o, Türkiyə və Almaniyanın vasitəçi kimi çıxış etməyə razılıq vermələrinə şübhə ilə yanaşıb və bunu dünya iqtisadi böhranının olması ilə izah edib. 

"Minsk qrupunun hazırkı üzvlərini mövcud ləng format qane edir, buna görə də vəziyyəti heç kim dəyişdirməyəcək", - politoloq vurğulayıb.

A.Sotniçenko qeyd edib ki, Azərbaycan adından belə təkliflərin irəli sürülməsi göstərir ki, problem əvvəlki kimi aktualdır, lakin bu formatda həll oluna bilməz. "Münaqişə dondurulub, və onu həll etmək üçün dəyişikliklər etmək lazımdır", - ekspert bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi