Ekspertlər: Bəşşar Əsəd tezliklə istefa verə bilər - RƏY

Ekspertlər: Bəşşar Əsəd tezliklə istefa verə bilər - RƏY "Nə Səudiyyə Ərəbistanı, nə ABŞ, nə Qətər, nə İran, nə də Rusiya Yaxın Şərqdə əsl müharibənin yaranmasında maraqlı deyil"
Analitika
24 Fevral , 2016 16:34
Ekspertlər: Bəşşar Əsəd tezliklə istefa verə bilər - RƏY

Bakı. 24 fevral. REPORT.AZ/ Ekspertlər hesab edir ki, Suriyada atəşkəsin elan olunması müvəqqətidir, münaqişənin tam həllindən danışmaq olmaz.

"İndi çox məsuliyyətli an yetişib. Belə ki, hər bir güclü, xüsusən də BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə konsensus əldə etmək üçün daha yumşaq mövqe tutmalıdır". Bunu "Report"a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

O, Suriyanın şəhərlərinin çoxunun xarabalığa çevrilməsi və infrastruktura ciddi ziyan dəyməsi səbəbindən bu məsələnin silah gücü ilə həll edilə bilinməyəcəyinin anlaşıldığına zəmin yarandığını qeyd edib: "Suriya fiziki kollapsa məruz qalıb. De-yure olaraq Suriya var, amma de-fakto ölkə yoxdur. Çünki çoxmilyonluq qaçqın ordusu ölkəni artıq tərk edib".

Suriya münaqişəsinin həllində ABŞ-ın rolundan danışan ekspert vurğulayıb ki, bu gün üçün rəsmi Vaşinqton bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin dilə gətirdiyi rəsmi Moskvanın baxış nöqtəsini bölüşür. Onun sözlərinə görə, çox güman, bu, ABŞ hökuməti, xüsusən də Ağ ev üçün çox vacibdir. Belə ki, Barak Obamanın ikinci prezidentliyinin müddəti başa çatır. Ekspert həmçinin Suriya məsələsinin həllindən sonra gündəmdə İraqdakı proseslərin olacağını da deyib.

Bu ilin aprel ayında Suriyada keçiriləcək parlament seçkilərini şərh edən politoloq bu seçkilərin ilk növbədə gələcək Suriya hakimiyyəti, hətta indiki prezident Bəşşar Əsədin tərəfdaşları ətrafındakı ab-havanı yumşaltmalı olduğunu söyləyib: "Mənə elə gəlir ki, müəyyən müddətdən sonra o, özü istefaya getdiyini rəsmən elan edəcək. Ancaq bu, o demək deyil ki, indi bilavasitə Bəşər Əsədin mövqeyini təmsil edən və dəstəkləyən qüvvələr siyasi səhnədən gedəcək".

Öz növbəsində, Rusiyanın "Ali iqtisadi məktəb" Milli Tədqiqat Universitetinin professoru, politoloq Dmitri Yevstafyev bildirib ki, hələ ötən ilin sentyabr ayında Suriyadakı hərbi əməliyyatların 2016-ci ilin martına qədər dayandırılacağını proqnozlaşdırıbmış: "Suriya münaqişəsinin fəal mərhələsi marta qədər başa çatmalıdır. Bu, hərbi əməliyyatlar və hava ilə bağlı bir sıra amillərlə, o cümlədən xamsin (quru, yorucu isti yerli külək növüdür, fırtınalı güclü külək zamanı havanın temperaturu 40 dərəcə selsiyə qədər yüksələ bilər - "Report") dövrünün başlamasıyla əlaqədardır. Bu, çox vacib hava faktorudur".

Bununla yanaşı, politoloq atəşkəs barədə razılaşma üçün müəyyən siyasi şərait yarandığını vurğulayaraq əlavə edib ki, eyni zamanda Suriya münaqişəsində iştirak edən siyasi oyunçuların çoxu, o cümlədən xarici oyunçular münaqişənin miqyasının məhdudlaşdırılmasına hazırdır.

Ekspert nə Səudiyyə Ərəbistanı, nə ABŞ, nə Qətər, nə yenicə beynəlxalq təcriddən çıxan İran, nə də Rusiyanın Yaxın Şərqdə vətəndaş müharibəsinin əsl müharibəyə çevrilməsində maraqlı olmadığını qeyd edib. 

Rusiyalı professor bu gün üçün Suriya cəbhəsindəki heç bir hissədə müəyyən sabitliyin olmadığını xüsusi vurğulayıb: "Bundan əlavə, Suriya ərazisinin böyük hissəsində hərbi əməliyyatların dayandırılacağı 27 fevral tarixindən sonra da sabitlik yaranacağı ehtimalı çox azdır".

Onun sözlərinə görə, bu gün hələ hansısa uzunmüddətli sülhün təmin edilməsi barədə danışmağa heç bir əsas yoxdur. Aprel ayında Suriyada keçiriləcək parlament seçkiləri barədə danışan politoloq Rusiyanın Bəşşar Əsədə bu prosesi tamamilə öz ssenarisi əsasında həyata keçirməsinə imkan verməyəcəyini söyləyib. Onun fikrincə, seçki prosesi beynəlmiləlləşdiriləcək və burada Rusiya ilə yanaşı, Əsəd rejiminin sabitləşməsinə səbəb olmuş İranın da maraqları nəzərə alınacaq. Ekspert müəyyən məqamda Bəşşar Əsədin prezident postundan gedəcəyini də istisna etməyib. D.Yevstafyevin fikrincə, atəşkəs haqqında razılaşma müvəqqətidir və nisbətən ümumi xarakter daşıyır.

Son xəbərlər

Orphus sistemi