Ekspertlər: "​Brent"in qiymətinin WTI neftini üstələməsi üçün səbəb yoxdur"

Ekspertlər: "​Brent"in qiymətinin WTI neftini üstələməsi üçün səbəb yoxdur" WTI nefti 25 dollar, "Brent" isə 18 dollar/barelə kimi ucuzlaşa bilər
Analitika
21 May , 2016 12:29
Ekspertlər: ​Brentin qiymətinin WTI neftini üstələməsi üçün səbəb yoxdur

Bakı. 21 may. REPORT.AZ/ Dünya bazarında WTI markalı neftin (West Texas Intermediate - Texas, ABŞ) qiyməti yenidən "Brent"in qiymətinə çatıb. "Report" xəbər verir ki, ABŞ-da neft hasilatının azalması və Kanadada meşə yanğınlarının daha geniş əraziyə yayılması amilləri WTI markalı neftin qiymətini artırıb. ABŞ-da şist neft hasilatının azalması da WTI markalı neftin qiymətinin artmasına səbəb olub. Nəticədə, Texas neftinin qiyməti "Brent"in qiymətinə yaxınlaşıb və hazırda bu fərq cəmi 0,4 dollar/barel təşkil edir. Qeyd edək ki, 2011-ci ilin sonunda iki marka arasındakı qiymət fərqi "Brent"in xeyrinə 27 dollar olub. 

"Report"un analitik qrupu hesab edir ki, WTI markalı neftin ucuzlaşmasına səbəb ABŞ-da 2011-ci ildən etibarən şist tipli neftin hasilatının artması olub.

"Report" bildirir ki, yaxın 1-2 ayda Texas markalı neft "Brent"dən baha satılacaq. Hətta bu fərqin yaxın illərdə WTI-nin xeyrinə 10-15 dollar/barelə qədər də yüksələ bilər: "Daha çox yüksəlməsi ehtimal olunmur, çünki bu zaman "Brent" markalı neftin ABŞ-a ixracı məsələsi gündəmə gələ bilər".

Xatırladaq ki, WTI markalı neft əsasən ABŞ-da istifadə olunur. Texas nefti yüngül, yəni sıxlığı aşağı və "şirin", yəni tərkibində daha az kükürd var ki, bu da benzin və dizel yanacağının hazırlanmasına daha uyğun sayılır. Avropa tipli "Brent" nefti isə daha sıx və kükürdü bol olan neft markasıdır. Qeyd edək ki, bu xüsusiyyətlərinə görə WTI markalı neft 2011-ci ilə qədər əsasən "Brent" markalı neftdən baha satılıb. Bahalığın digər səbəbi də "Brent"in ABŞ-ın Kuşinq limanına çatdırılması xərcləri ilə bağlı olub.

Xatırladaq ki, ABŞ-da fəaliyyətini davam etdirən neft quyularının sayı 13-20 may tarixlərində uzun müddət davam edən azalmadan sonra ilk dəfə dəyişməyib və 318 ədədə bərabər olub. İsveçrənin UBS bankının analitikləri hesab ediblər ki, tezliklə ABŞ-da neft quyularının konservasiyası prosesi ümimiyyətlə başa çatacaq və neft-qaz quyularının sayı II rübdə minimal həddə endikdən sonra artmağa başlayacaq. ABŞ-ın "Baker Hughes" şirkətinin ekspertləri isə qyed edirlər ki, neft quyularının sayı 2014-cü ilin oktyabrındakı 1 609 ədəd maksimal səviyyədən 70% azalıb: "Son zamanlar artan neft qiymətlərinin bir sıra şirkətlər üçün artıq rentabelli olması və belə gedərsə neft quyularının fəaliyyətini bərpa edəcəyi gözlənilir". Belə olduğu halda ABŞ-da hasilatın azalması prosesi yavaşlaya və nəticədə, neft qiymətlərinin artması tendensiyası dayana bilər.

"Report"un analitik qrupu hesab edir ki, Texas markalı neftin qiyməti ABŞ-da hasilatın gündəlik 8,79 mln. barelə düşməsi ilə artım tempini qoruyacaq. Lakin bu marka neftin 60 dollar/barelə qədər artması neft quyularının aktivləşməsi və hasilatın artması səbəbindən mümkün görünmür. Əvəzində isə "Brent" markalı neftin qiymətinin Texas markalı neftə nəzərən azalması ehtimal edilir. Çünki "Brent" nefti hasil edilən ölkələrdə hasilat artmağa davam edir və hasilatçı ölkələrdən hasilatın bir qədər də artırılacağı xəbərləri gəlir. Məhz bu amilləri təhlil edərək tədricən Texas markalı neftin "Brent"in qiymətini ötəcəyi, lakin maksimal qiymət həddinin 53-55 dollar/bareli keçməyərək yenidən 30 dollar/barel səviyyəsinə qədər geriləməsi istisna edilmir. Qiymətlərin Texas nefti üçün minimal səviyyəsinin 25 dollar/barel, "Brent" üçün isə 18 dollar/barel olacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi