Yuxarı

​Ekspertlər: Ali Radanın qarşısında baş verənlər seçki ərəfəsində siyasi xal qazanmaq cəhdidir - RƏY

Siyasi oyunbazlar seçkilər ərəfəsində siyasi xal qazanmaq üçün radikallardan istifadə etməyə çalışırlar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Siyasi oyunbazlar xal qazanmaq və Ukraynada baş tutacaq seçkilərdə seçiciləri öz tərəfinə cəlb etmək üçün radikallardan istifadə etməyə cəhd göstərirlər. Bunu siyasi analitiklər "Azadlıq" ("Svoboda") və Oleq Lyaşkonun radikal partiyaları nümayəndələrinin Ukrayna Konstitusiyasına dəyişikliklərlə bağlı ölkə parlamentində müzakirəyə çıxarılan qanun layihəsinin əleyhinə hüquq-mühafizə orqanları əməkdaşlarının da xəsarət aldığı etiraz aksiyalarını şərh edərkən qeyd ediblər.

"Mənim fikrimcə, bu desentralizasiya prosesi tamamilə formal xarakter daşıyır və heç bir əhəmiyyət kəsb eləmir", - rusiyalı politoloq Pavel Klaçkov "Report"a açıqlamasında bildirib. Ekspert bunu Donbass və Luqansk ətrafında mövcüd olan problemin hər hansı bir ciddi həlli yolunun hələ də olmaması ilə izah edib.

Onun fikrincə, Ukrayna hökuməti Minsk razılaşmalarının yerinə yetirilməsi və Donbas ilə müəyyən kompromisə getdiyini göstərmək istəyir.

"Ukrayna parlamentariləri belə bir "tamaşa" nümayiş etdirirlər: bəziləri elə təəssürat yaratmaq istəyirlər ki, güya onlar sülh göyərçinləridir və Minsk razılaşmalarına əməl edirlər, digərləri isə özlərini şahinlər təki, hərbi vətənpərvər olduğunu nümayiş etdirirlər. Lakin hər iki halda yalanı gizlətmək mümkün olmur. Ona görə də biz çox da dərin düşünülməmiş siyasi kombinasiyanın şahidi oluruq. Bu ilk növbədə ölkədaxili elektorata yönəlib, çünki oktyabr ayının 25-də Ukraynada seçkilər keçiriləcək və bu qaydada özlərini ya sülhsevər, ya da ki, vətənpərvər kimi qələmə verərək müəyyən qədər seçici səsini qazanmaq olar", - ekspert qeyd edib.

Politoloqun sözlərinə görə, Ukrayna parlamentinin qarşısında qumbaranın partladılması və baş verən qarşıdurmalar Ukrayna siyasətinin "dərəcəsi"nin və modallığının göstəricisidir.

"Əgər seçkiqabağı yaranan vəziyyəti qısaca təhlil etsək görərik ki, bizi hazırkı Ukrayna cəmiyyətinin daha da qütbləşməsi gözləyir", - P.Klaçkov bildirib.

Öz növbəsində Böhranlı cəmiyyətin öyrənilməsi Mərkəzinin baş analitiki Sergey Balmasov hesab edir ki, Ukrayna Radasının ətrafında baş verənlər ölkədə çətin vəziyyətə baxmayaraq, onun daha da dağılmasının qarşısını hələ almaq iqtidarında olan prezident Pyotr Poroşenko hakimiyyətinin möhkəmlənməsinə qarşı yönələn və müəyyən qüvvələr tərəfindən həyata keçirilən cəhdlərdir.

"Lakin onun opponentləri ona qarşı çıxış etmək və vəziyyəti bir qədər də destabilləşdirmək üçün əlverişli məqamı əldən vermək niyyətində deyil. Əlbəttə, Konstitusiyaya təklif olunan dəyişikliklər də bu məqamlardan biridir. Halbuki, bu dəyişikliklərə dəqiq diqqət yetirsək görərik ki, burada nə DXR-LXR, nə də Kremlə heç bir ciddi güzəşt edilməyib. Bundan başqa, qeyd etmək lazımdır ki, bu dəyişikliklər Moskvanın təzyiqi altında deyil, dialoqu davam etdirmək məqsədi ilə Aİ və Almaniyanın təzyiqi nəticəsində qəbul olunur", - ekspert deyib.

Onun sözlərinə görə, radikallar məqsədlərinə çatmaq üçün əlverişli məqam seçiblər, çünki, Ukrayna prezidenti hazırda fiziki olaraq hər kəsi qane edə biləcək Konstitusiya düzəlişləri təqdim etmək iqtidarında deyil.

"Ona görə də, belə bir vəziyyət Poroshenkonun gələcək siyasi karyerası və ümumiyyətlə Ukraynanın gələcəyinə təsir göstərə biləcək hazırkı prezidentin ən ciddi uğursuzluqlarından biri ola bilər", - S.Balmasov bildirib.

"Avrasiya ideyaları emalatxanası" ("Мастерская евразийских идей") ekspertlər Şurasının sədri Qriqori Trofimçuk hesab edir ki, Ukrayna Konstitusiyasına Ali Radada təklif olunan dəyişikliklər edilməsi ən radikal mövqedə duran qüvvələrə açıq şəkildə öz iddialarını hazırkı hakimiyyətə bildirmək üçün bir səbəb oldu.

"Tyagnibok, "Sağ sektor" ("Pravıy sektor"), müxtəlif batalyonlar və s. Poroşenko və digərlərinin onların hesabına hakimiyyətə gəldiyini yaxşı anlayırlar, indi isə hakimiyyət ən təhlükəli və fəal rəqiblərini zərərsizləşdirir", - o bildirib. Onun sözlərinə görə, Konstitusiyaya iki vilayətin statusu ilə bağlı təklif olunan dəyişikliklər heç nəyi dəyişmir, çünki burada sözün əsl mənasında "federallaşma" və dövlətin dağılması əlamətləri yoxdur.

Politoloq və publisist Pavel Kazarin hesab edir ki, desentralizasiya ilə bağlı qanun layihəsi Ukrayna cəmiyyətində birmənalı qarşılanmayıb.

"Bir çoxları bunu işğal olunmuş ərazilərdəki yaraqlıların leqallaşdırılması kimi qəbul edir. Mənim fikrimcə, Ukrayna cəmiyyətdəki belə narahatlıqlar əbəsdir və bu kimi narahatlıqlarla bağlı siyasi spekulyasiya ilə məşğul olan qüvvələr, siyasi xal qazanmaqdan başqa bir şeylə məşğul deyillər", - publisist bildirib.

Onun sözlərinə görə, Ukraynada bir sıra qüvvələr var ki, onlar strateji cəhətdən, ölkələrinin mənafeyi baxımından düşünə bilmirlər, əksinə, taktiki tərəfdən düşünərək, növbəti seçkilərdə maraqlarını təmin etməyə çalışırlar.

"Ukrayna parlamenti qarşısında müşahidə etdiyimiz mitinqin məqsədi məhz siyasi xal qazanmaq idi. İlk növbədə söhbət Oleq Lyaşkonun radikal partiyasından və Oleq Tyagnibokun "Azadlıq" ("Svoboda") partiyasından gedir", - politoloq bildirib.

Etiraz nümayişləri zamanı partlayıcı qurğulardan istifadə olunmasına toxunan ekspert qeyd edib ki, bu siyasi oyunbazların vəziyyətdən istifadə etməyə çalışaraq, radikal mövqedə duran insanların çiyinlərində hakimiyyətə gəlməyə çalışmalarının bariz nümunəsidir. Lakin onlar bir şeyi nəzərə almırlar.

"Radikal mövqedə duran insanların problemi ondan ibarətdir ki, bu insanların hərəkətlərini proqnozlaşdırmaq mümkün deyil. "Azadlıq" hərəkatı fəalları tərəfindən Ukrayna Milli Qvardiyası əsgərləri sıralarına atılan qumbara buna sübut idi", - P.Kazarin bildirib.

Onun sözlərinə görə, bu halda Ukrayna cəmiyyəti radikalları qınadı və Milli Qvardiya döyüşçülərinin tərəfini tutdu.

O, vurğuladı ki, hər şeydə Kremlin əlinin olduğunu ehtimal etmək lazım deyil: "Bu Ukrayna siyasətçilərinin tez-tez məsuliyyətdən yayınmaq və gizlənmək üçün əl atdıqları rahat üsuldur. Mən hesab edirəm ki, bu vəziyyətdə heç bir gizli məqam yoxdur".

Ukraynalı jurnalist və publisist Vitali Portnikov öz növbəsində bildirib ki, realığı əks etdirərsə, hər hansı bir müzakirə yaxşıdır.

"Bəli, prezident və konstitusiya dəyişiklikləri tərəfdarlarının mövqeyində zəif yerlər tapmaq olar.

Lakin problem ondadır ki, konstitusiyaya dəyişikliklərinin əleyhdarları ən vacib suala cavab vermirlər: Ukrayna Minsk razılaşmalarından imtina edərsə və Qərb tərəfdaşları ilə münasibətlərini pozarsa, bunun nəticəsi necə ola bilər. Və ən əsası da, haqlı olduğunu, formasından asıllı olmayaraq, hər hansı zorakılıq hərəkətləri ilə sübut etmək olmaz", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi