Yuxarı
    Bağlamaq

    Ekspertlər Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü şərh ediblər

    Rusiya, ABŞ və Fransa XİN başçılarının görüşdə iştirakı məsləhətləşmələrə yüksək siyasi səviyyə qazandırır

    Bakı. 14 may. REPORT.AZ/ Ekspertlər Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçiriləcək görüşdə atəşkəs rejiminin gücləndirilməsi məsələlərini müzakirə edəcəklərini hesab edirlər.

    "Şəxsən mən danışıqlarda hansısa irəliləyiş olacağını gözləmirəm. Xüsusilə də görüş ATƏT-in Minsk qrupunun himayəsi altında keçiriləcəksə. Tarix göstərir ki, protokol xarakterli bu cür görüşlərin heç biri müsbət nəticə verməyib. Əksinə, hər dəfə belə görüşlərdən sonra Dağlıq Qarabağda təmas xəttində vəziyyət Ermənistanın təxribatları sayəsində gərginləşir", - deyə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

    Onun sözlərinə görə, görüşdən mühüm uğurlu gediş gözləmək lazım deyil: "Elə təəssürat yaranır ki, Bakı danışıqları bərpa edib, bununla Yerevana bir neçə günlük fasilə verdirmək istəyir. Futbolda buna rəqibin məhsuldar hücumunun qarşısının alınması üçün tətbiq edilən "kiçik fol taktikası" deyilir. ATƏT MQ heç bir konstruktiv təklif irəli sürməyəcəksə, yalnız ümumi danışıqlar olacaq".

    O.Kuznetsov deyib ki, tarix Ermənistanın həmişə danışıqlar ərəfəsində hərbi vəziyyəti kəskinləşdirdiyini və bunu qəsdən etdiyini göstərir: "Naxçıvan Muxtar Respublikası ərazilərinin atəşə tutulması bunun bariz nümunəsidir. Yerevan yeni reallıq yaratmağa çalışır: guya ki, Naxçıvanı atəşə tutmağımızı istəmirsinizsə, Qarabağda bizə hücum etməyin. Bax, bütün bu hərəkətlərin məqsədi bundan ibarətdir. Yerevan qəsdən vəziyyətin kəskinləşməsinə çalışır ki, məsələ əvvəlki vəziyyətə qayıtsın, hələ bir müddət də heç nə dəyişməsin".

    Öz növbəsində, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və regional təhlükəsizlik problemləri Mərkəzinin baş elmi işçisi Nikolay Silayev bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin elan etdiyinə əsasən, qarşıdakı görüşdə atəşkəs rejiminin gücləndirilməsi, hərbi risklərin azaldılması, konkret etimad tədbirlərinin gücləndirilməsi barədə razılığa gəlinməsi məsələlərinin müzakirə olunacağını söyləmək olar.

    Ekspert diqqəti görüşün iki elementinə çəkib: "Birincisi, hazırlanan görüşlə bağlı rəsmi bəyənatlarda ATƏT-in Minsk qrupunun münaqişənin həlli üzrə danışıqlardakı mühüm roluna diqqət ayrılır. Ən azı bu onu göstərir ki, Minsk qrupunun üzvləri bu mexanizmdən imtina etməyə hazırlaşmır. İkincisi, görüşdə həmsədrlərin yox, Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin iştirakı məsləhətləşmələrə yüksək siyasi səviyyə qazandırır. Təbii ki, Azərbaycan və Ermənistan tərəflərinin də yüksək səviyyədə təmsil olunacağı gözlənilir".

    Azərbaycanlı ekspert İlqar Vəlizadə isə Azərbaycan tərəfinin istənilən görüşdə ilk növbədə Azərbaycanın maraqlarının nəzərə alınmasını israrla tələb etdiyini xatırladıb: "Danışıqlar prosesinin imitasiyası bizi qane etmir. Bunu nəzərə alaraq deyə bilərəm ki, həmsədrlər Azərbaycanı bu və ya başqa dərəcədə razı salan təklif irəli sürüb. Xüsusilə orada Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaytarılmasının, qaçqınların geri qaytarılmasının mümkünlüyü ilə bağlı praktik məsələlər müzakirə edilə bilər".

    Politoloq görüşdə tərəflərə atəşkəs rejiminin gücləndirilməsi və hərbi əməliyyatların dayandırılması üçün şəraitin yaradılmasını nəzərdə tutan şərtlərin təklif olunacağını güman etdiyini qeyd edib.

    "Eyni zamanda hesab etmirəm ki, Azərbaycan bu gün digər məsələlər - torpaqların işğaldan azad edilməsi və qaçqınların qaytarılması məsələləri olmadan bu məsələləri praktiki baxımdan müzakirə edəcək. Bu məsələlər görüşdə müzakirə olunmasa, Azərbaycan da atəşkəs rejiminin gücləndirilməsiylə bağlı hansısa məsələni müzakirə etməyəcək", - deyə İ.Vəlizadə vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi