Yuxarı
    Bağlamaq

    Ekspert: “Türkiyənin bundan sonra Avropa İttifaqına üzv olması mümkün deyil”

    Mustafa Kaya: Böyük Britaniyanın Aİ-dən çıxması qərarı hər iki tərəf üçün itkidir

    İstanbul. 28 iyun. REPORT.AZ/ “Türkiyənin bundan sonra Avropa İttifaqına üzv olması mümkün deyil”. 

    Bunu “Report”un Türkiyə bürosuna beynəlxalq əlaqələr üzrə mütəxəssis, jurnalist-yazar Mustafa Kaya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqından çıxması məsələsini şərh edərkən bildirib. 

    Onun sözlərinə görə, son zamanlar Türkiyənin Avropa İttifaqına daxil olacağı ilə bağlı cəmiyyətdə müəyyən ümidlər yaranmışdı: "Ancaq mən bu məsələnin gerçəkləşəcəyinə inanmıram. Əgər xatırlayırsınızsa, İngiltərənin baş naziri Devid Kemeron “Türkiyənin Avropa İttifaqına daxil olması böyük ehtimalla üç min il çəkəcək" demişdi. Avropa da Türkiyə haqqında bu qənaətdədir. Söhbət 30 ildən çox qapı arxasında gözləyən Türkiyədən gedir. Almaniya kansleri Angela Merkel də Türkiyənin Avropa İttifaqı ilə əməkdaşlığının yalnız "güzəştli müştərək fəaliyyət" olacağını söyləmişdi. Mən bundan sonra Türkiyənin Avropa İttifaqı ilə yollarının tamamilə başqa istiqamətdə davam edəcəyini düşünürəm”.

    M.Kaya deyib ki, Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı soyuqluq yeni məsələ deyil: “Britaniya hələ 1952-ci ildə Avropa ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlığını nəzərdə tutan ilk təşkilatı olaraq Avropa Kömür və Polad Birliyinin üzvü deyildi. Bundan başqa, Britaniya Avropa İttifaqının avro pul vahidindən istifadə etmirdi. Eyni zamanda, Şengen zonasına da daxil deyildi. Həmçinin Britaniya Avropa İttifaqına sonradan üzv olan ölkələrə maliyyə ayrıldığını aşkar etdi. Bütün bu məsələləri siyasətçilər uzun illərdir gündəmə gətirirdi, ictimaiyyət arasında müzakirələr gedirdi. Nəticədə Britaniya xalqı Avropa İttifaqından çıxmaq qərarını verdi”.

    Türkiyəli mütəxəssis qeyd edib ki, Britaniyanın Avropa İttifaqından çıxması qərarı hər iki tərəf üçün itkidir: “Təbii ki, Britaniyanın bu addımı Avropa ölkələrini mövcud olan bir sıra iqtisadi problemlərlə üz-üzə qoyur. Lakin Avropa İttifaqı zaman çərçivəsində bu problemi aşa biləcək. Bundan ən çox çox sıxıntı çəkəcək tərəf isə Britaniya olacaq. Bu çətinliklər həm siyasi, həm də iqtisadi baxımdan özünü daha qabarıq şəkildə göstərəcək. Bu vaxta qədər Şotlandiya və Şimali İrlandiya kimi ölkələrin insanları Avropa İttifaqının tərkibindəki bir ölkənin vətəndaşları olduğudan İngiltərəyə bağlı idilər. Bundan sonra isə bu ölkələrin İngiltərə ilə bərabər hərəkət edib-etməyəcəkləri sual altındadır”.

    M.Kaya Britaniya kimi digər Avropa ölkələrinin də belə bir cəsarətli qərar qəbul edə biləcəyini düşünmür: “Britaniya ABŞ kimi müstəmləkə siyasəti yürüdən ölkə olduğundan onu cəsarətləndirən də bu xüsusiyyətidir. Digər Avropa ölkələri isə Britaniya kimi dünyada hakim mövqedə olmadıqlarından bunu bacarmazlar. Ən çox Şimali İrlandiya, Şotlandiya kimi ölkələri Britaniyadan qoparmaq planları üzərində səy göstərilə bilər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi